“MÜXALİFƏT DÖVLƏT ÇEVRİLİŞİNƏ CƏHD ETDİ…” – “Saakaşvilini hakimiyyətə gətirirdilər”

Baxış sayı:
7504

Deputat: “Biz reallıqları görürük, 2020-ci ildə koalisiya hökuməti qurula bilər”

“AzPolitika.info” Gürcüstanda son həftələr baş verən etiraz mitinqləri, istefalar, növbədənkənar seçki tələbi, Moskva ilə münasibətlər və digər məsələləri Gürcüstan parlamentinin deputatı, hakim “Gürcü Arzusu” Partiyasının funksioneri Mahir Dərziyevləmüzakirə edib.

Müsahibəni təqdim edirik:

- Mahir müəllim, Tbilisi son həftələr yenidən siyasi proseslər baxımından Cənubi Qafqazın ən qaynar nöqtəsinə çevrilib. Hazırda Gürcüstanda baş verən siyasi proseslərin pərdəarxası məqamları nədən ibarətdir?

– Tbilisidə Beynəlxalq Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) toplantısı keçirilib. Rusiyadan olan deputat Sergey Qavrilov Gürcüstan parlamentinin sədrinin kürsüsündə əyləşib. Nəzərə alın ki, Gürcüstan parlamentli respublika olduğundan ölkədə spikerin kürsüsü ən ali kürsü hesab olunur. Həmin kürsüdə Rusiyadan gələn deputat əyləşib. Bu protokol xətası, təşkilatçıların səhlənkarlığı nəticəsində olsa da, belə bir fakt baş verib. Bu da gürcü cəmiyyətinin əsaslı narazılığına və etirazına səbəb olub. Gürcüstan ərazilərinin 20 faizini işğal edilib, Rusiya separatçı Abxaziya və Osetiyanın “müstəqilliyini” tanıyıb, Gürcüstana qarşı əsassız siyasət aparır. Cəmiyyətin baş verənlərə etirazı ölkə müxalifəti tərəfindən fərqli istiqamətə yönləndirilib. Konstitusiya hüququndan istifadə edərək parlament qarşısına toplaşan gəncləri Vahid Milli Hərəkat Partiyası və Gürcüstan Avropa Partiyası özlərinin siyasi maraqları üçün istifadə edib. Beləcə, aksiyanın məcrası dəyişib. Qısa müddət ərzində parlamentin binasını tutmağa, konstitusiya quruluşunun dəyişdirilməsinə cəhd edilib. Yəni açıq dövlət çevrilişi idi. Bəzi xəbərlərə görə, parlamentin binası zəbt edildikdən sonra dövlətin digər siyasi strukturlarının tutulmasına cəhd olunacaqdı. Gürcüstan hüquq-mühafizə orqanları buna yola verə bilməzdi. Polis parlamentin zorla tutulmasının qarşısı alıb və bu zaman adekvat güc tətbiq olunub.

- İddia etdiyiniz kimi, dövlət çevrilişi baş tutsaydı hakimiyyətə hansı qüvvə gələcəkdi?

– Burada gizli bir şey yoxdur. Bu proseslərin ssenarisini yazan Vahid Milli Hərəkat Partiyası, onun liderləri idi. Bundan əvvəl isə bu partiya parçalanıb və Avropa Partiyası yarandı. Amma mahiyyət etibarı ilə bu iki partiya eyni siyasi təşkilatdır. Sadəcə taktiki addımlar atılıb, Saakaşvilinin adı çox bədnam olduğundan ayrılma görüntüsü yaradılıb. Yəni hakimiyyəti bunlar ələ almaq istədilər. Son nəticədə dövlət çevrilişinə cəhd baş tutmadı. Əgər baş tutsaydı Mixail Saakaşvili hakimiyyətə gətiriləcəkdi.

- Hazırda Gürcüstan-Rusiya münasibətlərində yenidən gərginlik müşahidə olunur. Bu gərginlik hara aparır?

