Müsavatın “Avropa Koordinasiya Mərkəzi” DAĞILIR

Qurum üzvləri bir birini saxtakarlıqda, fırıldaqçılıqda, təxribat və pozuculuq fəaliyyətində ittiham edirlər.
 
Müsavat partiyasının Avropa Koordinasiya Mərkəzi daxilində ziddiyyətlər pik həddə çatıb. Qurum daxilindəki qruplaşmalar arasında vəzifə uğrunda mübarizə, təşkilatın fəaliyyət istiqamətləri ilə bağlı fikir ayrılığı nəticəsində münasibətlər qarşıdurma səviyyəsinə qalxıb.
Məlumata görə, qurumun nəzarət-təftiş komissiyasının fəaliyyəti dayandırılıb, onun sədri Yafəz Həsənov isə tutduğu vəzifədən və təşkilatdan kənarlaşdırılıb. Həmçinin, AKM-in Almaniyanın Bavariya bölgəsi üzrə özəyi buraxılıb, onun sədri Zakir Ağayev də təşkilatdan xaric edilib. AKM-in Almaniyadakı daha bir özəyinin sədri Əhməd Cəlaloğlunun qurumdan çıxarılması məsələsində isə ciddi fikir ayrılığı yaranıb.
AKM-dən kənarlaşdırılan Yafəz Həsənov sosial şəbəkələrdəki açıqlamalarında qurumun sədri İlham Həsəni ona qarşı qərəzli mövqe tutmaqda ittiham edib və təşkilatın son toplantısında iddia olunandan daha az adamın iştirak etdiyini və yetərsay olmadığını bildirib. Onların arasında münaqişənin səbəblərinə gəldikdə, əldə etdiyimiz məlumata görə, Y.Həsənov İlham Həsənin saxta AKM vəsiqəsi verməsi faktını aşkarlayıb və məsələ barədə partiya rəhbərliyinə məlumat verib. O, həm də İ.Həsəndən indiyədək verdiyi 100-dən artıq AKM vəsiqəsi, həmçinin Almaniya Miqrasiya Xidmətinə 60-a yaxın şəxs barədə ünvanlandığı dəstək məktubu barədə açıqlama verməsini tələb edib.
İ.Həsən isə Y.Həsənovu şantaj və böhtanla məşğul olmaqda, təşkilatın fəaliyyətinə problem yaratmaqda günahlandırıb.
Bundan başqa, AKM-dəki narazılıq fonunda bəzi qurum üzvləri sədr İ.Həsənə qarşı çıxır, keçirdikləri tədbirləri onunla razılaşdırmırlar. Buna misal kimi mayın 10-da Almaniyanın Nomarkt şəhərində Əhməd Dadaşovun və Samir Qasımovun təşkil etdikləri etiraz aksiyasını göstərmək olar.
İ.Həsəndən narazı olan AKM üzvləri hesab edirlər ki, sədr saxta vəsiqə və digər sənədlərin alverinə girişərək təşkilatı şəxsi biznes kontoruna çevirib. Buna görə də təşkilat fəalları kəskin formada bir birini saxtakarlıqda, fırıldaqçılıqda, təxribat və pozuculuq fəaliyyətində ittiham edirlər. Son məlumata görə, saxta vəsiqə alverini araşdırmaq üçün xüsusi komissiya da yaradılıb və yekun nəticə hasil olunanadək AKM-də arayış və vəsiqələrin verilməsi dayandırılıb.
AzNews.az