“Müstəntiq deyir ki, ya yerdən çıxmalısan, ya da 5 il həbs olunacaqsan” – ABŞERONDA QONŞULAR ARASINDA TORPAQ DAVASI / Prezidentə müraciət

Baxış sayı:
14476

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi sakini Əsədov Abı Əsəd oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edən şikayətçi yazır:
“Mən, Abşeron rayonun Aşağı Güzdək qəsəbəsində yaşayır və həmişə təsərrüfatla məşğul olub, ailəmi dolandırıram. Vaxtılə evimin yanındakı yerli bələdiyyəyə məxsus olan 0.08 ha torpaq sahəsindən 2002-ci ildən bəri istifadə etmiş, daha sonra Aşağı Güzdək Bələdiyyəsinə müraciət edərək həmin ərazinin mənə verilməsini xahiş etmişəm. Nəticədə qanunamüvafiq olaraq istifadə etdiyim həmin ərazi yerli bələdiyyə sənədlərinə uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinin plan və ölçüsü təsdiqləndiqlənmiş və uyğun olaraq RX seriyalı, 1030244 nömrəli çıxarış verilmişdir. Bütün bunlara baxmayaraq, qonşularım olan Dostəliyev Şahin, Şamo və Şahalı Vəfalı oğulları uzun illərdir ki, mənim mülkiyyətimdə olan 0.08 ha torpaq sahəsini qanunsuz olaraq istifadə etməklə, zorakılıqla zəbt etməyə çalışmış və buna qismən də olsa faktiki olaraq nail olmuşdur.
Belə ki, onlar mənə məxsus ərazinin 0.02 ha hissəsini qohumu olan birisinə satmışdır. Özünə verilmiş 0.08 ha bələdiyyə torpağının yanındakı ərazini də zəbt edərək, etibarnamə əsasında Natiq Mahmudov adlı birisnə satmış və burada sənədsiz ev tikilmişdir.
Rəsmi sənədə istinadən xatırladım ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədr müavini Azad Nağıyevin 04 aprel 2014-cü il tarixli məktubunda təsdiq edilir ki, “Mütəxəssilər tərəfindən ölçmə-dəqiqləşmə işləri aparılarkən müəyyən olunmuşdur ki, Şahin Dostəliyev tərəfindən ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.08 ha torpaq sahəsində yaşayış evi tikilmişdir. Bundan başqa onun Natiq Mahmudova satdığı 0.032 ha torpaq sahəsində hazırda tikinti işləri aparılır ki, bu da ümumilikdə 0.12 ha sahəni əhatə edir. Həmin sahəyə bitişik olan 0.08 ha mübahisəli torpaq sahəsi isə boş və istifadəsiz olsa da, yerli icra nümayəndəsi F.Babayevin 14.06.2007-ci il tarixli, 184 saylı arayışında həmin boş ərazidən bir neçə il ərzində Abı Əsədovun şəxsi təsərrüfatı üçün istifadə etdiyi göstərilmişdir.
Araşdırma zamanı həmin 0.08 ha torpaq sahəsinin Ş.Dostəliyevə ayrılması və ona məxsusluğunu təsdiq edən sənəd olmadığından A.Əsədov tərəfindən istifadə olunmuş həmin yerin onun tərəfindən zəbt olunması faktı müəyyən edilməmişdir”.
Göründüyü kimi, uzun illər istifadə etdiyim mübahisəli ərazini zəbt etməyə çalışan Ş.Dostəliyev həmin ərzinin 0.02 ha hissəsini də özbaşına digər qohumuna (Arizə) ev tikmək üçün satmış və bu günə kimi məhkəmələrə üz tutmaqla mübahisəli yeri mənim əlimdən almaq istəmişlər. Lakin yerli və Sumqayıt Apellyasiya Məhkəmələri də onların iddialarını təmin etməmiş və mübahisələndirilən ərazinin mənim mülkiyyətimdə olduğu bir daha təsdiqlənmişdir.