– Əvvəla, qeyd edim ki, məlum hadisədən sonra Gürcüstan parlamentinin sədri istefaya getdi. Aksiyanın dağıdılmasında və parlamentə hücumun qarşısının alınmasında iştirak edən polislərdən bir qismi haqqında cinayət işi açıldı və s. Bundan sonra Rusiya tərəfi guya rus turistlərin təhlükəsizliyinin təminatı olmadığına görə iyulun 8-dən Gürcüstana uçuşları dayandırıb. Eyni zamanda Rusiyanın turizm şirkətlərinə Gürcüstana olacaq turlarını ləğv etməsi üçün göstəriş verilib. Yəni məsləhət görmürlər ki, ruslar Gürcüstana gəlsinlər. Bəhanə də odur ki, Gürcüstanda rus turistlərin təhlükəsizliyinə zəmanət yoxdur. Ancaq bu siyasi sanksiyadır. Sonradan Rusiya xarici işlər nazirinin müavini Karasin bəyan etdi ki, zaman-zaman Rusiyaya qarşı düşmən münasibət bəsləyən ölkələrə qarşı sanksiyalar tətbiq ediblər. Açıq deyim ki, bu addım bizim ölkəmizin iqtisadiyyatı üçün xoşagələn hadisə deyil. Bizim ölkəmizə gələn turist sayına görə, Azərbaycan və Rusiya öndə gedir. Statistik rəqəmlərə görə, Rusiya birinci yerdədir və rus turistlərdən 500 milyona qədər gəlirlərimiz olur. Bu sanksiyalar artıq fəaliyyət göstərir və faktiki aviasiya uçuşları dayandırılıb. 2 gün əvvəl isə ortaya yeni qalmaqal çıxıb. Gürcüstanda söz və fikir azadlığının, demokratiyanın yüksək standartları var. “Rustavi-2” televiziya kanalının aparıcısı Georgi Qabuniya iyulun 8-də Rusiya Prezidenti Vladimir Putini təhqir edib. Heç bir jurnalistə etika kodeksi imkan vermir ki, efirdə belə çıxış etsin.

- Sizcə, bu bir jurnalistin öz fikirlərini emosional formada ifadəsi idi, yoxsa düşünülmüş addım?

– Əslində bu jurnalistin efir xuliqanlığı deyil, çox düşünülmüş siyasi təxribatdır. Biz hakimiyyət olaraq bu kanalın təxribatına reaksiya verməyə bilməzdik. Gürcüstan parlamentinin sədri, baş nazir, prezident bəyanat verərək baş verənləri pislədi, bunu təxribat kimi qiymətləndirdi, Gürcüstana təhdidlərin artmasına, ölkə təhlükəsizliyinə qarşı nəzərdə tutulan addım saydılar, habelə bizim Rusiyada olan diasporamızın fəaliyyəti üçün xoşagəlməyən hadisə hesab olundu. İndi, biz, baş verən təxribatı pisləyəndə ənənəvi müxalifət bizi ruspərəst kimi təqdim edir. Digər tərəfdən, bunların məqsədi Gürcüstana Rusiyanın yeni sanksiyalar tətbiq etməsinə nail olmaq, Gürcüstan-Rusiya münasibətlərini pozmaq, ölkə iqtisadiyyatına zərbə vurmaq, cəmiyyətdə qarşıdurma və nifrət hissi yüksəltmək və istədikləri planları həyata keçirməkdir. Yəni faktiki olaraq müxalifət öz ölkəsinə müharibə elan edib.

- Siz indiki Gürcüstan hökumətinin ruspərəst olmasını təkzib edirsiniz?

– Biz 2012-ci ildə hakimiyyətə gələndə Gürcüstan-Rusiya münasibətləri bərbad vəziyyətdə idi. 2008-ci ildə Saakaşvilinin “uzaqgörənliyi” səbəbindən avqustda Rusiya-Gürcüstan müharibəsi başladı, biz torpaqlarımızı itirdik, qaçqın düşərgələri meydana çıxdı. Biz hakimiyyətə gələndə Gürcüstandan Rusiyaya kənd təsərrüfatı məhsulları buraxılmırdı, ağır viza rejimi mövcud idi. Biz 2012-ci ildə seçkiyə gedəndə vəd etmişdik ki, Rusiya-Gürcüstan münasibətlərini normallaşdırmaq üçün əlimizdən gələni edəcəyik.

- Axı bu necə ola bilər, Rusiya sizin əraziləri işğal etməyibmi, ərazilərinizdə qurulan saxta dövlətlərin müstəqilliyini tanımayıbmı?

