Müxalifət Bakıda keçiriləcək “Çelsi” - “Arsenal” mübarizəsini izləyəcək? – KİM BİLET ALIB, KİM MARAQ GÖSTƏRMİR...

Baxış sayı:
9346

Əli Əliyev:“Azərbaycanın belə oyunlara ev sahibliyi etməsi onun beynəlxalq reputasiyasına təsir göstərir”
Elşad Musayev: “Avropa oyunları keçirməkdənsə, bu tipli oyunların burada keçirilməsi daha maraqlıdır”
İsgəndər Həmidov: “Mən ora gedib kimə baxacam?”
Əhməd Oruc: “Azərbaycan hakimiyyəti görməli olduğu işləri görmür”

Bildiyimiz kimi, mayın 29-da Bakı Olimpiya Stadionunda futbol üzrə UEFA Avropa Liqasının final oyunu çərçivəsində “Çelsi” və “Arsenal” mübarizə aparcaq. Final oyununu izləmək üçün ölkəmizə 100-dən artıq ölkədən 40 minə yaxın azarkeşin gələcəyi gözlənilir.
Bakı Olimpiya Stadionunun (BOS) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Qarayevin mətbuata açıqlamasına görə final oyununa biletlərin hamısı satılıb.
Bilirik ki, futbol həm də siyasətin içində olan bir oyundur. Bakı böyük idman yarışlarına ev sahibliyi etdiyi və heç bir təhlükəsizlik problemi olmadığı halda “Liverpul”un baş məşqçisi Yurgen Kloppun “Avropa Liqası finalının Bakıda keçirilməsi gülməlidir” deməsi, eyni zamanda Böyük Britaniya Xarici İşlər Nazirliyinin öz vətəndaşlarına terror xəbərdalığı da bunun əyani sübutudur. Bu baxımdan, “Hürriyyət” siyasətçilərin UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsinə münasibətini öyrənməklə yanaşı, onların bu matçı izləmək üçün bilet alıb-almamaları ilə də maraqlanıb.
 
“Avropanın ikinci ən böyük klub yarışmasının finalını Bakıda izlmək maraqlı olardı”
 
Mayın 29-da UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı REAL Partiyasının icra katibi Natiq Cəfərli “Hürriyyət”ə dedi ki, əvvəl bu matçı izləmək üçün bilet almaq fikri olub: “Belə bir fürsəti qaçırmaq istəmirdim. Təbii ki, Avropanın ikinci ən böyük klub yarışmasının finalını Bakıda izlmək maraqlı olardı. Amma ola bilsin mayın 29-da Bakıda olmayım. Çünki bir səfər planlaşdırıram. Ona görə də bilet almamışam, stadionda izləmək imkanım olmayacaq, amma televiziyadan mütləq izləyəcəm”.
 
“Final oyununun Bakıya salınması doğru qərar idi”
 
“Nə qədər qəribə səslənsə də, onu deyim ki, bu günə qədər idman sahəsində Azərbaycan hökumətinin atdığı ən doğru addımdır. Çünki Avropa və yaxud İslam oyunları kimi idman tədbirlərinə lazımsız yerə 100 milyonlarla dollar vəsait xərcləndi, bunun bir effektini görmədik. Amma futbol daha maraqlı idman sahəsidir. Həm də burada final oyununun keçirilməsinə əlavə ciddi bir xərc tələb olunmur. Çünki artıq Olimpiya stadionu var və bu oyun da orada keçiriləcək. Yəni infrastrukturla bağlı əlavə xərclərə ehtiyac yoxdur. Ona görə də belə bir final oyununun Bakıya salınması doğru qərar idi. Məhz ölkənin tanıtımı, turizim nöqteyi-nəzərindən də doğru atılmış addım olacaq.
 
Xatırlayırsınızsa, bundan 3 il öncə Tiflisdə belə bir oyun keçririlmişdi. Tiflisə 60 minə yaxın ətraf ölkələrdən və xaricdən turist gəlmişdi. Gürcüstan hökumətinin verdiyi rəsmi məlumata görə, həmin 3 günlük bir oyunun keçirilməsi nəticəsində Gürcüstanın turizim sektrounda çalışan şirkətləri 80-85 milyona yaxın vəsait qazanmışdılar. Yəni bu nöqteyi-nəzərdən belə bir idman yarışının Bakıda keçirilməsi məncə, doğru yanaşmadır. Cəmi 3 gün cəkəcək vaxtda Bakıda ajiotaj olacaq, amma gəlirliliyi digər idman yarışlarından daha üstündür”,-deyə Cəfərli vurğuladı.
 
“Mən matçın Bakıda keçirilməsinə müsbət baxıram”
 
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də dedi ki, o, bu matçın Bakıda keçirilməsinə müsbət baxır: "Çünki Azərbaycanın belə oyunlara ev sahibliyi etməsi onun beynəlxalq reputasiyasına təsir göstərir. Müasir futbol dünyada nəinki idman, həm iqtisadiyyatı, həm də siyasəti əhatə edir. Ona görə, belə hadisələr müsbət hadisələrdir.
 
Bilet almamışam, bu barədə fikirləşməmişəm. Çünki bilmirəm, həmin gün boş olacam, yoxsa yox, amma ola bilər ki, gedim tamaşa edim”.
 
