Münhen konfransının pərdəarxası… - TƏHLİL

Suriyada atəşkəslə bağlı razılaşma əldə olundu, ancaq...
 
Münhendə 52-ci təhlükəsizlik konfransı keçirildi. Və bu konfransı qlobal təhlükəsizlik adına növbəti bir şans kimi də dəyərləndirmək olar. Bu konfransın dünyaya təhlükəsizlik, sabitlik gətirəcəyi ümidiylə bir çox dünya mərkəzlərinin gözü, diqqəti Almaniyanın Münhen şəhərinə fokuslanmışdı. Əbəs də deyildi, çünki konfransda dünyanı narahat edən bir çox məsələlər, o cümlədən Suriya məsələsi və qarşı duran tərəflər arasında atəşkəsin təmin olunması üçün görüşlər, danışıqlar aparılırdı.
Konfrans bir çox çıxışlarla yadda qaldı. Ən önəmlisi isə Rusiya prezidenti öz yerinə göndərdiyi baş nazir Medvedyevin çıxışı oldu. O mənada yox ki, Medvedyev Suriyada, yaxud qlobal təhlükəsizliklə bağlı hansısa çıxış yolları göstərməklə yadda qaldı. Əksinə, birtərəfli, yalanlarla dolu, dünyanın gözünə kül üfürmək məqsədli bir çıxış oldu ki, bu da təbii ki, demokratik dünya nümayəndələrinin ciddi etirazı ilə qarşılandı. Ancaq bu barədə bir az sonra. Hələliksə Münhendə fevralın 12-də “Suriyada atəşkəsin əldə olunması” ilə bağlı razılığa diqqət edək.
Ev sahibi Almaniyanın XİN rəhbəri Frank-Valter Ştaynmayerin açıqlamasına görə, Münhen danışıqlarında təcili olaraq “zorakılığın əhəmiyyətli dərəcədə azaldılması” yönündə Suriya ilə əlaqədar təmas qrupu razılaşma əldə edib. Razılaşmaya əsasən, Suriyada bir həftə ərzində bütün döyüş əməliyyatları dayandırılmalıdır.
Əslində bu razılaşma dünya, Avropa və Yaxın Şərq adına ümidverici bir davranışdır. O mənada ki, atəşkəs təmin olunarsa, növbəti həftələrdə yenidən Əsəd rejimi ilə müxalif güclərin nümayəndələri arasında danışıqları bərpa etmək mümkün olacaq. Bu da təbii ki, regionda sülhə aparacaq tək yoldur. Alternativi savaşdır ki, bu da artıq çox təhlükəli həddə gəlib çatıb. Və bundan sonra regional və dünya güclərinin geosiyasi maraqları toqquşduğu üçün hətta kiçik bir tələsik addım, yaxud qığılcım 3-cü dünya savaşını başlada bilər. Heç bir şişirtmə olmadan demək olar ki, 3-cü dünya savaşı qapıları döyməkdədir. O baxımdan Münhen konfransında əldə olunan razılaşmanı sözün əsl mənasında həyata daşımaq mümkün olacaqsa, bu bir tarixi məqam olacaq və nəticədə böyük yanğından geriyə dönüş olacaq. Belə bir təhlükənin olduğunu Rusiya baş naziri Medvedyev də Münhenə səfər öncəsi etiraf etmişdi. Doğrudur, bu açıqlamada Rusiyanın geosiyasi maraqları olmamış deyil və bunun bir çəkindirici amil olduğu şübhə doğurmur.
İndi gözlər Münhen razılaşmasındadır, sözlər tutulacaqmı deyə, hamı gözləmə mövqeyindədir.

Atəşkəslə bağlı öhdəliklər yerinə yetiriləcəkmi?

