Müsavat Partiyası Mehman Əliyevin həbsi ilə bağlı bəyanat yaydı

Azərbaycan hakimiyyətinin söz, ifadə və mətbuat azadlığına basqıları nəticəsində ölkəmizdə müstəqil fəaliyyət göstərməyə cəhd edən qəzet, sayt və internet TV-lərin tam əksəriyyəti sıradan çıxarılıb. Bu günlərdə isə uzun müddət basqılara baxmayaraq fəaliyyətini davam etdirən “Turan” İnformasiya Agentliyi hakimiyyətin növbəti hücumuna məruz qalıb.
 
Bir neçə gün əvvəl Vergilər Nazirliyi tərəfindən “Turan” İnformasiya Agentliyində yoxlamalara başlanarkən bunun sonu olaraq agentliyin rəhbəri Mehman Əliyevin həbs olunacağına şübhələr yaranmışdı. Dünən Vergilər Nazirliyində dindirildikdən sonra M.Əliyevə onun barəsində 213.1 (vergidən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrlə cinayət işi qaldırıldığı elan olunub və o, şübhəli şəxs qismində saxlanılıb.
Müsavat Partiyası bu cinayət işini qondarma və sifarişli iş hesab edir, “Turan” İnformasiya Agentliyinin rəhbəri, tanınmış jurnalist-analitik və ictimai xadim olan Mehman Əliyevə və onun rəhbərlik etdiyi informasiya agentliyinə qarşı olan basqıları azadlıqlara qarşı yönəlik addım olduğunu bəyan edir, bunun Azərbaycanın onsuz da müsbət olmayan imicinin daha da korlanmasına səbəb olacağını bildirir və M.Əliyevin qeyd-şərtsiz azad olunmasını tələb edir.
Müsavat Partiyası ölkə ictimaiyyətini, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatları və demokratik ölkələrin diplomatik korpusunu bu məsələyə diqqət göstərməyə çağırır.