​Muqabe və Mübarəkin TALE ORTAQLIĞI

Zimbabve ilə Misir arasında oxşarlıq: hərbçilər prezidentə niyə sadiq qalmadılar?..
Zimbabvedə hakimiyyət böhranı dərinləşir. Ötən həftə ordunun müdaxiləsi ilə ev dustaqlığına atılan və faktiki olaraq hakimiyyətdən uzaqlaşdırılan 93 yaşlı prezident Robert Muqabe vəzifədən getməyəcəyini bildirib. BBC xəbər verir ki, televiziya vasitəsilə xalqa müraciət edən Muqabe dekabrda hakim partiyanın qurultayını idarə edəcəyini bəyan edib.
Ancaq hazırda faktiki olaraq Muqabe hakimiyyətdən və partiya rəhbərliyindən də uzaqlaşdırılıb. Çünki çıxışdan bir qədər əvvəl hakim Zanu-PF partiyası Robert Muqabenin təşkilatın rəhbəri vəzifəsindən kənarlaşdırılması barədə qərar qəbul edib. O, istefa verməyə çağırılıb, əks halda, 24 saatdan az bir vaxtda impiçment ediləcəyi bildirilib.
Qeyd edək ki, iki həftə bundan əvvəl Muqabenin vəzifədən uzaqlaşdırdığı 75 yaşlı keçmiş vitse-prezident Emmerson Mnanqaqva Zanu-PF partiyasının yeni rəhbəri seçilib. Bundan başqa, ötən həftə Cənubi Afrika Respublikasından gəlmiş rəsmilərin də iştirakı ilə generalların Muqabe ilə danışıqları olub. Və ehtimal olunurdu ki, Muqabe hakimiyyətdən istefa verəcək. Ancaq indi görünən odur ki, Muqabe inad edir.
Məsələ ondadır ki, hazırda Zimbabveni ordunun dəstəklədiyi keçmiş təhlükəsizlik xidmətinin keçmiş rəhbəri, son olaraq vitse-prezident postunu tutan Emmerson Mnanqaqva idarə edir. Mnanqaqva Muqabenin keçmiş mübarizə yoldaşıdır, ordu və güc strukturları ilə yaxın əlaqələrə sahibdir. Ehtimal olunur ki, ölkənin yeni lideri də “Timsah” ləqəbli Mnanqaqva olacaq.

Zimbabvedə yaşananlar bir sıra tərəflərinə görə Misirdə 2011-ci ilin fevralında baş vermiş inqilabla oxşardır. Muqabenin inadkarlığı da Mübarəkin inqilabın son günlərinə qədər davam edən inadkarlığına bənzəyir. Eyni zamanda hər iki ölkədəki proseslərdə həlledici sözü ordu deyib. 2011-ci ilin yanvarında xalq küçələrə çıxanda hökumət hələ çox möhkəm görünürdü. Təhrir (Azadlıq) meydanında günlərlə davam edən aksiyalara baxmayaraq Hüsnü Mübarək istefa vermək istəmirdi. Hətta sonrakı günlərdə hökumət ordunu da küçələrə çıxardı.
Ancaq məlum oldu ki, Misir ordusu xalqla qarşıdurmaya getmək fikrində deyil. Bu isə ümumilikdə inqilabın hərəkətverici amillərindən birinə çevrildi. Çünki birincisi, ordu meydanlara çıxdı, ancaq mitinq keçirən xalqa qarşı güc tətbiq etmədi. Daha çox müşahidə mövqeyində dayanmağa üstünlük verdi. İkincisi isə ordunun bu hərəkəti üsyan edən xalqı daha da cəsarətləndirdi və inqilabın Hüsnü Mübarəkin istefasına qədər davam etməsində ən mühüm faktorlardan biri oldu. Çünki Misir kimi ölkələrdə ordu mühüm faktor sayılır və xalq silahlı güclə hesablaşır. Ancaq Misirdə uzun illər Hüsnü Mübarək hakimiyyətinin əsas dayağı olan ordu fevral inqilabı zamanı onun hakimiyyətini müdafiə etməsi, əksinə, meydana çıxaraq seyrçi qalmaqla xalqı daha da cəsarətləndirdi. Sonrakı günlərdə polisin və “baltaçılar” qrupu adlanan qeyri-rəsmi milis dəstələrinin xalqa hücumu da nəticə vermədi. Sonunda Mübarək postundan istefa verdi.

Bir sıra müşahidəçilərə görə, ordunun Misirdə nümayiş etdirdiyi mövqenin əsas səbəbi Mübarəkin son illərdə orduya arxa çevirməsi, hakimiyyətə öz oğlanlarını gətirmək istəməsinin generalların narazılığına səbəb olması olub. Çünki Mübarək özü də ordudan gəlmişdi və dövlət üzərində ordunun təsirini qoruyub saxlamışdı. Ancaq Mübarəkin oğlanlarını hakimiyyətə gətirməsi bu ənənəni pozurdu və təbii ki, generalitet bundan razı deyildi, ona görə də meydanda Mübarəki tənha qoydular.
Oxşar proses indi Zimbabvedə yaşanır. Robert Muqabenin öz silahdaşlarını deyil, həyat yoldaşını hakimiyyətə gətirmək istəməsi siyasi elitada ona qarşı müxalifətin yaranması ilə nəticələndi. Sonda ordu hərəkətə keçərək, prezident və yaxınlarını ev həbsinə aldı, hökuməti isə orduya yaxın vitse-prezidentə verdi. Artıq partiyası da Muqabedən üz döndərib. Yaşlı adamsa hələ də inad edir, qurultay keçirəcəyini və iqtidar partiyasına rəhbərliyini davam etdirəcəyini bəyan edir.

Ancaq artıq gecdir. Muqabenin “kitabı”nı bağlayıblar. Yaşlı adamın inadına göstərilən səbir onun keçmiş xidmətləri, ölkənin azadlığı uğurunda mübarizəsindəki roluna və yaşına görədir. Ancaq yəqin ki, daha çox inad etsə, bu limit də tükənə bilər. İstənilən halda Muqabenin geri dönüşü real deyil - həm siyasi, həm də fiziki olaraq./musavat.com/