​Müxalif düşərgədə YENİ BİRLİK MODELİ – ADP, AXCP və REAL blok yaradır?

Baxış sayı:
7666

Sərdar Cəlaloğlu: "Ölkədə əhalini səfərbər etmək, siyasi qüvvələri bir araya gətirmək məqsədiylə müəyyən müzakirələr aparırıq"

Bu gün müxalifət düşərgəsində təmsil olunan bir sıra siyasi təşkilatların yeni birlik yaratmaq niyyətində olduqlarına və bununla bağlı ilkin müzakirələrin, məsləhətləşmələrin aparıldığına dair informasiya dolaşmaqdadır. Belə ki, həmin məlumatlarda Azərbaycan Demokrat Partiyasının (ADP) Əli Kərimlinin sədri olduğu AXCP və İlqar Məmmədovun rəhbərlik etdiyi REAL partiyası ilə birgə yeni siyasi blok yaradacaqları, adıçəkilən təşkilatların bir yerdə siyasi mübarizə təşkil edəcəkləri qeyd olunur.
Məhz elə bu səbəbdən də sözügedən məlumatı dəqiqləşdirmək üçün hurriyyet.org ADP sədri Sərdar Cəlaloğluna müraciət edib.
Hazırda ayrı-ayrı siyasi partiyaların ölkədə baş verən siyasi hadisələrə təsir etmək imkanına malik olmadığını vurğulayan ADP sədri hesab edir ki, bu gün siyasi müxalifət kifayət qədər dağınıqdır: "Ölkədə sosial narazılıq yetərincə gərgindir. Eləcə də bizim yerləşdiyimiz geopolitikada çox ciddi və təhlükəli proseslər getməkdədir. Türkiyə-Rusiya-İran üçbucağında da ciddi problemlər meydana çıxıb. Bütün bunlar hamısı bu və digər şəkildə həm Azərbaycana, həm də xaricə təhdid yaradan önəmli məsələlərdir". Bu baxımdan, ADP-nin ölkədə əhalini səfərbər etmək, siyasi qüvvələri bir araya gətirmək məqsədiylə müəyyən müzakirələr apardığını deyən Sərdar Cəlaloğlunun sözlərinə görə, hələlik müxalifətin yeni birliyinin, hansısa siyasi blokun formalaşdırılması ilə bağlı konkret qərar yoxdur: "Sadəcə, bəzi yoldaşlar belə təklif edirlər ki, əhalinin indiki radikal əhval-ruhiyyəsinə uyğun olaraq daha radikal mövqedə duran bir blok yaradılmalıdır. Bu blokda isə AXCP, REAL və ADP-nin təmsil olunması daha məqsədəuyğun hesab edilir. Başqa bir təklif var ki, əksinə biz nisbətən loyal siyasi partiyalarla bu ittifaqı yaratmalıyıq. Məsələn, Müsavat, AMİP və VİP-lə birgə belə bir blok formalaşdırmalıyıq. Hələlik konkret bir qərar yoxdur, müzakirələr gedir". Bu variantların hər birinin özünün müsbət və mənfi tərəflərinin olduğunu bildirən ADP sədri qeyd etdi ki, hansısa birliyin formalaşdırılması üçün qarşı tərəflərin də razılığı lazımdır: "Hesab edirəm ki, radikal qüvvələrin təmsil olunduğu bir blokun yaradılması ölkədəki radikal əhval-ruhiyyəyə uyğun olsa da, geopolitikada baş verən hadisələrə bir o qədər uyğun deyil. Eləcə də, loyal mövqedə duran siyasi qrupların bir bloku yaradılsa, o, ölkədəki radikal əhval-ruhiyyəyə cavab vermədiyinə görə çox da ciddi tərəfdar toplaya bilməz. Odur ki, hələlik müzakirələr gedir. Ümumiyyətlə, bu məsələnin baş tutması üçün qarşı tərəflərin də razılığı lazımdır. Təkcə ADP-nin nəsə istəməsi ilə bu kimi məsələlər həll olunmur. Ola bilsin ki, müzakirə mərhələsindən sonra gələcəkdə həmin partiyalarla müəyyən təmaslar da yaradılsın. Lakin hələlik AXCP-yə və REAL-a belə bir təklif verməmişik".
Hurriyyet.org