Müsavat Yadigar Sadıqovla bağlı bəyanat yaydı

Müsavat Partiyası Yadigar Sadıqov barədə bəyanat yayıb.

Bəyanatda deyilir:

Bu gün Ali Məhkəmə Müsavat Partiyası başqanının həbsdə olan müavini Yadigar Sadıqovun Apellyasiya Məhkəməsinin qərarından şikayətinə baxıb.

Ali Məhkəmə Yadigar Sadıqova qarşı Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) və 127-ci (bədənə az ağır xəsarət yetirmə)  maddələrinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin hökmünün qüvvəyə minməsi haqqında qərarını (4 il azadlıqdan məhrum edilmə) CM-nin 221.3-cü maddəni 221.1 maddəsinə dəyişdirmək və 127-ci maddəni qüvvədə saxlamaqla 3 il 6 azadlıqdan məhrumetmə haqda qərar verib.

Yadigar Sadıqovun həbsinin əsasında 221.3 maddəsi dayanırdı. Əgər o, əvvəldən 221.1 maddəsi ilə ittiham olunsaydı, istintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilə bilməzdi.

Ali Məhkəmənin qərarı bir daha sübut edir ki, istintaq zamanı Y.Sadıqov haqqında həbs qətimkan tədbirinin seçilməsi tamamilə qanunsuz olub. İşin sonunda bütün əsasların onun həbsindən 4 ay sonra əlavə ittiham kimi irəli sürülən 127-ci maddənin üzərində qalması onun bir narkoman tərəfindən şərlənərək həbs olunmasını, istintaqın gedişinin və məhkəmələrin qərarlarının siyasi sifarişlə həll edildiyini bir daha təsdiqləyir.

Müsavat Partiyası əsassız yerə həbs edilən Y.Sadıqova Ali Məhkəmənin bəraət vermək əvəzinə, onu həbsdə saxlamaq haqqında qərar çıxarmasını rejimin repressiya siyasətinin davamı olduğunu bəyan edir və Y.Sadıqov da daxil olmaqla, bütün siyasi məhbusların dərhal həbsdən azad edilməsini hakimiyyətdən tələb edir.