Bunu ona görə xatırlatdım ki, yanvar ayında BMT TŞ-da Suriyada atəşkəslə bağlı 2250 nömrəli qətnamə qəbul olunmuşdu  və bu sənədə Rusiya da səs vermişdi. Ancaq bu qətnamənin mürəkkəbi qurumamış Rusiyanın bombardmanları davam etdi və nəticə etibar ilə Əsəd rejimi, İran və hizbullahçıların da yer aldığı bu koalisiya ard-arda Suriyanın inqilab mərkəzi olan Hələb şəhərinin əksər rayonlarını müxalif güclərdən geri aldılar. Məhz bu baxımdan Rusiyanın iştirak etdiyi istənilən razılaşmaya qeyri-iradi olaraq skeptik yanaşılır. Bu gerçək Münhen razışmasından sonra verilən açıqlamalardan da görsənir.
Məsələn, ABŞ dövlət katibi Con Kerri razılaşma ilə əlaqədar fikir bildirərkən çox ehtiyatlı sözlərdən istifadə edib və dolayısıyla Rusiyanın bu öhdəliyi yerinə yetirəcəyinə şübhə ilə yanaşdığını hiss etdirib. O, bildirib ki, bu razılaşma təmas qrupu üzvlərinin üzərilərinə götürdükləri öhdəliklərin yerinə yetirilib-yetirilmədiyinin yoxlanışı olacaq.
Razılaşmaya əsasən, bölgələrə ərzaq və dərmanların çatdırılması üçün bütün bölgələrin mühasirəsi aradan qaldırılacaq.
Ancaq buna rəğmən İŞİD terrorçularına qarşı hərbi əməliyyatlar davam etdiriləcək.
Rusiya XİN rəhbəri Lavrov Suriyada atəşkəsin təmin olunması üçün ABŞ-Rusiya işçi qrupunun yaradıldığını, qrupa diplomat və hərbçilərin daxil olunduğunu da bəyan edib. Və qrupun sabahdan etibarən Cenevrədə mütəmadi olaraq fəaliyət göstərəcəyi də Lavrovun açıqlamasında yer alıb.
Lavrov daha sonra bildirib ki, ilk dəfədir təkcə siyasi və humanitar yöndə əməkdaşlıq və koordinasiya olunma məsələləri deyil, eyni zamanda Suriya münaqişəsinin hərbi cəhətdən dəyərləndirilməsi də vacib şərt kimi qəbul edilib.
Lavrov həmçinin təmas qrupu ölkələrin öz nüfuzundan istifadə edərək Suriyadakı müxalif güclərə BMT ilə əməkdaşlıq yönündə təsir edəcəklərinə ümid etdiklərini də söyləyib. Halbuki BMT-nin qətnaməsini ilk pozan və atdığı imzaya hörmət etməyən ölkə də məhz Rusiya özüdür. Və bu faktı bütün təmas qrupu ölkələri də bilir.
ABŞ dövlət katibi Kerri isə tezliklə Əsəd rejimi ilə müxalif güclərin Cenevrədə yenidən bir araya gəlmələri vacibliyindən danışıb. Bu yöndə Suriya müxalifətinin ali komitəsinin nümayəndəsi də bildirib ki, əgər bütün tərəflər razılaşmaya sözdə deyil, işdə əməl etsələr, onda biz sizinlə tezliklə Cenevrə danışıqlarında görüşəcəyik.

Rusiya atəşkəsə niyə razı oldu?

