Müsavatçılar Elçibəyin qəbrini ziyarət etdilər

Bu gün Müstəqili Günü ilə əlaqədar Müsavat Partiyasının bir qrup fəalı Fəxri Xiyabanda milli azdalıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin qəbrini ziyarət ediblər.
 
Tədbirdə Müsavat başqanı Arif Hacılı və Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər çıxış ediblər.
Arif Hacılı mövcud hakimiyyətin müstəqillik amallarına zidd siyasətini sərt tənqid edib, bir qrup insanın korrupsiya və rüşvət sayəsində hədiz varlandığı, əhalinin böyük qisminə isə dövlətin sərvətlərindən pay düşmədiyini bildirib. Başqan Azərbaycan azadlığı və ədaləti bərpa etmək üçün mübarizənin gücləndirəcəklərini bildirib və çıxışını “Bu vətən bizimdir!”  şüarı ilə yekunlaşdırıb.
MSDM-in sədri İsa Qəmbər Azərbaycan xalqının öz müstəqilliyinə qovuşmasında, hətta bütövlükdə SSRİ-nin süquta uğramasında Əbülfəz Elçibəyin rəhbərlik etdiyi milli-azadlıq hərəkatının həlledici rol oynadığını bildirib. İsa Qəmbər  Azərbaycanda gedən proseslərə dünyada münasibətin  dəyişdiyini qeyd edərək, 2018-ci ildə ölkəmizdə  ciddi dəyişikliklər üçün şərait yarandığını bildirib və bu mübarizədə hər kəsə uğurlar arzulayıb. 
Tədbir Azərbaycan himninin oxunması ilə başa çatıb.