Müxalifet.az-da yenilik – HAQSIZLIQLA ÜZLƏŞMİSİNİZSƏ, BİZƏ YAZIN!

Baxış sayı:
7321

Dəyərli oxucular! Təxminən 5 il əvvəl Muxalifet.az xəbər portalını yaratmaqda məqsədimiz məhz sizlərə xidmət etmək idi. Bir çoxlarının düşündüyündən fərqli olaraq, hədəfimiz siyasi müxalifət olmaq, bu düşərgənin ruporuna çevrilmək olmayıb. Biz bu adı seçərkən, cəmiyyətdəki haqsızlığa, ədalətsizliyə müxalif olmağı, iqtidar və müxalifətə fərq qoymadan, dövlətin, millətin mövqeyinin müdafiəçisinə çevrilməyi qarşıya məqsəd qoyduq. Əlbəttə, bu ad altında fəaliyyət göstərməyin çox çətin olacağını bilirdik. Çünki Azərbaycanda, mövcud şərtlər daxilində, müstəqil media orqanı olaraq fəaliyyət göstərməyin mümkünsüz olduğu kimsəyə sirr deyil. Digər tərəfdən, bu ad altında heç bir biznes qurumunun bizə reklam verməyəcəyi və bütün rəsmi idarələrin qapısını üzümüzə bağlayacağı da şübhə doğurmurdu. Amma biz mümkünsüz olan bacardır. Təbii ki, bu müddət ərzində reklam əldə etmək üçün nə hansısa şirkətə müraciət etdik, nə də hansısa məmurun qapısında boyun əydik. Əksinə, bizə müraciət edənlər və qapımıza gələnlər heç də az olmadı. Müraciət edənlər dəyərli oxucularımız, qapımıza gələnlər isə hansısa məmur, yaxud da onun “elçiləri” oldu. Birincilər, öz şikayət və təkliflərini bizə yazdılar, ikincilər isə müxtəlif yollarla bizi “bazarlaşmaya” çəkməyə, barələrində dərc olunan tənqidi yazıları sildirməyə çalışdılar. Sözsüz ki, biz dəyərli oxucularımız üçün sevgiylə açdığımız qapını, rüşvətxor, korrupsioner məmurların üzünə sərt şəkildə bağlamağa üstünlük verməkdəyik... Qeyd etdiyimiz kimi, 5 il öncə bu yola çıxarkən, bir çox məhdudiyyətlərlə üzləşəcəyimizi bilirdik. Çünki, nə böyük maliyyə vəsaitimiz, nə də arxamızda hansısa məmur vardı. Amma cəmi bir neçə nəfərlik kollektivlə biz yüksək çinli məmurların hər ay yüz minlərlə manat ayırdığı media şəbəkəsini kölgədə qoymağı bacardıq. Əlbəttə, onlardan fərqli olaraq, biz nə saxta İP-lə vətəndaşları aldatmağa meyl etdik, nə də açıq-saçıq foto və videolarla özümüzə oxucu toplamaq fikrimiz oldu. Bununla belə, əminliklə deyə bilərik ki, cəmiyyətdə ən çox müraciət olunan, məktub ünvanlanılan redaksiya, ümid qapısı olmağı bacardıq. Bizim üçün sevindirici haldır ki, fəaliyyətimiz dönəmində yüzlərlə, minlərlə oxucunun yazılı və şifahi müraciətini işıqlandırmaqla, qaldırılan problemlərin müəyyən hissəsinin həllinə nail ola bilməkdəyik. Bax, bu bizim Muxalifət.az olaraq qarşıya qoyduğumuz ən böyük məqsədlərdəndir… Onu da etiraf edək ki, bəzi hallarda oxucularımızın müraciətlərini vaxtında işıqlandırmaq və yaxud yazılanları araşdırmaq imkanımız olmayıb. Çünki, demək olar ki, hər gün redaksiyamıza ünvanlanan çoxsaylı məktubları az sayda kollektiv üzvü ilə araşdırmağa zaman yetməyib. Lakin bir, iki gün geciksə belə, Muxalifet.az-a daxil olan hər bir müraciət saytımızda işıq üzü görüb və hər bir vətəndaşın probleminə, ağrı-acısına böyük diqqətlə yanaşmışıq. Yuxarıda vurğuladığımız kimi, Muxalifet.az saytı 5 ilə yaxındır ki, sizinlədir. Diqqətli oxuculara da bəllidir ki, bu illər ərzində prinsiplərimiz dəyişməz olaraq qalıb və bundan sonra da belə olacağına kimsənin şübhəsi olmasın. Dəyişən yalnız sizin bizə olan inamınızın və sadiq oxucularımızın sayının günbəgün artmasıdır. Bütün bunları nəzərə alıb, biz də dəyişmək, sizə daha yaxşı xidmət etmək üçün saytımızda bir sıra yeniliklər etmək qərarına gəldik. Bunlardan ilki olaraq “Bizə yazırlar” bölümünü yaratdıq. Hansı ki, bu bölümdə bizə ünvanladığınız məktublar və onlar əsasında aparılan araşdırma yazıları dərc ediləcək. Əlbəttə, biz çox istərdik, cəmiyyətimiz elə bir yüksək səviyyəyə çatsın ki, kimsə haqsızlıqla üzləşməsin və hansısa rüşvətxor, korrupsioner məmurun özbaşınalığından şikayət etmək məcburiyyətində qalmasın. Amma, təəssüf ki, elə bir ideal cəmiyyət qurmaq imkanlarımız məhduddur. Bu səbəbdən də, biz Muxalifet.az olaraq, fəaliyyətimizdəki yeniliyə dəyərli oxucuların müraciətlərinin operativ araşdırılması və qaldırılan problemlərin ən qısa zamanda həllinə nail olmaq üçün lazımi tədbirlərin görülməsi ilə başladıq. Odur ki, BİZƏ YAZIN, sizin müraciətlərinizi daha operativ araşdıraq və problemlərinizin həllinə birgə nail olaq! Muxalifet.az