​Müxalifət fəalı Ceyhun Mehdiyev döyülüb

ADP fəalı Ceyhun Mehdiyev dünən naməlum şəxslər tərəfindən döyülüb. Belə ki, Ceyhun Mehdiyev axşam saatlarında yaşadığı ünvana piyada getdiyi zaman 2-3 nəfər idmançı görkəmli şəxslər ona yaxınlaşaraq niyə görə Milli Şuranın bu günkü mitinqlə bağlı insanlar arasında təbliğat apardığını və insanları mitinqə cəlb etdiyini soruşaraq onu nalayiq ifadələrlə təhqir etməyə başlayıblar. Onların bu hərəkətlərinə reaksiya verən ADP fəalına qarşı həmin şəxslər hücum edərək döyməyə başlayıb, onu təhqir edərək bildiriblər ki, “aksiyalara qoşulacağın halda başına oyun açacağıq, digər dostların kimi səni də şərləyib türməyə soxacağıq”.
Onlar həmçinin ADP fəalından mitinqlərə qoşulmamağı, təmsil olunduğu partiyadan istefa verməyi tələb ediblər. Baş vermiş hadisənin səs-küyünə ətrafda olan insanlar gələrək ADP fəalını həmin şəxslərin zorakılığından xilas ediblər. Hadisə yerinə toplaşan insanların çoxluğunu görən həmin şəxslər qaçaraq hadisə yerindən uzaqlaşıblar. Hava şəraiti qaranlıq olduğuna görə həmin şəxslərin kimliyini müəyyən etmək mümkün olmayıb.
ADP fəalına qarşı törədilən zorakılıq sözsüz ki, hakimiyyət orqanlarının siyasi sifarişi əsasında həyata keçirilib. Çünki, ölkədə olan mövcud rejim zaman-zaman müxalifət düşərgəsinin aktiv üzvlərinə, o cümlədən ADP fəallarına qarşı bu cür iyrənc metodlardan istifadə edib.
Xatırladaq ki, Ceyhun Mehdiyev Milli Şuranın 23 sentyabr tarixli mitinqində aktiv iştirak etdiyinə görə polis idarəsinə çağırılaraq orada qanunsuz olaraq 1 sutka saxlanılmış, təqib, təzyiq və işgəncələrə məruz qalmış və mitinqlərə qoşulacağı halda həbs olunacağı ilə bağlı təhdid olunmuşdu.
Sözsüz ki, Ceyhun Mehdiyevə qarşı törədilən bu özbaşınalıq onun siyasi mənsubiyyəti və mitinqlərdə aktiv iştirakı ilə bağlıdır. Hakimiyyət orqanlarının müxalif fəallara qarşı bu cür qanunsuz və özbaşına hərəkətlərinin məqsədi insanlarda xof yaratmaq onları siyasi fəaliyyətdən və mübarizədən çəkindirməkdir. Bu cür metodlar effekt verməyəndə isə müxalifətçi fəalların ya cibinə narkotik atır ya evindən silah “çıxarır” ya da başqa bir qondarma və saxta ittihamla həbsə atır. Necə ki, bu gün yüzlərlə müxalifət fəalı hakimiyyətin qondarma, saxta ittihamları ilə türmələrdə çürüyür.