Müsavat başqanın müavini: “Milli Şuranın mitinqinə insan axınını gözləmirəm”

“Tofiq Yaqublunun bu addımı düzgün deyil”

 “Milli Şura rəhbərliyi təşkil edəcəkləri mitinqdə Müsavat Partiyası rəhbərliyinin iştirakını istəmir. Bunu dildə deməsələr də, açıq-aşkar görünür. Ona görə də biz onların mitinqinə qoşulmayacağıq”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Müsavat başqanının müavini Yadigar Sadıqov Milli Şuranın aprelin 9-na təyin etdiyi mitinqə Müsavat partiyasının qoşulub-qoşulmayacağı barədə danışarkən deyib. 

Onun sözlərinə görə, bununla belə Müsavat Partiyası mitinqlərdə iştirakı öz üzvlərinə qadağan etməyib.
O, ötən ilin sentyabrında Milli Şura ilə Müsavatın birgə mitinqinin keçirilməsi ilə bağlı təkliflər olduğunu xatırladıb: “Lakin bu təkliflər qarşılıqlı ittihamlara çevrildi, münasibətlər daha da gərginləşdi. Mart ayında da birgə mitinqlə əlaqədar təkliflər olmuşdu, qarşı tərəfdən razılıq verilmədi. Əgər bizlə bir yerdə olmaq istəmirlərsə, güclə gedib mitinqdə onların yanında dayanmağımız etik qaydalara uyğun deyil”. 

Yadigar Sadıqov Müsavat Partiyasının təkbaşına mitinq keçirməsi məsələsinin müzakirə mərhələsində olduğunu qeyd edib: “Hələ qəti qərar verilməyib, cəmiyyətdə gedən prosesləri izləyirik. Şəxsən mənim mövqeyim ondan ibarətdir ki, Milli Şuranın aprelin 9-da keçirməyi planlaşdırdığı mitinqdə təxminən sentyabrdakı qədər adamın olması gözlənilir. Ciddi irəliləyiş, insanların axınını gözləmirəm. Əlbəttə, aksiya keçirmək hüquqdur. Bütün hallarda mitinqləri keçirməyin lazım olub-olmadığı barədə suallar yaranır”. 

Başqan müavini digər həmkarı Tofiq Yaqublunun Milli Şuranın mitinq keçirmək üçün hazırlanan müraciətini imzalamasına da münasibətini açıqlayıb: “Müsavat Partiyasının başqan müavini ilk növbədə bu partiyanın tədbirlərinin təşkilatçısı olmalıdır. Biz Tofiq Yaqublunun Milli Şura üzvlüyündə qalması ilə bağlı bir söz demədik, bu, onun seçimi idi. Amma hər halda subordinasiya qaydalarına əməl etməli idi. Şəxsən hesab edirəm ki, Tofiq bəyin Təşkilat Komitəsində olması və müraciətə imza atması düzgün addım deyildi”.

Qeyd edək ki, T.Yaqublu mitinq keçirmək üçün hazırlanan müraciəti imzalayan yeganə müsavatçıdır. O, bu addımını belə əsaslandırıb: “Bəziləri bunu həmin müraciəti Müsavat Partiyasının da imzalaması kimi təqdim ediblər. Mən həmin sənədi Milli Şuranın koordinasiya mərkəzinin üzvü kimi imzalamışam və həmin müraciətin Müsavat Partiyasına aidiyyatı yoxdur”.