Müsavat AKM Almaniya, Fransa və İsveçdə etiraz aksiyaları keçirib

Baxış sayı: 92

Son iki gündə Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) Avropanın müxtəlif şəhərlərində silsilə mitinqlər keçirib.
 
 Mitinqlər Almaniyanın Frankfurt, Dortmund, Nürnberq, Fransanın Laval, İsveçin Höteborq şəhərlərində baş tutub.
Müsavat Partiyasının məlumatına görə, "Siyasi məhbuslarsız Azərbaycan!” şüarı altında keçirilən mitinqlərdə vicdan məhbusları Əfqan Muxtarlı, Gözəl Bayramlı, Mehman Hüseynov, İlqar Məmmədov, İlkin Restəmzadə, Qiyas İbrahim, Bayram Məmmədov, Fuad Qəhrəmanlı, Seymur Həzi və digər siysi məhbusların azadlığı tələb edilib.

Müsavat AKM-in təmsilçilərindən biri Əhməd Cəlaloğlu aksiyada qəbul olunan qətnamənin beynəlxalq qurumlara təqdim olunduğunu bildirib. Qətnamədə Əfqan Muxtarlının və Gözəl Bayramlının həbsi pislənilir, bütün siyasi məhbusların azad edilməsi tələb olunur.

Aksiyanın qətnaməsində həmçinin İsa Qəmbərin, Arif Hacılının, Gülağa Aslanlının və Mustafa Hacıbəylinin prokurorluğa çağırılması hakimiyyətin Müsavat Partiyasına qarşı təzyiqi kimi qiymətləndirilir və buna son qoyulması tələb edilir.
Mitinqdə çıxış edən Müsavat AKM-in sədri İlham Həsən Azərbaycanda azad və demokratik cəmiyyətin qurulmasınadək aksiyaların davam edəcəyini bildirib.