Müxalifət hakimiyyətdən ümidini tam üzməyib

Taliyət Əliyev: "Zənnimcə, bu il siyasi məhbusların azadlığı istiqamətində addımlar atacaq"

Gülağa Aslanlı: "Hökumət xalqın istəyinə uyğun olaraq bəzi dəyişikliklərə rəvac verməlidir"

2015-ci ildə hakimiyyətin demokratik islahatlara start verib-verməyəcəyi cari ilin ilk günündən ciddi müzakirə predmetnə çevrilib. Siyasilərin bir çoxu müəyyən dəyişikliklərə ümid etsə də, ötən ilin nticələrindən çıxış edərək müsbət mənada hər hansı irəliləyişin olmayacağını iddia edənlər də yox deyil.

Bununla bağlı “Hürriyyət”ə açıqlama verən ADP sədrinin müavini Taliyət Əliyev öncə ötən ilin reallıqlarına diqqət çəkdi: "Ötən ili Azərbaycanda demokratiya sahəsində çox ciddi geriləmələrlə başa vurduq. Vəziyyət o həddə qədər gəlib çatıb ki, Azərbaycan Qərb və Avropa ilə üz-üzə dayanıb. Qərbin və Avropanın təzyiqlərinə baxmayaraq, Azərbaycan hökuməti beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərin implementasiyası istiqamətində heç bir addım atmır. Belə bir vəziyyətdə ölkədə siyasi islahatların aparılacağına ilk baxışdan ümid etmək olduqca çətindir. Amma dünyada və regionda baş verən hadisələri, o cümlədən dünya bazarında neftin qiymətinin durmadan aşağı düşməsini nəzərə alsaq, Azərbaycan hökumətinin Qərbin və Avropanın təzyiqləri qarşısında duruş gətirmək immunitetinin zəifləyəcəyi qənaətinə gəlmək olar. Digər tərəfdən Azərbaycan hökumətinə daha ciddi təzyiq etmək üçün Qərbin və Avropanın əlinə daha bir şans düşüb. Bildiyimiz kimi bu ilin yayında Azərbaycanda birinci Avropa Oyunları keçiriləcək. Azərbaycan hökuməti bu tədbiri yüksək səviyyədə keçirmək üçün külli miqdarda vəsait xərcləyir. Hökumət bu cür beynəlxalq səviyyəli tədbirlərdən maddi dividentlərlə bərabər siyasi dividentlər də götürür və götürmək istəyir. Artıq Bakıda keçirilməsi nəzərdə tutulan birinci Avropa Oyunlarının boykot olunmasına çağırışlar səslənir. Sözsüz ki, belə bir tədbirin ölkəmizdə baş tutması cəmiyyət olaraq hamımız üçün xeyirlidir. Bu cür tədbirlərin özü də cəmiyyətimizin Avropaya inteqrasiya olunmasına kömək edir, ölkəmiz təbliğ olunur, ölkədə turizm inkişaf edir və s. Bu oyunların boykot olunması istər hökumət üçün, istərsə də cəmiyyət olaraq bizim üçün arzuolunan deyil. Hesab edirəm ki, hakimiyyət də bunun fərqindədir və ən azı bu oyunların Avropa tərəfindən boykot olunmaması naminə məcburi gedişlər edəcək və siyasi məhbusların heç olmasa əksəriyyətinin azadlığa buraxılması istiqamətində addımlar atacaq".

T.Əliyevin qənaətincə, bu il keçirilməsi nəzərədə tutulan parlament seçkiləri də demokratik dəyişiklikləri zəruri edir: "Daha bir ciddi hadisə isə payızda keçirilməsi nəzərdə tutulan parlament seçkiləridir. Böyük ehtimalla Qərb və Avropa bu gün əlində olan təsir rıçaqlarından istifadə edərək Azərbaycan hakimiyyətindən bu seçkilərin ən azı yarımdemokratik qaydada keçirilməsi barədə təminat alacaq. Belə olacağı təqdirdə ölkəmizdə müsbətə doğru siyasi dəyişilmələrin şahidi olacağıq.

Qərblə Rusiya qarşıdurmasını da nəzərdən qaçırmaq olmaz, bu qarşıdurmadan da çox şey asılı olacaq. Arzu edərdik ki, bu qarşıdurma fonunda Azərbaycan siyasi təlatümlərə sürüklənməsin, ölkəmizin maraqları naminə hakimiyyət özündə siyasi iradə tapıb rasional addımlar atsın".

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı da hesab edir ki, beynəlxalq aləmdə baş verən olaylar Azərbaycanda demokratik islahatların həyata keçirilməsini zəruri edir: "Dəyişikliklərin baş verməsi, siyasi-iqtisadi islahatların olması yalnız Azərbaycanda baş verən vəziyyətlə bağlı deyil. Avropada, dünyada baş verən hadisələr fonunda Azərbaycanda da dəyişikliklərin baş verməsi labüddür. Dünya bazarında neftin qiymətinin aşağı düşməsi, Ukrayna və Rusiya arasındakı münasibətlərin tənzimlənməsi istiqamətində Qərbin Rusiyaya etdiklərinin bir hissəsi hesab oluna bilər. Bu baxımdan Ukraynadakı vəziyyətin normallaşması Azərbaycanda da bəzi dəyişikliklərə səbəb ola bilər. Bu, gözləniləndir.

Bu il Azərbaycanda parlament seçkiləri keçiriləcək. Hesab edirəm ki, bu seçki ilində hökumət xalqın istəyinə uyğun olaraq bəzi dəyişikliklərə rəvac verməlidir. Olacaqsa, bu, təbbi ki, müsbət bir addım kimi təqdir ediləcək. Olmayacaqsa, siyasi partiyalar, əhalinin hakimiyyətdən narazı olan hissəsi, hansı ki, bu hissə əhalinin əksəriyyətini təşkil edir, öz sözünü demək üçün yəqin ki, müəyyən addımlar atmalı olacaq".

Şamil Əlibəyli