Rusiya Suriyanın inqilab simvolu olan Hələb şəhərinin tamamını Əsəd rejiminin nəzarətinə vermək ərəfəsində niyə Münhendə atəşkəs razılaşmasına imza atdı?
Bu sual özüylə cavablar əvəzinə əlavə bir çox suallar ağıllara gətirir. Əcaba, ABŞ-la Rusiya arasında hansı bazarlıqlar oldu ki, Rusiya Suriyada hər şey yaxınkən, yarı yoldan döndü?
Yaxud, Rusiyaya Ukrayna ilə bağlı nələr vəd olundu və bunun müqabilində sanksiyalar ləğv olunacaqmı?
Bu sualların cavablarını qismən də olsa, Rusiyanın baş naziri Medvedyevin Münhen konfransındakı narahatedici olduğu qədər də təhdidedici, yanıldıcı çıxışında sezmək mümkündür. Hiss olunur ki, Ukrayna ilə, eləcə də sanksiyalarla bağlı ABŞ-la hər hansı bir bazarlıq və anlaşma olmayıb. Belə olmasaydı Medvedyev soyuq müharibədən, 3-cü dünya müharibəsi təhlükəsindən, sanksiyaların onlara elə də ciddi ziyan vermədiyindən və Rusiyann “tükənməz” ehtiyat maliyyə resurslarından danışmaz və sanksiyaların tezliklə ləğv olunacağına ümid etdiklərini dilə gətirməzdi.
Demək ki, Rusiyanı atəşkəsə vadar edəcək başqa ciddi məqamlar mövcuddur. Bunu isə elə yenə də Medvedyevin Münhen səfəri öncəsində verdiyi açıqlamalarda tapmaq mümkündür. O, bu ərəfədə dünyanın yenidən soyuq müharibə dönəminə qayıtdığını və hətta belə gedərsə, 3-cü dünya müharibəsinin başlayacağını vurğulamışdı. Bu fikir nə qədər çəkindirici effekt yaratmağı hədəfləsə də, özündə həm də Rusiyanın ehtiyat etdiyi məqamları da daşıyır. Çünki Səudiyyə Ərəbistanı və Türkiyənin Suriyada quru əməliyyatlarının keçirilməsinə hazırlaşmasının dilə gətirilməsi də göstərir ki, Rusiya və onun koalisiya ortaqları bunun həyata keçirilməsindən çox narahat olmuşlar. Ona görə ki, bu hazırlığın məhz ABŞ dəstəkli olduğunu anlayırlar.
Ayrıca ABŞ koalisiyasının quru əməliyyatlarına başlaması Rusiyanın başçılıq etdiyi koalisiyanın indiyədək əldə etdiyi hərbi uğurların üstündən xətt çəkəcəyini də bilirlər. Elə götürün Münhen konfransı öncəsində müxalif güclərin əks hücuma keçərək Hələbin şimalında ötən həftə itirdikləri strateji aerodromun qaytarması hadisəsini. Bu yeganə hadisə deyil. Müxalif güclər bir də bu ərəfədə Türkməndağı bölgəsində strateji 4 kəndi də Əsəd güclərinin əlindən geri alıblar. Və bütün bunlar ABŞ-ın hava dəstəyilə mümkün olub. Halbuki Rusiya atəşkəsin martın 1-nə kimi ertələnməsini istəyirdi ki, Hələb ətrafındakı dairə tam olaraq qapansın və bundan sonra masa arxasında həm Rusiya, həm də müttəfiqləri əli güclü olaraq otursunlar.
Ancaq göründüyü kimi buna imkan verilmədi. Münhen konfransı öncəsində əks hücumla Rusiya və müttəfiqlərinə dərs verdilər ki, əgər dərhal hücumlar dayandırılmasa, ABŞ koalisiyasının quru əməliyyatları başlayacaq və bunun müqabilində də Əsəd rejimi nəinki əldə etdiyi uğurları, hətta tezliklə hakimiyyəti itirəcək və beynəlxalq cinayət məhkəməsinə veriləcək. Bu yöndə artıq müəyyən fikirlər və hüquqi hazırlıqlar da görülür ki, bunu da Əsəd və müttəfiqləri bilməmiş deyil.
Əslində, ABŞ dövlət katibi Kerri də Münhen razılaşmasından sonra bu nəticəyə skeptik yanaşmasını biruzə verməklə bərabər, təhdidedici fikirlərdən də vaz keçməyib. Kerri bildirib ki, bu həftə ərzində Rusiya və müttəfiqlərinin hərəkətləri çox diqqətlə izlənəcək və əgər üzərlərinə götürdükləri atəşkəs öhdəlikləri pozularsa, onda Suriyada quru əməliyyatlarına çox tezliklə başlanıla bilər. Bu isə Rusiya və müttəfiqləri üçün o qədər də böyük seçim imkanı vermir. Məhz bu təhlükəni hiss etdikləri və verilən mesajları doğru dəyərləndirdikləri üçün Münhendə atəşkəslə bağlı razılıq əldə olundu.

