Müsavatçı Azad Həsənova cinayət işi açılıb

Baxış sayı:
1996

Müsavat Partiyasının fəalı Azad Həsənova qarşı cinayət işi qaldırılıb. Oktyabrın 12-də Xətai rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə Amerikanın Səsinə vəkil Osman Kazımov bildirib.
 
Vəkilin sözlərinə görə ona bu barədə bu gün Xətai rayon Polis İdarəsində məlumat veriblər.
Vəkil deyib ki, cinayət işinin istintaqını Bakı şəhər Baş Polis İdarəsi aparır.
“Xətai rayon Polis İdarəsində bildirdilər ki, Azad Həsənov Kürdəxanıdakı 1 saylı İstintaq Təcridxanasına köçürülüb. Amma hansı maddə ilə cinayət işi qaldırıldığı və məhkəmənin onun barəsində hansı müddətə həbs qətimkan tədbiri seçməsi barədə məlumat vermədilər”, vəkil qeyd edib.
***
Müsavat Partiyasının Suraxanı rayon təşkilatının fəalı Azad Həsənov oktyabrın 11-də saxlanılıb. Fəalın harada saxlanılmasını ailə üzvləri və vəkili hələ də dəqiqləşdirə bilməyib.
“İki gündür Azad Həsənovun harada saxlanımasını öyrənə bilmirəm. Oktyabrın 12-də Daxili İşlər Nazirliynin “102- Zəng Mərkəzindən” bildirdilər ki, Həsənov Bakı şəhər Baş Polis İdarəsindədir. Baş Polis İdarəsindən isə bildirdilər ki, oraya belə bir adam gətirilməyib. İndi deyirlər Xətai rayon Polis İdarəsində saxlanılır. Hazırda məlumatın dəqiq olub-olmamasını öyrənmək üçün Xətai rayon Polis İdarəsinə gəlmişəm”, vəkil Osman Kazımov Amerikanın Səsinə bildirib.
Azad Həsənov oktyabrın 10-da ağır xəstə olan atasına baş çəkmək üçün Vilnusdan Bakıya gəlib. Ailə üzvlərinin dediyinə görə o sərhədi problemsiz keçib, günortaya qədər atasıyla bir yerdə olub.
Sonra özlərini polis kiimi təqdim edən mülki geyimli şəxslər Həsənovu zorla avtomobilə oturdaraq qeyri-müəyyən istiqamətə aparıb.
Müsavat Partiyası fəalın saxlanılmasını pisləyən bəyanatla çıxış edib.
“Azad Həsənov faktiki olaraq itkin düşüb və onun həyatı təhlükədədir. Müsavat Partiyası hakimiyyətdən qisasçılıq və repressiya siyasətinin dayandırılmasını, hüquq-mühafizə orqanlarından Azad Həsənovun harada olduğu barədə dərhal məlumat verilməsini, əgər həbs edilibsə, azad olunmasını tələb edir.
Müsavat Partiyası bütün hüquq müdafiə təşkilatlarını, o cümlədən Ombudsman Aparatını Azad Həsənovun həyatına olan təhlükənin aradan qaldırılması istiqamətində tədbirlər görməyi çağırır”, sənəddə deyilir.
Müsavat Partiyasının mətbut xidməti xidməti bildirir ki, Azad Həsənov 2003-cü ildən Müsavat Partiyasının fəal üzvüdür. O, 2014-cü ilin fevralından mühacirətdədir, ailəsi ilə birgə Litvada siyasi sığınacaq alıb.
Litvanın Azərbaycandakı Səfirliyi Azad Həsənovun saxlanılması ilə bağlı sorğunu şərh etməyib. Səfirliyin əməkdaşı bildirib ki, Azad Həsənovun saxlanılması barədə səfirlikdə məlumat yoxdur.
Öz növbəsində rəsmi qurumlardan və Ombudsman Aparataından Azad Həsənovla bağlı məlumat almaq mümkün olmayıb.