“Müəllimlərin maaşını kəsdi ki, nazir Əbülfəs Qarayevin borcu var” - ŞOK İDDİA

Baxış sayı:
5656

Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 32 saylı uşaq musiqi məktəbi Mədəniyyət Nazirliyinin qərarı ilə ləğv olunaraq Maştağa qəsəbəsində yerləşən 10 saylı uşaq musiqi məktəbinə birləşdirilir.

Muxalifet.az “virtualaz.org”a istinadla xəbər verir ki, nəticədə 9 kənd və qəsəbədən olan 200-dək şagird musiqi təhsilindən uzaqlaşır, 48 nəfərlik müəllim kollektivi iş yerini itirmək təhlükəsi ilə üz-üzə qalıb.

Bu il fevral ayının 1-dən birləşmənin həyata keçirilməsi ilə bağlı mədəniyyət nazirinin əmri olsa da, məktəbə dərs ilinin sonunadək hazırkı binada fəaliyyət göstərməyə icazə verilib.

Məktəbin 48 nəfərlik müəllim heyəti adından bir qrup müəllim virtualaz.org–un redaksiyasına problemlə bağlı müraciət edib.

Onların sözlərinə görə, məktəbin bağlanmasına səbəb Mədəniyyət Nazirliyinin məktəbə qarşı “qərəzli münasibətidir”.

Şikayətçilər bildirirlər ki, məktəbə bundan əvvəl beş il Mübariz Quliyev adlı şəxs rəhbərlik edib. Onun dövründə məktəbdə yeyinti halları aşkarlanıb və həmin şəxs işdən azad olunub. Elə bütün problemlər də bununla başlanıb.

“Bildiyimizə görə, bu şəxs korrupsiyaya görə 13 nömrəli məktəbdən qovulmuşdu, amma gətirib bizim məktəbə direktor qoydular və bu illər ərzində bizim başımıza olmazın oyunlar açdı.

Keçdiyimiz dərslərin pulunu vermirdi, məsələn, jurnalda 25, 36 saat dərs yazılırdı, amma 12, 18 saatının pulunu alırdıq. İki il musiqi müəllimlərinin maaşını kəsdi ki, nazir Əbülfəs Qarayevin borcu var.

Onun bu hərəkətlərindən bezən müəllimələrdən biri direktoru və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikovu məhkəməyə verdi.

Bir il sürən məhkəmə prosesi nəticə verdi, məktəbə yoxlamalar gəldi, M. Quliyevi işdən uzaqlaşdırdılar.

Ondan sonra nazirlikdə məktəbin müəllimlərinə qarşı qərəz yarandı...”, - musiqi nəzəriyyəsi müəllimi Esmira Səbzəliyeva bildirir.

Keçmiş direktor Mübariz Quliyev

Müəllimlər bildirirlər ki, şikayətlərdən sonra ötən tədris ili başlayanda məktəbə qəbul verilməyib.

Onlar bildirirlər ki, musiqi məktəbi keçmiş Kirov adına zavodun binasında yerləşir və orada məktəblə yanaşı polis bölməsi və bələdiyyə də var.

Hazırda bina SOCAR tərəfindən alınıb və polis bölməsi üçün bina tikilib, bələdiyyə başqa binaya köçürülür. Lakin musiqi məktəbi Mədəniyyət Nazirliyinin balansında olduğuna görə onlar nəzərə alınmır.

“Biz bura həm də Zabrat əhalisi adından gəlmişik. Əhali də bu vəziyyətdən narazılıq edir. Çünki Zabratın 5 məktəbindən şagirdlər bizim musiqi məktəbinə gəlir.

Bura keçmiş Kirov adına zavodun ərazisidir. 1997-ci ildən bu binada işləyirik və hər il də öz gücümüzə məktəbi təmir edirik.

Həmişə də 200-ə qədər şagirdimiz olub. Əslində qəbul versələr 500 şagird də yığarıq. Çünki Sabunçu, Balaxanı, Kürdəxanı, Pirşağı, Savalan, Məhəmmədli kimi 9 kənd və qəsəbədən bu məktəbə şagird gəlir. Belə bir məktəbin bağlanması mədəniyyətə zərbədir”, - məktəbdə pianino dərsi keçən Vəfa Səmədova deyir.

Müəllimə bildirir ki, əgər şagirdləri onunla yeni məktəbə getmirsə, o, Maştağada işləyə bilməyəcək:

“Şagirdləri də qınamıram, evlərinə yaxın olduğuna görə, yolun üstündə yerləşdiyinə görə bizim məktəbə yazılıblar. Uşaq bir neçə avtobus dəyişərək Maştağaya necə gedib-gəlsin?

