Müsavat üzvü keyfiyyətli müdafiədən məhrum olunur

Bu gün Masallı Rayon Məhkəməsində Müsavat Partiyası Masallı rayon təşkilatının sədri Xasay Fərzullanın işi üzrə hazırlıq iclası keçirilib.
 
 Bu barədə müsavatçının vəkili Nemət Kərimli məlumat verib.
Müdafiə tərəfi hazırlıq iclasında bir sıra vəsatət qaldırıb. Vəsatətlərdən biri təqsirləndirilən şəxsin vəkillərilə bir yerdə oturması barədə olub. Dövlət ittihamçısı "vəkil təqsirləndirilən şəxsin düşüncələrinə təsir edə bilər" deyərək vəsatəti təmin etməyib.
Digər vəsatət məhkəmə iclasının audioyazısının və videoçəkilişinin aparılması ilə bağlı olub. Bu vəsatət də təmin edilməyib.
N.Kərimli məhkəmədə deyib ki, vəsatətlərin təmin edilməməsi X.Fərzullanın keyfiyyətli müdafiə hüququnu pozur.
Növbəti proses avqustun 2-ə təyin olunub.
Xasay Fərzulla Cinayət Məcəlləsinin 263.1.1 maddəsi ilə (ehtiyatsızlıq səbəbindən ağır xəsarət yetirmək) ittiham olunur.
Bu il aprelin 5-də Masallı rayonunun Bədəlan kəndi ərazisində X. Fərzulla öz maşını ilə qəza törədərək qəfil yola çıxan Rauf Tağıyevə xəsarət yetirib. Vəkillərinin bildirdiyinə görə, X. Fərzulla R.Tağıyevi dərhal xəstəxanaya çatdırıb, Bakıda müalicəsi üçün bütün xərclərini ödəyib.
X.Fərzulla istintaq zamanı işin "siyasiləşdirildiyini" deyib.
"Boradigah kənd ərazi nümayəndəsi polisə mənimlə bağlı xasiyyətnamə verib. Orda mənim cəmiyyət həyatında müsbət rolumun olmamasını, Müsavat Partiyası Masallı rayon təşkilatının sədri olmağımı xüsusi vurğulayıb. Bu, işi hüquqi müstəvidən uzaqlaşdırır", -müsavatçı bildirib.
Müxalifətçilər ilk dəfə deyil ki, avtomobil qəzasına görə məhkəməyə çəkilirlər.
Bundan öncə gənc fəal, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqubluya ölümlə nəticələnən avtomobil qəzasına görə cinayət işi açılmışdı. Abşeron Rayon Məhkəməsinin hökmü ilə o 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Prezidentliyə keçmiş namizəd, Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənliyə də avtomobil qəzasına görə cinayət işi açılmışdı. Yasamal Rayon Məhkəməsi onun barəsində 1 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılması ilə bağlı qərar qəbul etmişdi. Hər iki olayla bağlı məhkəmənin sifarişli olduğu, müxalifətçiləri cəzalandırmaq məqsədi daşıdığı bildirilirdi.
Hakimiyyət rəsmiləri isə bu iddiaları qəbul etməyərək onların barəsində hökmlərin qanunun tələblərinə uyğun şəkildə çıxarıldığını bəyan etmişdilər