Müsavat başqanının müşavirinə polisdən XƏBƏRDARLIQ

Dünən Müsavat başqanın müşaviri, Müsavat Məclisinin üzvü Ramazan Əliyev Polis Bölməsinə aparılıb.
 
Müsavat Partiyası Xaçmaz Rayon Təşkilatının sədri Heybət Əmrahın “Basta” ya verdiyi məlumata görə, dünən Müsavat başqanın müşaviri, Müsavat Məclisinin üzvü Ramazan Əliyev Polis Bölməsinə aparılıb.
Mitinq barədə sorğu-sual edilən Ramzan bəyə Milli Şuranın “Məhsul” stadionunda keçirəcəyi mitinqındə Xaçmaz rayonundan heç kimin iştirak etməyini istəmədiklərini bildiriblər.
Qeyd edək ki, Milli Şura oktyabrın 7-də saat 15:00-17:00-dək keçmiş “Məhsul” stadionunda mitinq keçirəcək.
Xatırladaq ki, Müsavat Partiyası da, Bakı şəhər İcra Hakimiyyətinə aksiya ilə əlaqədar rəsmi müraciət göndərib.
Müraciətdə qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında Azərbaycan Respublikasının qanunu”na görə vətəndaşların qanunla xüsusi qadağan olunmuş ərazilər istisna olmaqla hər yerdə sərbəst toplaşmaq hüququ vardır. Konstitusiya və qanunlara görə sərbəst toplaşma azadlığının mitinqdən başqa növləri də təmin edilməlidir.
Müsavat Partiyası qeyd edilənləri nəzərə alaraq 21 oktyabr 2017-ci il tarixdə saat 15:00-dan 17:00-dək aşağıdakı marşrutlardan birində kütləvi tədbirin keçiriləcəyini bildirib:
1) Bakı şəhəri, Binəqədi rayonunun ərazisindəki metronun “Azadlıq prospekti” stansiyasının çıxışından başlayaraq, Süleyman Sani Axundov küçəsindən keçməklə, metronun “Dərnəgül” stansiyasının qarşısındakı meydana qədər hərəkət etməklə və meydanda yürüşün qətnaməsinin oxunması;
2) Bakı şəhəri, Yasamal rayonunun ərazisindəki 20 saylı məktəbin yaxınlığındakı meydandan (keçmiş Əzizbəyov heykəlinin qarşısındakı meydan) başlayaraq, Hüseyn Cavid prospektindən keçməklə, Hüseyn Cavidin heykəli yerləşən bağdakı meydana qədər hərəkət etməklə və meydanda Qətnamənin oxunması.
Yürüş “Qarabağa azadlıq!”, “Siyasi məhbuslara azadlıq!”, “Xalqdan oğurlanan milyardlar geri qaytarılsın!”, “Sərbəst toplaşmaq azadlığı təmin edilsin!” və digər şüarlarla keçiriləcək.