Müəllimlərin maaşı niyə verilmir?

Bir qrup təhsil işçisi dekabr ayının maaşını hələ də almayıb.
Bu barədə Abşeron rayonunda çalışan müəllimlər məlumat verib. Bildirilir ki, rayonda ümumilikdə 250-yə yaxın müəllimin əməkhaqqı “Kapital Bank”dakı maaş kartlarına köçürülməyib.
Abşeron rayon təhsil şöbəsinin mühasibatlıq bölməsindən “Qafqazinfo” ya problemin səbəbini bilmədiklərini dedilər.
“Kapital Bank”dan isə araşdırıb bildirdilər ki, vəsaitin kartlara köçürülməməsinin səbəbi bankla bağlı deyil.
Şikayəti araşdırarkən məlum oldu ki, əslində problemin miqyası böyükdür. Belə ki, təkcə müəllimlər yox, həmçinin bir qrup təqaüdçü və səhiyyə işçisi də ötən ilin dekabr ayının maaşını hələ də almayıb. Əldə etdiyimiz məlumata görə, maaşların gecikdirilməsinin səbəbi Maliyyə Nazirliyi tərəfindən pulların köçürülməməsi ilə bağlıdır.