Müsavat "Turan" agentliyinə təzyiqləri pislədi – BƏYANAT

Müsavat Partiyası Vergilər Nazirliyinin Turan informasiya agentliyinə təzyiqlərini pisləyən bəyanat yayıb.
 
Bəyanatda deyilir:
“Vergi orqanları Turan agentliyini ümumi məbləği 37 min manat vergini ödəməməkdə ittiham edərək avqustun 7-də cinayət araşdırmasına başlayıblar. Auditin başlanması üçün öz nümayəndələrini agentliyə göndəriblər. Turan agentliyi bu ittihamı rədd edərək Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.
Lakin Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentininin əməkdaşları bu məhkəmənin cavabını gözləmədən avqustun 16-da agentliyin redaksiyasına girərək yoxlamaya başlayıblar. Onlar maliyyə sənədlərini götürüb, jurnalistlərin şəxsi əşyalarını yoxlayıb, yoxlama və sənədlərin götürülməsi prosesini çəkməyə isə icazə verməyiblər.
Müsavat Partiyası Vergilər Nazirliyinin bu addımlarını Azərbaycan hakimiyyətinin müstəqil mətbuata qarşı təzyiqlərinin tərkib hissəsi kimi qiymətləndirir, Turan agentliyinə qarşı təzyiqlərə və bütövlükdə azad sözün boğulması siyasətinə son qoyulmasını tələb edir”.