– Bizim qanunlara görə, Rusiya işğalçıdır, bizim torpaqlarımızı işğal edib. Biz “İşğal haqqında” Qanun qəbul etmişik. Bu qanun əsasında işğal edilmiş ərazilərə Gürcüstan üzərindən getməyənlər məsuliyyətə cəlb edilir, həm də digər tədbirlər görülür. Yəni işlək bir qanun mexanizmi yaradılıb. Amma biz qısa müddətdə viza rejiminin yüngülləşdirilməsinə nail olduq. Əvvəllər Rusiyada yaşayan şəxs ancaq Gürcüstanda yaşayan qohumlarını dəvət edə bilərdi. Yəni ağır viza rejimi tətbiq olunurdu. Bizim Rusiyada yaşayan böyük gürcü diasporasına faktiki problem yaradılırdı, humanitar fəaliyyətin qarşısı kəsilirdi və s. Biz bunun yüngülləşdirilməsinə nail olduq. Rusiya bazarına Gürcüstanın kənd təsərrüfatı məhsulları daxil oldu. Bizim iqtisadiyyatımızın önəmli qismini şərabçılıq təşkil edir. Bizə qədər gürcü şərablarının Rusiyaya daxil edilməsi qadağan edilmişdi, amma biz bu məhsulların Rusiyaya idxalına nail olduq. Eləcədə digər məhsulların. Rusiya Gürcüstanın xarici ticarət əlaqələrində çox önəmli yer tutur. Bu gün Gürcüstana ən çox turist Azərbaycan, Rusiya və Türkiyədən gəlir. Turizm bizim iqtisadiyyatımız üçün çox əhəmiyyətlidir. Biz normal münasibətlərin yaranması üçün əlimizdən gələn hər şeyi etdik. Sakaaşvili vaxtında müxtəlif çağırışlar, pafoslu şüarlar səslənirdi, biz isə münasibətlərə ayrı müstəviyə gətirdik. 2008-ci ilin avqustundan sonra Gürcüstan və Rusiya arasında diplomatik əlaqələr faktiki yoxdur. Belə şəraitdə iki qonşu ölkə arasında dövlətlərarası münasibətlər, gəliş-gediş və digər məsələlərin müzakirəsinə ehtiyac olur. Biz Gürcüstanın Rusiya üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze ilə Rusiya xarici işlər nazirinin müavini Karasina arasında Cenevrədə görüş formatına nail olduq. Bir növ praqmatik siyasət müstəvisi açdıq. Bu müstəvidə bizim işğal edilən ərazilər deyil, konkret gündəmdə olan məsələlər müzakirə edilir. Məsələn, Rusiya-Gürcüstan sərhəddində yaranan problemlərin müzakirəsi, humanitar məsələlər, girovların qaytarılması məsələləri bu formatda müzakirə edilir. Biz əlimizdən nə gəldisə elədik. Onu da qeyd edim ki, gürcü cəmiyyətində Rusiya ilə münasibətlərin yaxşılaşdırılması üçün sosial sifariş var.

- Bu sosial sifarişin səbəbi nədir?

– Bunun bir sıra tarixi kökü var. Rusiya pravoslav ölkəsidir. Bu iki ölkə arasında tarixən böyük əlaqələr olub, Rusiyada böyük gürcü diasporu yaşayır və s. Bu amillərə görə bizim seçicilərimiz, cəmiyyət Rusiya ilə münasibətləri yaxşılaşdırmağı vacib sayır.

- Bəs işğal edilən ərazilər, Gürcüstan torpaqlarında yaradılan separatçı rejimlər?…

– Bu məsələlərdə bizim hökumətimiz prinsipial mövqeyini qoruyub saxlayıb. Rusiya Gürcüstan torpaqlarını işğal edib, işğalçı ölkədir. Bizim ölkədə “İşğal haqqında” Qanun işləyir. Bu mənada guya bizim hökumətin ruspərəst olması ittihamları çox əsassızdır. Biz praqmatik siyasət aparırıq. Bunun xaricində başqa marağımız yoxdur… Bizim ölkəmiz Avro-Atlantik məkana inteqrasiya edəcəyini açıq elan edib. Avropa İttifaqı ilə assosiativ saziş imzalanıb, NATO istiqamətində irəliyə addım atılır.

- Gürcüstan parlamentdə baş verən son qalmaqal sizin hökumətin nüfuzdan düşdüyünə açıq işarə deyilmi?

– Təbii ki, biz bəzi reallıqları bölüşürük. Son hadisələrdən ən çox ziyan çəkən iqtidardır, hakimiyyət partiyasıdır. Elə ən çox itirən də biz olduq. Müəyyən reallıqlar var. Biz 2012-ci ildə hakimiyyətə gəlmişik və 2016-cı ilə qədər “Gürcü Arzusu” populyarlığın pik nöqtəsində olub. Ötənilki prezident seçkiləri komanda daxilində təhlil edilib, bundan da müəyyən nəticələr çıxarılıb. Ancaq mən deməzdim ki, bizim müəyyən qədər nüfuzdan düşməyimizlə paralel Milli Hərəkat Partiyasının və Sakaaşvilinin reytinqi yüksəlib. Bizimlə bağlı obyektiv və subyektiv əsaslar var. Elektoratın müəyyən hissəsi bizdən inciyib. Bunun əsas səbəbi iqtisadi vəziyyətlə bağlıdır. Biz yeni iş yerlərinin açılması, sosial-iqtisadi durumun düzəldilməsi üçün çox şeylərə nail ola bilməmişik. Sözsüz ki, sosial, iqtisadi sahədə böyük addımlarımız da olub. Sadəcə bu sahədə xalq bizdən daha çox şeylər gözləyir. Biz də gözləntiləri həyata keçirməyə çalışırıq. Bununla belə, cəmiyyətin böyük əksəriyyəti məhz “Gürcü Arzusu”na etimad göstərir, bizə inanır, bizə səs verir. Mayda bələdiyyə seçkilərində əzici üstünlüklə yerlərdə qalib gəldik, əksər şəhərlərdə mer seçkilərini udduq. Bu da göstərir ki, əhalinin böyük əksəriyyəti bizə etimad göstərir.