Şagird sayı yetərincə olmadığına görə bizə saat verilməyəcək. Baş İdarədən bizə deyirlər ki, heç bir müəllimin saatını alıb sizə verə bilmərik, gedin sıfır saatla gələn ili gözləyin, bəlkə uşaq oldu”.

Məktəbin fortepiano müəlliməsi Sədəf Cəfərova bildirir ki, sentyabr ayında mədəniyyət naziri Əbülfəs Qarayevin qəbulunda olub ona dərdlərini danışsalar da, nazir onları təhqir edib:

“Nazirlə Sumqayıtda görüşdük. Bizi təhqir elədi, dedi ki, “32 saylı məktəbi mən bağlamışam, qəbulu mən verməmişəm.

Sizi tövlədən çıxarıb saraya aparırıq”. Soruşduq ki, bəs biz 25 il bu tövlədə işləyəndə siz hara baxırdınız? 5 il Mübariz müəllim məktəbi yeyib-talayıb.

Şəxsən mənə 36 saat dərs yazıb, amma 18 saatın plunu almışam. Narazılıq edəndə də, saat vermirdi, deyirdi ki, uşaq yoxdur. Bizə deyirlər ki, məktəbdə 300 saat yeyinti olub.

Onu biz yemişik? Yeyinti edəni işdən çıxardınız da, daha məktəbi niyə bağlayırsınız?”

Şikayətçilər qeyd edirlər ki, nazir onları üsyan etməkdə və şagirdləri nazirliyə qarşı qaldırmaqda ittiham edib. Üstəlik bildirib ki, Zabratla Maştağanın arasında cəmi 10 dəqiqəlik məsafə var:

“Nazir düşünmür ki, özü lüks maşınla gedir, bizim isə maşınımız yoxdur, həm müəllimlər, həm şagirdlər bir neçə avtobus dəyişərək məktəbə gedirik. Masazırdan, Yasamaldan gələnlərimiz var.

Mən Əbülfəs Qarayevə dedim ki, mənim əlil uşağım var, onu qoyub uzaq yerə gedə bilmirəm, mənə pul lazımdır. O, isə kobudcasına “bu mənim problemim deyil” dedi”, - E. Səbzəliyeva bildirir.

Şikayətçi deyir ki, qəbuldan çıxanda Birinci vitse-prezident Mehriban Əliyevanın qəbuluna gedəcəklərini bildiriblər. Bundan narahat olan nazir onları çağıraraq könüllərini alıb:

“Bizə vəd etdi ki, Zabratdakı məktəb filial olaraq qalacaq. Hansı müəllim istəsə, Maştağaya gedə bilər.

Söz verdi ki, bizə bina veriləcək, lakin sözünü tutmadı. Hazırda bizə məktub gəlib ki, kompaktlaşma ilə əlaqədar musiqi məktəbi ləğv olunur.

Əslində isə kompaktlaşma odur ki, mədəniyyət evi, kitabxana, musiqi məktəbi bir binada yerləşdirilsin.

Bu, o demək deyil ki, bir musiqi məktəbini aparıb başqa bir musiqi məktəbinə birləşdirsinlər…”, - müəllimlər bildirirlər.

Məktəbin bağlanmasına etiraz edən müəllimlər dövlət başçısından, birinci vitse-prezident Mehriban Əliyevadan onların problemlərinə biganə qalmamağı, 9 kənd və qəsəbəni musiqi məktəbisiz qoymamağı xahiş edirlər.

Onlar qeyd edirlər ki, ən azı Zabrat qəsəbəsində yerləşən Eyvaz Paşayev adına mədəniyyət sarayını təmir edib məktəbi ora köçürmək olar.

Şikayətlə bağlı Mədəniyyət Nazirliyinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə əlaqə saxladıq. İdarədən virtualaz.org-a bildirdilər ki, 32 saylı uşaq musiqi məktəbinin köçürülməsi binanın yararsız vəziyyətdə olması ilə əlaqədardır:

“Həmin məktəbin köçürülməsi tək idarənin deyil, daha yüksək instansiyaların qərarıdır.

Çünki bu köçürülmə zəruri idi. Uşaqların təhlükəsizliyini təmin etmək, daha normal şəraitdə təhsil almalarını təmin etmək üçün bu addım atılıb.

Həm də heç kim kənarda qalmayıb, həm müəllimlər işlə təmin olunublar, həm də uşaqlar təhsilsiz qalmayıblar.

Biz sadəcə məkanı dəyişmişik ki, uşaqlar daha qəşəng, daha yaxşı şəraitdə, daha təhlükəsiz məkanda oxusunlar”.

İdarədən həmçinin o da bildirilib ki, yeni məktəb kiminsə evindən uzaq düşə bilər. Bu qərarın verilməsində əsas uşaqların tədris şəraitinin yaxşılaşdırılmasıdır.