Bu arada Ş.Dostəliyev özünə məxsus olan və mənim qonşuluğumda yerləşən 0.08 ha onun adına verilmiş bələdiyyə torpağının sənədlərinin DƏDRX-nin yerli 4 saylı Ərazi İdarəsinə təqdim etməklə məhz mənə məxsus olan 0.08 ha ərazinin koordinatları daxilindəki yerə saxta sənədlər əsasında çıxarış almağa cəhd etmişdir. Və bu zaman Ş.Dostəliyev özünə məxsus olan bələdiyyənin yerquruluşu planından çıxarış sənədi əvəzinə, məhkəmədən gizli olaraq götürdüyü və mənə məxsus olan bələdiyyənin yerquruluşu planından çıxarışı öz sənədləri arasına daxil edərək reystr Xidmətinə təqdim etmişdir. Və nədənsə Yerli 4 saylı reyestr Xidmətinin qazdan ayıq mütəxəssiləri sənədləri yoxlayıb icraata qəbul edərkən həmin yerquruluşu sənədində mənim ad və soyadımın yazılmasına diqqət etməmişlər. Və bu ilin oktyabr ayında yerli Reyestr Xidməti Ş.Dostəliyevə imtina məktubu göndərərək əsas kimi qeyd etmişdir ki, “təqdim etdiyiniz yerquruluşu planından çıxarışa əsasən ərazi Əsədov Abı Əsəd oğluna məxsusdur”. Bu cavab məktubundan sonra qonşum Ş.Dostəliyev son əlac kimi ərazi üzrə Abşeron Polis İdarəsinə məndən şikayət yazmaqla mülkiyyətimdə olan ərzini ələ keçirmək planını işə salmışdır. Budur, onun şikyayəti əsasında Abşeron RPİ-nin müstəntiqi, polis mayoru Ayaz Kazımov adlı şəxs məndən izahat almışdır. Mən ona şikayətin əsassız olduğunu və öz sənədlərinin arasına mənə məxsus yerquruluşu planından çıxarışı poisə təqdim etdiyini bildirdim və onun əsl yerquruluşu planından çıxarışı da müstəntiqə təqdim etdim. Müstəntiq əvvəlcə çaş-baş qaldı. Və qeyd etdi ki, bəs  şikayətçi kimi dolayır? Mən də dedim ki, Sizi. Mənə məxsus yerquruluşu planının sonunda mənim adımın soyadımın yazıldığı görünmürümü ki? Və maraqlı burasıdır ki, həmin sənəddə yerli bələdiyyənin təsdiq etdiyi möhür yerini sənədi bir neçə dəfə kopiya etməklə silməyə nail olmuşdur. Bir sözlə, mənə məxsus sənədi öz adına istifadə etməklə bu dəfə polisin əlilə mübahisələndirilən və mənim mülkiyyətimdə olan torpağı şər-böhtanla məndən almaq istəyirdi. Düzdür, sonrakı günlərdə polis Ayaz Kazımov qarşı tərəflə gəlib əraziyə baxış keçirmiş və bu zaman Ş.Dostəliyevin bütün qohum-əqrəbaları əraziyə gələrək qışqır-bağır salmışlar ki, bu ərazi də bizim olmalıdır. Polis də onların hər bir qışıqırığını səbrlə dinləyib və razılığını bildirmişdir. Amma gözlərilə gördüyü 0,012 ha ərazini necə mülkiyyət sənədi olmadan istifadə etdiyini, qanunsuz evlər tikdiyini və mənə mülkiyyətimdə olan ərzidən 0.02 ha ərazini yaxın qohumuna necə satması və qanunsuz ev tikməsi səbəbini heç aydınlaşdırmaq istəmədi. Və gəldiyi kimi də onların avtomobilinə minərək ərazidən naməlum istiqamətdə uzaqlaşmışlar.