Münhen konfransında debat kimi çıxışlar

Rusiyanın baş naziri Medvedyev Münhen konfransında bildirib ki, Avropa İttifaqı ilə Rusiya arasında münasibətlər pozulub, Ukraynada vətəndaş müharibəsidir, Yaxın Şərqdəki münaqişələr isə kəskinləşib: “Bura gəlməzdən öncə mən Rusiya prezidenti Vladimir Putinlə görüşdüm. Biz onun 2007-ci ildə buradakı çıxışını xatırladıq. Putin o vaxt demişdi ki, ideoloji stereotiplər, beynəlxalq münasibətlərdə ikili standartlar beynəlxalq əlaqələrdəki gərginliyi azaltmayacaq, daha da artıracaq. Təəssüflə qeyd etməliyəm ki, bugünkü görüntü daha ciddidir. Bütün iqtisadiyyatlar zəif inkişaf edir. Dünya miqrasiya böhranı ilə üz-üzədir”.
Baş nazir daha sonra bildirib ki, Rusiya ilə NATO arasında münasibətlər “soyuq müharibə” dövründəki vəziyyətə çatıb: “NATO-nun Moskvaya münasibətdə siyasi xətti düşməncəsinə və qapalıdır. Demək olar ki, bizi hər gün gah NATO-ya, gah da ümumilikdə Avropa ölkələrinə, ABŞ-a və başqa ölkələrə təhdid yaratmaqda ittiham olunuruq”.
D. Medvedyev sanksiya siyasətinin də çox zərərli olduğunu qeyd edib: “Birtərəfli iqtisadi təzyiqin genişləndirilməsi, sanksiya tətbiqi təəssüf doğurur. Bunun bəziləri hətta beynəlxalq hüquqa ziddir. Biz həmişə deyirik ki, sanksiya tətbiq edilən ölkəyə deyil, ondan siyasi vasitə kimi istifadə edən ölkəyə ziyandır”.
Çıxışdan göründüyü kimi Rusiya tərəfi növbəti dəfə dünya ictimai fikrini çaşdırmağa, “qara məni basınca mən qaranı basım” taktikasına üstünlük verib. Və bütün reallıqlar ortadaykən yenidən yalanlara yol verilib.
Gerçək bundan ibarətdir ki, 2008-in avqustundan bəri dünya birliyi Rusiyanın aqressiyasını dayandırmaq üçün baş sındırır. Hər həftə Rusiya qırıcıları NATO üzvü olan və olmayan Baltikyanı, Skandinaviya, Şərqi Avropa, Türkiyə və Yaxın Şərq ölkələrinin hava məkanını təhdid edir.
Ayrıca Medvedyev soyuq müharibədən danışarkən heç də səmimi olmayıb. Belə ki, bu gün dünya gücləri Suriyada qarşı-qarşıya dururkən və hər gün kütləvi nisan qırığınana rəvac verilirkən hansı soyuq müharibədən danışmaq olar?
Bunu Litvanın prezidenti xanım Qribauskaytenin təbirincə desək, “bu gün Rusiyanın əliylə soyuq müharibə deyil, qaynar bir müharibə yaşanır.”
Ayrıca dünyanın miqrasiya probleminin güclənməsinə də Rusiya rəvac verib. Bununla Avropa Birliyinin vahid iqtisadi, siyasi məkan layihəsinin darmadağın edilməsini, parçalanmasını hədəfləyib ki, nəticə etibarı ilə bu da qeyri-iradi olaraq Rusiyaya tətbiq olunan sanksiyaların aradan qalxmasını şərtləndirərdi.
Kinfransda Ukrayna prezidenti Poroşenkonun Medvedyevə cavabı da özünü çox gözlətməyib. Poroşenko Medvedyevin Ukrayanada “vətəndaş müharibəsi gedir” fikrinə qarşı bildirib ki, “Ukraynada olan vətəndaş müharibəsi deyil, Rusiyanın mənim ölkəmə qarşı aqressiyasıdır. Suriyada olanlar da vətəndaş müharibəsi yox, Rusiyanın mülki şəxsləri bombardman etməsidir.”
Fransızlar da Medvedyevin dərsini verməyi unutmayıblar. Fransa Rusiyanı Suriyada münaqişəni daha da qızışdırmaqda və mülki şəxsləri bombardman etməkdə ittiham edib.
Göründüyü kimi, artıq dünya birliyi Rusiyanın yalanlarına inanmır. Ona görə də məsələni daha konkret qoyub. Yəni əgər atəşkəs pozulub, yenidən hərbi əməliyyatlar Rusiya, yaxud İran və Əsəd rejimi tərəfindən başlarsa, onda quru əməliyyatlarına rəvac veriləcək. Və bunun təkcə çəkindirici sözdən ibarət olmadığı da artıq konkret əməllərlə bərkidilib. Belə ki, Türkiyə rəsmiləri Səudiyyə Ərəbistanına məxsus qırıcı təyyarələrinin İncirlik bazasına təşrif buyurduğunu artıq təsdiq edib və tezliklə quru qoşunlarının da gətirilməsinin mümkün olacağını istisna etməyib.
Bütü bunlar göstərir ki, dünya çox strateji qərarlar vermə ərəfəsini yaşayır. Və dünya ictimai fikrinə “savaşmı, yoxsa sülhmü”, ritorik sualı hökmrandır.
Bu sualın cavabını bu həftə Rusiya və müttəfiqlərinin sonrakı davranışları müəyyən edəcək.
Natiq Miri