​Müəllim tərəfindən başına zərbə endirilən şagird iflic oldu – CƏLİLABADDA ŞOK OLAY / VİDEO

Baxış sayı:
20143

Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə 8-ci sinif şagirdi Abdıyev İbrahim Hüseynalı oğlu tarix müəllimi Vaqif Cəfərov tərəfindən vəhşicəsinə döyülüb. Bu haqda Muxalifet.az-a məlumat verən şagirdin yaxınları deyir ki, hadisə təxminən iki ay əvvəl baş verib. V.Cəfərov məktəblinin başına çox ağır zərbə endirdiyindən o, iflic olub və 2 aya yaxın xəstəxanada yatıb. Hazırda da hərəkət edə bilmir, yataq xəstəsinə çevrilib. İbrahim Abdıyevin yaxınları deyir ki, hüquq-mühafizə orqanları valideynlərinin şikayətinə baxmır. Məlumata əsasən, məktəblinin xəstəxana xərclərinə 6 min manatdan çox vəsait xərclənsə də, müəllim və məktəb rəhbərliyi tərəfindən heç bir köməklik göstərilməyib. O da qeyd olunur ki, Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə dəfələrlə şagirdlərin döyülməsi halları baş versə də, hər dəfə bu faktlar gizlədilib. Məlumata əsasən, iki gün əvvəl bu məktəbdə Məlikov Həsənağa Əlisoltan oğlu da yuxarı sinif şagirdləri tərəfindən döyülərək, ağır travma alıb. Hazırda döyülən şagirdin valideyni tərəfindən hüquq-mühafizə orqanlarına şikayət olunduğu və hazırda məlum hadisənin rayon prokurorluğu tərəfindən araşdırıldığı bildirilir. Muxalifet.az Redaksiyadan. Mövzunu araşdıracağıq. Yazıda adları keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə çalışacağıq. Bizi izləyin.