Müsavata qərargah xəbərdarlığı

Baxış sayı:
4245

Bu gün Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin nümayəndələri Müsavat Partiyasına gələrək, partiyaya Komitə sədrinin müavini Rafiq Cəlilovun adından məktub təqdm ediblər.
 
Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlının verdiyi məlumata görə, məktubda Müsavat Partiyasına müqavilə əsasında icarəyə götürdüyü qərargahla bağlı xəbərdarlıq elan edilib.
Əmlak Komitəsinin məktubunda söhbət əmlakın “icarəyə verənin razılığı olmadan icarəçi tərəfindən 2-ci əldən (subicarəyə) və ya hər hansı məqsədlə istifadəyə verilməsindən” gedir və bu halda müqaviləyə xitam veriləcəyi qeyd edilir.
“Siyasi partiyalar haqqında qanuna görə, dövlət siyasi partiyaların fəaliyyəti üçün şərait yaratmağa borcludur. Bundan Əvvəl Müsavat Partiyasının Sumaqayıt, Şəki, Gəncə, Şirvan, Lənkəran şəhərlərində və əksər rayonlarda olan qərargahları qanunsuz olaraq partiyanın əlindən alınıb. Müsavat qərargahın icarə pulunu vaxtlı-vaxtında ödəyir. Məktubu təqdim edən şəxslər də Müsavatın nümunəvi icarədar olduğunu qeyd etdi. Odur ki, müqaviləyə xitam verilməsinə heç bir əsas yoxdur”, – Gülağa Aslanlı bildirib.
Qeyd edək ki, ReAl Hərəkatı dekabrın 17-də qurultay keçirmək üçün Müsavat Partiyasından yer istəyib. Müsavat Partiyası bu müraciətə müsbət cavab verib.
“Biz ReAl hərəkatına qurultay keçirmək üçün yeri icarə əsasında verməmişik ki, burada “subicarə” anlayışından istifadə edilsin. Bundan əvvəl İctimai Palatanın, Milli Şuranın, müxtəlif dövrlərdə AXCP-nin, Nida-nın, ictimai təşkilatların iclasları bu qərargahda keçirilib. Bu qərargah hazırda bütün müxalifətin istifadə edə bildiyi tək tük məkanlardan biridir. Əslində hakimiyyət bu qərargahı əlimizdən alacaqsa, bütövlükdə müxalifətin qərargahını əlindən almış olacaq”, – Gülaga Aslanlı bildirib.
“2018-ci ildə keçiriləcək prezident seçkiləri ərəfəsində hakimiyyətə rəqib ola biləcək Müsavat Partiyasını, bütövlükdə müxalifəti zəiflətmək üçün bütün üsullara əl atırlar. Ayrıca Cumhuriyyətimizin 100 illiyi ərəfəsində Məmməd Əmin Rəsulzadənin yadigarı olan, Cumhuriyyəti quran partiyanın hətta qərargahının da əlindən alınması bu hakimiyyətə baş ucalığı gətirməyəcək”, – Gülaga Aslanlı bəyan edib(basta).