İstintaq zamanı polis mayoru bizi üzləşdirməmiş, sənədlərə əhəmiyyət verməmişdir. Budur, müstəntiqin arxa tarixlə ( 24 avqust 2018-ci il) saxtakarlıqla və naşılıqla tərtib etdiyi əsassız Qərarı nəhayət ki, mənə təqdim etdilər. Qərarda mənim izahatımda qeyd etdiklərim əsas məsələlər nədənsə  öz əksini tapmamış və cəmisi 3 cümləni qeyd etməklə kifayətlənmişdir. Əslində isə həm izahatımda qeyd etdiyim, həm də iş materiallarına daxil etmək üçün Şahin Dostəliyevə məxsus və onun gizlətdiyi yerquruluşu planını müstəntiq əsas sübut kimi qəsdən itirmişdir. Şikayətçi Ş.Dostəliyevin Reyestr Xidmətinə verdiyi və məndən oğurladığı mənə məxsus yerquruluşu planı barədə isə qərarda heç bir rəy yazmamışdır. Halbuki, müstəntiq materiala əlavə edilmiş sənədləri sadalayarkən hər iki sənəd barədə izah verməli idi. Bir tərəfdən müstəntiq araşdırma zamanı qeyd edir ki, şikayətçinin ona məxsus olan 0,08 ha torpaq sahəsini guya mənim zəbt etməyim barədə verdiyi şikayətə rəğmən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 04 aprel 2014-cü il tarixli rəsmi məktubuna istinad edərək göstərir ki, “mübahisələndirilən 0.08 ha torpaq sahəsinin Ş.Dostəliyevə ayrılmasını və ona məxsusluğunu təsdiq edən sənəd olmadığından Abı Əsədov tərəfindən istifadə olunan həmin yerin onun tərəfindən zəbt edilməsi faktı müəyyən edilməmişdir”.

Belə olan halda müstəntiq niyə Ş.Dostəliyevə şikayətində bilə bilə yalan ifadələr yazmağa görə onu məsuliyyətə cəlb etmir. Müstəntiq yerə baxış keçirdiyi zaman mənə məxsus (mülkiyyətimdə olduğu 0.08 ha torpaq sahəsinin 0.02 ha –nı hansı əsasla yaxın qohumuna özbaşına satdığını və alıcı da hazırda mənə məxsus ərazidə qanunsuz ev tikib yaşadığını aydınlaşdırmır? Niyə mənə məxsus yerquruluşu planında bələdiyyənin möhürünü saxtakarlıqla pozaraq reyestr Xidmətinə təqdim etməsini və sənəd saxtalaşdırmaya görə məsuliyyətə cəlb etmir? Nəyə görə Ş.Dostəliyevə bələdiyyənin ona verdiyi 0,08 ha-dan əlavə zəbt etdiyi 0,045 ha sahənin 0.02 ha hissəsini etibarnamə əsasında qanunsuz olaraq Natiq Mahmudova ev tikmək üçün satdığına qiymət vermədi. Şahin Dostəliyevin Abşeron RPİ-nə verdiyi şikayət üzrə Cinayət işinin başlanmasının rədd edilməsi barədə 24 avqust 2018-ci il məlum qəradan çox pərişan olan qardaşlar keçən ay növbəti şər-böhtana əl atmışlar.
Belə ki,  bu il iyulun 18-də öz şəxsi həyətimdə press bağlarını üst-üstə yığdığım zaman Dostəliyev Şamo və anası Firəngiz küçə hasarını aşaraq əllərində kibritlə pres tayasını dağıtmağa və yandırmağa çalışdılar. Mən və oğlum buna imkan vermədik. Lakin onlar tayanı dağıdanda mən 3 müxtəlif mobil nömrədən DİN-nin 102 xidmətinə zənglər etsəm də, düşə bilmədim. Bu adamlar getdilər. Və 15 dəqiqədən sonra Şamo və iki nəfər polis işçisi yanımza gəldilər. Məndən sənəd soruşdular. Mən cavab verdim ki, işimi qurtarım gətirəcəyəm. Siz gedin bu yerə aid olan Şamonun sənədini gətirin müzakirə edək. Polislər də Şamoilə birlikdə sakitcə sənəd dalınca getdilər. Bu hadisədən 1 həftə sonra mən Ağsudan Bakıya şəxsi KAMAZ avtomobilimlə 400 ədəd press gətirərkən yolda naməlum səbəbdən alışıb yandı.