- Ancaq analitiklər hesab edirlər ki, indi seçkilər keçirilsə, müxalifət sizi məğlub edəcək…

– Mən bunu deyənlərin hansı arqumentlərə əsaslandığını bilmirəm. Bu gün rəy sorğularının keçirilməsi Gürcüstanda adi haldır. Müxtəlif institutlar rəy sorğuları keçirir. Pulu kim verirsə, kimə hansı məqamları öyrənmək lazımdırsa, onu öyrənirlər. 2012-ci il parlament seçkiləri ərəfəsində keçirilən rəy sorğularında Saakaşvilinin qalib gələcəyi qeyd olunurdu. Ancaq biz həmin seçkiləri udduq. İndi də müxtəlif təşkilatlar şübhəli nəticələr ortaya qoyan rəy sorğuları keçirir. Şəxsən mən onların çoxuna inanmıram. Ancaq mötəbər və peşəkar təşkilatların keçirdiyi rəy sorğuları bunun əksini göstərir. Yəni rəqiblərimizin bizə qalib gəlmək şansı real sosioloji sorğularda öz əksini tapmır.

- 2020-ci ildə Gürcüstanda parlament seçkiləri keçiriləcək. Növbəti seçkidə “Gürcü Arzusu”nun tarixə çevriləcəyi, sizin hakimiyyətdən gedəcəyinizin işartılarını görürsünüzmü?

– Biz 2016-cı il parlament seçkilərində rəqiblərimizin üzərində ciddi qələbə qazandıq, konstitusiya çoxluğu əldə etdik. İndi ola bilsin ki, 2020-ci il parlament seçkilərindən sonra koalisiya hökuməti qurulsun. Yəni 2020-ci il seçkilərindən sonra koalisiya hökuməti variantı ortaya çıxa bilər. Biz bu reallığı görürük. Amma bizim rəqiblərimizin qalib gəlmək və təkbaşına hökumət qurmaq şansı sıfıra bərabərdir.

- Hazırda Gürcüstanda etiraz aksiyaları davam edir və parlament sədrindən sonra daxili işlər nazirinin istefası tələb edilir. Hökumətdən yeni istefalar gözlənilirmi?

– Parlament sədri yüksək intellektual, təşkilatçı və perspektivli siyasətçidir. O, məsuliyyətini dərk edərək istefaya getdi. Aksiyaçıların digər tələbi həbs edilənlərin azad edilməsidir. Onların da böyük əksəriyyəti azad edilib. Bu gün aksiyalar olsa da, çox zəifdir. Söhbət minlərdən deyil, yüzlərlə insanın aksiyasından gedir. Onlar daxili işlər naziri Georgi Qaxariyanın istefasını tələb edirlər. Bizim komandanın mövqeyi belədir ki, nazir və ölkə polisi qanuni vəzifəsini yerinə yetirərək dövlət çevrilişinin qarşısını alıb. Belə şəraitdə daxili işlər nazirinin istefası gündəmdə ola bilməz.

- İndi gürcü mediasında baş nazirin özünün istefaya göndəriləcəyi, yerinə sabiq səhiyyə nazirinin gələcəyini yazırlar. Yeni hökumət qurulacağı haqda anonslar realdırmı?

– Sabiq səhiyyə naziri bizim ən uğurlu nazirlərdən biridir. Hazırda baş nazirin müşaviridir. Qeyd edim ki, indi nə parlament çoxluğunda, nə də hökumətdə baş nazirin dəyişəcəyi, başqa nazirlərin istefaya gedəcəyinə dair müzakirələr getmir. Normalda belə hallar parlament çoxluğu olan partiya daxilində müzakirə edilir. İndi belə bir müzakirələr aparılmır. Yəni komanda daxilində bununla bağlı məsləhətləşmə yoxdur.