""Müəllimlərin maaşı artacaq" demək şoudan başqa bir şey deyil" - EKSPERT

 
Nabatəli Qulamoğlu: "Repetitor fəaliyyəti ilə məşğul olan müəllimlər kifayət qədər qazanırlar, nəinki diaqnostik qiymətləndirmədə iştirak edənlər. Bunu müqayisə edib, nəticə çıxarmaq olar”
 
"Diaqnostik qiymətləndirmədən sonra müəllimlərin maaşlarında böyük fərq olmur”.
Bunu "Sherg.az”a diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlərin əmək haqqının artırılmasından danışarkən təhsil eksperti Nabatəli Qulamoğlu deyib.
O bildirib ki, bu məlumat şoudan başqa bir şey deyil:
"Təhsilimizdə kadr çatışmazlığı ən başlıca problemlərdəndir. İkinci yerdə dayanan ən mühüm problem isə korrupsiyadır. Diaqnostik qiymətləndirməni aparmaqla təhsilimizdəki kadr problemini həll etməyə çalışırlar.
Lakin bu addımlar birtərəflidir. Düzdür, məqsəd savadlı müəllimlərlə savadsız müəllimlərin trasformasiyasını təşkil etməkdir. Yəni savadsız müəllimlər tədricən sıxışdırılıb çıxarılsın, savadlı müəllimlər onların yerini tutsun.
Təəssüf ki, diaqnostik qiymətləndirmə ilə məvacib alan müəllim o qədər də maraqlı olmur. Bu onun üçün stimul deyil ki, maaşın cüzi artması ilə müəllimlər başqa sahəni atıb, sırf buna yönəlsin. Ona görə, bu artım formal xarakter daşıyır.
Repetitor fəaliyyəti ilə məşğul olan müəllimlər kifayət qədər qazanırlar, nəinki diaqnostik qiymətləndirmədə iştirak edənlər. Bunu müqayisə edib, nəticə çıxarmaq olar”.
Qeyd edək ki, 2017-ci ilin aprel-may ayları ərzində keçirilən qiymətləndirmədə iştirak edənlərin əmək haqqı 2018-ci ilin yanvar ayından etibarən 40 faizə yaxın artacaq.