Müsavat 21 Oktyabr YÜRÜŞÜNƏ HAZIRLAŞIR

Bu gün Müsavat Partiyasının qərargahında partiyanın oktyabrın 21-nə təyin etdiyi yürüşə hazırlıqla bağlı toplantı keçirilib.
 
Partiyanın mətbuat xidmətindən “Basta”ya verilən məlumata görə
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, qanunla Bakı şəhər İcra Hakimiyyəti yürüşün keçirilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü qalmışadək cavab verməli olsa da, indiyədək 21 oktaybr yürüşü ilə bağlı müraciətə cavab verilməyib.
Daha sonra Müsavat Partiyasının başqanı Arif Hacılı çıxış edərək sərbəst toplaşma azadlığının tək mitinqlə məhdudlaşmadığını, İlham Əliyevin mötəbər tədbirdə verdiyi bəyanatı xatırladaq, hakimiyyətin Müsavatın yürüşlə bağlı müraciətə müsbət cavab verməyə borclu olduğunu vurğulayıb.
Arif Hacılı yürüşün təşkilatçılarına aksiyaya hazırlıqla bağlı xüsusi tapşırıqlar verib. 
Qeyd edək ki, Müsavat Partiyası 21 oktyabr 2017-ci il tarixdə saat 15:00-dan 17:00-dək yürüş keçirəcək. Bakı şəhər icra hakimiyyətindən yürüş üçün aşağıdakı marşrutlardan biri istənilib: 
1) Bakı şəhəri, Binəqədi rayonunun ərazisindəki metronun “Azadlıq prospekti” stansiyasının çıxışından başlayaraq, Süleyman Sani Axundov küçəsindən keçməklə, metronun “Dərnəgül” stansiyasının qarşısındakı meydana qədər hərəkət etməklə və meydanda yürüşün qətnaməsinin oxunması;
2) Bakı şəhəri, Yasamal rayonunun ərazisindəki 20 saylı məktəbin yaxınlığındakı meydandan (keçmiş Əzizbəyov heykəlinin qarşısındakı meydan) başlayaraq, Hüseyn Cavid prospektindən keçməklə, Hüseyn Cavidin heykəli yerləşən bağdakı meydana qədər hərəkət etməklə və meydanda Qətnamənin oxunması.
Yürüş “Qarabağa azadlıq!”, “Siyasi məhbuslara azadlıq!”, “Xalqdan oğurlanan milyardlar geri qaytarılsın!”, “Sərbəst toplaşmaq azadlığı təmin edilsin!” və digər şüarlarla keçiriləcək.