Məni bu ilin avqustun ortasında Abşeron RPİ-nin müstəntiqi Elçin Süleymanov çağıraraq bildirdi ki, biz şikayətçilər olan Şamo və Firəngizin hansı səbəbdən həyətə girməyini araşdırmırıq. Bizə maraqlıdır ki, sən vətəndaşa xəsarət yetirmisən. Mən Elçinə izah etdim ki, polis təhqiqatçısını Şamo özü bizim yanımıza gətirdi. Və o zaman polislərin yanında yalnız sənəd məsələsi müzakirə olundu. Sonradan şikayətdə yazılan hər hansı döyülmə, xəsarət barədə kiçik də olsa müzakirə belə getmədi. Mən yalnız 26 avqustda təhqiqatçının sözündən bilmişəm ki,  sən onlara xəsarət yetirmisən. Guya mən onların başına taxta ilə vurmuşammış. Budur, ona görə də müstəntiq E.Süleymanov mənə qarşı Dostəliyevlərin sifarişi əsasında xəsarət yetirmə maddəsi ilə saxta və qondarma cinayət işi başlamaq istəyir. Və mənim qarşımda şərt qoymuşdur ki, ya yerdən çıxmalısan, ya da 5 il həbs olunacaqsan. Və yaxud hər il üçün 1000 manat verməlisən ki, işi bağlayım. 
Xatırladaq ki, polis E.Süleymanovun babası çoban olmuş, atası ticarətçi, xalası maldar olmuşdur. O, ögey əmisinin nüfuzuna görə polisdə özünə yer etmişdir. Öz qohumu olan sadə bir Şamaxılının başına qulluq mövqeyindən süi-istifadə edən E.Süleymanov indi də məndən 5000 manat qoparmaq üçün əvvəlcədən dostəliyevlərlə gizli sövdələşmiş və onlara şikayəti necə yazmalarını izah etmişdir. Əgər bu müstəntiq sifariş yerinə yetirmirsə, mənim qabağıma niyə şərt qoyur ki, çıxarışı olan 0.08 ha torpaq sahəsindən Dostəliyevlərin xeyrinə tərk edim? Xəsarətyetirmə hoqqabazlığı varsa mənim mülkiyyətimin işə nə dəxli var? Deməli uşaq da bilir ki, Elçin saxta şikayətçilərlə gizli sövdələşib.
Hesab edirəm ki, müstəntiq istintaq işini öz bildiyi kimi öz maraqlarının təmin olunması istiqamətində aparırı. Mən belə qurama istintaqa qəti etirazımı bildirirəm. Mən inana bilmirəm ki, DİN rəhbərliyinin dəyişildiyi indiki vaxtda polis müstəntiqi E.Süleymanov Ağsu RPİ-də olduğu kimi Abşeron RPİ-də də bu dərəcədə korrupsiya ilə məşğul olsun. Ona görə bu müstəntiqin mənim işimi aparmasına qəti etiraz edirəm.
Cənab Prezident! Sizə müraciət edərək çox xahiş edirəm:
Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis zabiti Elçin Süleymanovun mənə qarşı təşkil etdiyi saxta cinayət işinin istintaq araşdırmasının yenidən ədalətli formada digər nəfsi və vicdanıtəmiz polis əməkdaşı tərəfindən aparılması barədə göstəriş verəsiniz”.

Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.