Müxalifət fəalı və həyat yoldaşı işdən azad edilib

Müxalifətdə olan AzərbaycanXalq Cəbhəsi Partiyasının (AXCP) Neftçala rayon (Bakıdan 169 kilometr cənub) təşkilatının sədri Əflatun Əhmədli və həyat yoldaşı Ülkər Əhmədli müəllim işlədikləri məktəblərdə işdən azad ediliblər.
Əhmədli bu qərarın siyasi motivli və onun müxalif fəaliyyəti ilə bağlı olduğunu düşünür. O, Turan-ın müxbiri ilə söhbətində bildirib ki, aprelin 25-də rayon təhsil şöbəsinə çağırılıb, burada ondan Bakıda müxalifətin 8 aprel mitinqində iştirak edib etmədiyini soruşublar.
“Mən iştirak etmədiyimi dedim, amma məndən izahat yazmağı tələb etdilər və mən imtina etdim. Sonra AXCP sıralarından çıxmağı tələb etdilər və mən yenə imtina etdim.
Bundan sonra məni və həyat yoldaşımı Əmək Məcəlləsinin 70-ci maddəsi ilə, yəni əmək müqaviləsinin tələblərini pozmaq ittihamı ilə işdən azad etdilər”, deyə Ə.Əhmədli bildirib.
O, Mayak kəndində 1 nömrəli məktəbdə fizika müəllimi işləyirdi, həyat yoldaşı isə Neftçala şəhərinin 3 nömrəli məktəbində rus dili dərsi deyirdi.
Əhmədli işdən çıxarılmasının səbəbinin uydurma olduğunu, əsl məqsədin onu siyasi fəaliyyətinə görə cəzalandırmaq olduğunu hesab edir.
Sözügedən məktəblərin direktorları şərh verməkdən çəkiniblər və rayon təhsil şöbəsinə müraciət etməyi tövsiyə ediblər.
Rayon təhsil şöbəsinin müdiri Əjdər Kərimov Turan-a bildirib ki: “Bu qərar hər iki məktəbin pedoqoji şuralarının, həmkarlar ittifaqlarının mövqeyi əsasında verilib və təhsil şöbəsi də bunu əsaslı sayıb. Hər iki şəxsin məktəbdə müəllimlikdən azad olunmasına bir neçə səbəb olub. Həm əmək intizamını pozublar, həm məktəbdə siyasi loyallıq prinsipinə əməl etməyiblər, həm hakimiyyət əleyhinə danışıblar, halbuki, siyasi baxışlar məktəbdə ifadə edilə bilməz, bundan kənarda olmalıdır. Belə prinsiplərə əməl etmədilər, nəticədə də məktəblər bu qərarı verməli oldular”.