Müsəlman türk uşaqları ailələrindən zorla alınaraq… – SİNCAN CƏHƏNNƏMİ

Baxış sayı:
241

Beynəlxalq İnsan Haqlarını Müşahidə Missiyası (HRW) Şərqi Türküstanla bağlı yeni hesabatını yayımlayıb. Hesabatda Çinin bölgədə yaşayan uyğurlara qarşı həyata keçirdiyi yeni irqçi proqramı haqda məlumat yer alıb.
Təhsil düşərgələrindəki uyğur uşaqların zorla dövlət yetimxanalarına yerləşdirildiyi məlum olub.
Çin hökumətinin uyğur türklərini “yenidən təhsil” adı altında düşərgələrdə nəzarətdə saxladığı məlum idi. Bu dəfə isə kommunist rejim irqçi proqramını bir qədər də genişləndirərək, azyaşlıları ailələrindən zorla alaraq dövlət yetimxanalarında yerləşdirməyə başlayıb.
Hesabata görə, bu dəhşətli təlimatı Çin Kommunist Partiyasının Sincan (Uyğur) Muxtar Respublikası üzrə katibi Çın Çenquo 2016-cı ildə verib. Həmin proqrama əsasən, Şərqi Türküstanda yaşayan bütün uyğur uşaqlar 2020-ci ilədək dövlət yetimxanalarında yerləşdirilməlidir.
Sözügedən hesabatda 2017-ci ilə qədər bölgədə yaşayan uşaqların 24 faizinin dövlət yetimxanalarına göndərildiyi, bu nisbətin qarşıdakı 3 ildə 100 faizədək qaldırılması planlaşdırılıdığı iddiası irəli sürülür.
Çin rejiminin “radikalizmlə mübarizə” adı altında siyasi təlim düşərgələrində zor gücünə saxladığı uyğur ailələrin uşaqları haqda danışan HRW-nin Çin üzrə koordinatoru Sofiya Riçardson “Müsəlman türk uşaqları ailələrindən zorla alınır. Bu, manyak addım hökumət proqramının bir hissəsidir”, ifadələrinə yer verib.
Çinin imperialist demoqrafik siyasətinə qurban gedən milyonlarla uyğura yönəlik tətbiq edilən qeyri-insani proqramlara bundan əvvəl də beynəlxalq təşkilatlar reaksiya verib. BMT-nin İrqi Ayrı-seçkiliyə Qarşı Mübarizə Komitəsinin (IHOP) avqustda Cenevrədə keçirilən iclasında Çin kommunist rejiminin Sincanda uyğur türklərinə qarşı həyata keçirdiyi soyqırım siysətinə kəskin etiraz edilib.
Sözügedən təşkilatlar bu çərçivədə 3 milyon uyğurun Çin dövləti tərəfindən azadlığından məhrum edildiyini diqqətə çatdırıblar. Beynəlxalq ictimaiyyətin ittihamlarını qəbul etməyən çinli yetkililər Çindəki etnik azlıqların dini haqlarının qanunlarla qorunduğunu iddia edirlər.
“Yenidən təhsil” düşərgələri məsələsi ilə əlaqədar xaricdə aparılan müzakirələrə reaksiya verən Çin Xarici İşlər Nazirliyinin rəsmiləri ayrı-ayrı vaxtlarda bu barədə iddiaları qəti şəkildə rədd ediblər.
Digər yandan, Beynəlxalq İnsan Haqlarını Müşahidə Missiyasının Sincanda 1 milyona yaxın uyğur türkünün mühakiməsiz şəkildə azadlığından məhrum edildiyi ittihamına susqunluq nümayiş etdirilir.