“Müxalifətə “etiraz elə”, polisə “dəyənəyi yığışdır” deyirdi” - DEPUTAT

Baxış sayı:
1998

"Hər bir dövlətin öz inkişaf mərhələləri var və o inkişaf mərhələlərində Azərbaycan kimi müstəqilliyini qazanan, lakin böyük problemlərin içərisində olan bir məmləkətdə fürsətcil insanlar, dövlətin yüksək səviyyəsinə gəlib çataraq, yüksək məmur statusunu əldə edərək ondan dövlətin və xalqın deyil, öz korporativ maraqlarına xidmət etməyi və bunun üçün çarpışan, vuruşan, hər kəsi əzməyi bacaran insanlar da var. Bu insanlar millətin, dövlətin zəif və xam vaxtı hakimiyyətin müəyyən qollarında oturmuşdular". 

"Qafqazinfo" xəbər verir ki, bu fikirləri Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı "Space TV"də yayımlanan "Gərgin saat" verilişində qonaq olarkən deyib.

Deputat qeyd edib ki, həmin şəxslər şəbəkə idilər və islahatlar nəticəsində vəzifədən uzaqlaşdırıldılar:

"Mən deyərdim ki, onlar xərçəng kimi şəbəkələşmişdilər. Ölkənin bütün strukturlarında onların ən yaxın adamları var idi və bu, piramida idi. Rüşvət alan rüşvət alırdı, xalqı əzən xalqı əzirdi. Müxalifətə deyirdi sən get etiraz elə. Müxalifətə mövzu verirdi. Dərhal sifariş gəlirdi ki, müxalifət çəkil geri. Polisə də deyirdi ki, dəyənəyi yığışdır. Məqsəd isə ölkənin idarəçiliyində həlledici adam olmaq idi. Açıq şəkildə desək, ölkə prezidenti bütün bu islahatları elədi. Dediyimiz amillər aradan qaldırılmasaydı, bu islahatlar heç bir effekt verməyəcəkdi.  Ona görə də islahatlara başlanıldı və islahatların dərinləşməsi üçün şəbəkələşmiş məmurların başında duranlar uzaqlaşdırıldı. İndi onların şəbəkələrini qara maskalı, ağ niyyətli oğullar aradan qaldırır və bu, sonuncu deyil".