“Televiziyada baxmaq daha rahatdır”
 
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev da bilet almadığını bildirdi: “Amma futbol azarkeşiyəm, cavanlıqda çox yaxşı futbol oynamışam. Hər halda, televiziyada baxmaq daha rahatdır. Ona görə bilet almamışam”.
 
“Futbol yarışı siyasətin mərkəzi yarışlarından hesab olunur”
 
“Bu oyunun burada keçirilməsi normaldır. Avropa oyunları keçirməkdənsə, bu tipli oyunların burada keçirilməsi daha maraqlıdır. Çünki dünyanın diqqətində olan oyunlardır. Futbol yarışı həm də siyasətin mərkəzi yarışlarından hesab olunur. Ona görə, bu yarışın burada keçirlməsini normal qarşılayıram”,-deyə partiya sədri qeyd etdi.
 
“Vaxtilə Çemiponlar liqasında “Yuventus”un final oyunu da xeyli insan ölümünə səbəb olmuşdu”
 
“Böyük Britaniyanın Bakıda futbol yarışına gələn öz vətəndaşlarına terror xəbərdarlığı etməsini Ermənsitanın təsiri ilə olduğunu deyənlər var. Bu, mümkündürmü” sualına E. Musayev belə cavab verdi: “Böyük Britaniya elə ermənilərin dediyi ilə oturub-durmur ki. Görünür, müəyyən informasiyaları var. Həm də, ümumiyyətlə, bu tip yarışlarda müəyyən problemlər olur. İngilis fanatları da dünyada ən radikal fanatlardan hesab olunur. Vaxtilə Çemiponlar liqasında “Yuventus”un final oyunu da xeyli insan ölümünə səbəb olmuşdu. Yəqin öz vətəndaşlarına müəyyən xəbərdarlıq etmələri həm də bu baxımdandır. Həm də biz Azərbaycana Avropa desək də, onlar Azərbaycana Şərq ölkəsi kimi baxırlar. Ona görə, də konkret demək olmaz ki, Britaniyanın öz vətəndaşlarına xəbərdalığı kiminsə təsirilədir”.
 
““Arsenal”ın özünə görə azakeşlik etmək olar, amma orada Mxitaryan da var, nətəhər azarkeşlik edim?!”
 
Keçmiş daxili işlər naziri, Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov isə fərqli mövqe ortaya qoydu: “Lap yaxşı, qoy keçirilsin də, nə olacaq? Bu oyunun Bakıda keçirilməsi haqqında ən yaxşı sözü “Liverpul”un məşqçisi deyib, mən ondan gözəl söz deyə bilmərəm. Bu oyun heç kəsə də lazım deyil, özlərini göstərməkdən ötrü olan şeylərdir.
 
Nə bilet almışam, nə də getmək fikrim var. Neynirəm, mən ora gedib, kimə baxacam? İngiltərənin daxili çempionatına çevrildi, həm Avropa kubokudur, həm də Avropa çempionatıdır. İngiltərənin daxili çempionatıdır, özü də İngiltərə komandasıdır. Bir dənə “Arsenal”ın özünə görə azakeşlik etmək olar, amma orada Mxitaryanda var, nətəhər azarkeşlik edim?!
 
“Axı, bu oyun kimə lazım idi?”
 

“Belə başa düşdüm ki, bu oyunun Bakıda keçirilməsindən narazısınız” dedikdə İ.Həmidov belə cavab verdi: “Axı, o oyun kimə lazım idi? O bizə lazım idi? Sənə, xalqa o, nəsə verir?
 
“İndi Azərbaycan cəmiyyəti ilə hakimiyyət arasında böyük bir uçurum var”
 
Azadlıq Partiyasının sədri Əhməd Oruc isə qeyd etdi ki, o, futbolla 15-20 il əvvəl çox maraqlanıb: “Həm Avropa, həm də dünya çempionatını izləyirdim. Açığı, son dövrlər ciddi maraqlanmıram. Belə bir oyuna, təbii ki, baxmaq istərdim. Ancaq bu cür Azərbaycana dəxli olmayan oyunlar adətən varlı ərəb ölkələrində və yaxud futbolun inkişafı üçün böyük sərmayə yatıran ölkələrdə keçirilir. Azərbaycanda görüləsi işlər həddindən artıq çoxdur. Azərbaycan hakimiyyəti görməli olduğu işləri görmür. Bunun əvəzində müxtəlif konfranslar, çempionatlar keçirir. Guya, sivlizasiyalararası tədbirlə keçirir, bununla ictimaiyyəti aldatmağa çalışır, yanlış yerə yönəlidir. Guya ki, Azərbaycan dünyanın mədəni, idman mərkəzlərindən biridir. Azərbaycanın çoxsaylı problemləri var. Əsas diqqət ona yönəldilməlidir.
 
Azərbaycanda insanların yaşam tərzi dünyada ən geridə qalmış ölkələrin səviyyəsindədir. Azərbaycandakı rüşvət, korrupsiya dünyanın ən inkişaf etmiş korrupsioner ölkələri ilə bərabərdir. İndi Azərbaycan cəmiyyəti ilə hakimiyyət arasında böyük bir uçurum var. Bu problemlərə diqqət cəlb olunsa, daha doğru olar. Keçirirlər, keçirsinlər də, nə xüsusi etirazımız, nə də rəğbətimiz var”.
 
Hurriyyet.org