“Müharibənin başlaması istisna deyil” – POLAD BÜLBÜLOĞLUDAN SENSASİON XƏBƏRDARLIQ

Baxış sayı:
2187

Azərbayacanın Moskvadakı səfirliyi Ermənistanla sərhəddə, Tovuz istiqamətində iki gündür gedən şiddətli döyüşlərin irimiqyaslı hərbi əməliyyatlara keçəcəyini istisna etmir.
Belə bəyanatla səfir Polad Bülbüloğlu “Danışır Moskva” (“Qovorit Moskva”) radiostansiyasının efirində çıxış edib. Səfirin müsahibəsinin xülasəsini “Nezavisimaya qazeta” dərc edib.
Bülbüloğlu bildirib ki, Azərbaycan dövləti işğal edilmiş Qarabağı geri qaytarmaq niyyətindədir. Onun sözlərinə görə, sərhəddə münaqişə irimiqyaslı toqquşmalara keçə bilər.
“Azərbaycan-Ermənistan sərrhədndə dünən baş verənlər nəsə yeni və sensasion deyil. Mən dəfələrlə demişəm, bu haqda prezident İlham Əliyev də deyib ki, Azərbaycan öz ərazilərinin 20 faizinin itirilməsi ilə heç vaxt barışmayacaq. Söhbət hətta Dağlıq Qarabağın özündən getmir, söhbət ondan getmir ki, kimsə oradan erməni millətinə mənsub şəxsləri qovub çıxarmaq istəyir. Söhbət Azərbaycanın 20 faiz işğal edilmiş ərazisindən gedir. Siz necə düşünürsünüz, on milyonluq əhaliyə malik olan, zəngin, infrastruktur baxımından inkişaf etmiş və yaxşı silahlanmış ölkə öz ərazisinin işğal altında qalmasına hüdudsuz zaman ərzində dözməlidir? Bu ki mümkün deyil”,-səfir deyib.
Polad Bülbüloğlu qeyd edib ki, sülh danışıqları heç bir nəticə vermir. Bununla əlaqədr olaraq regionda tammiqyaslı hərbi əməliyyatların başlaması istisna deyil.
“Nə qədər ki, Azərbaycan əraziləri işğal altındadır, belə insidentlər qaçılmazdır. Biz bu haqda fəal döyüş əməliyyatlarının getdiyi 2016-cı ildə də demişik. Təəsüf ki, böyük ölkələr, bizim qonşularımız bu münaqişəni tormozlamağa cəhd edir ki, o sonsuzadək uzansın. Danışıqlar danışıqla xatirinə aparıla bilməz. Danışıqlar nəticə verməlidir. Əgər nəticə vermirsə o zaman təbii ki, döyüş əməliyyatları olacaq. Ona görə də lazımdır ki, mövqe birdəfəlik aydın olsun. Mən təəcüblənirəm ki, onu dinləyirlər, amma başa düşmürlər. Biz bu haqda dəfələrlə danışmışıq ki, Azərbaycan xalqı öz ərazilərinin itirilməsi ilə barışmayacaq. Söhbət işğalçı qoşunların Azərbaycan ərazisindən çıxarılmasından gedir. Nə qədər ki, bu qoşunlar Azərbaycan ərazisindədir, belə münaqişələr davam edəcək və günün birində irimiqyaslı müharibəyə, bütün region üçün fəlakətə çevriləcək”,-Polad Bülbüloğlu belə deyib.
Səfir vurğulayıb ki, Bakı Cənubi Qafqazda ikinci erməni dövlətinin yaradılmasına yol verməyəcək. Onun sözlərinə görə, sərhəddə baş vermiş insidentdə kimin atışmanı birinci başladığı, kimin cavab verdiyi elə də önəmli deyil. “Bütün bunlar əhəmiyyəti olmayan detallardır. Sual bundadır-niyə belə toqquşmalar baş verir? Çünki Azərbaycan əraziləri işğal edilib. Çünki xarici işğalçı qüvvə Azərbaycan ərazilərinin bir hissəsini güc yoluyla nəzarətdə saxlayır. Mən bundan utanmıram və deyirəm ki, bu münaqişəni beynəlxaq hüquq əsasında həll etməyin vaxtıdır. Beynəlxalq hüquq isə bütünlüklə Azərbaycanın tərəfindədir. Axı buna nə qədər dözmək olar? Bu təxminən ona oxşayır ki, sizin mənzilinizdə müəyyən vaxt üçün kiməsə müvəqqəti yaşamağa icazə vermisiniz, sonra isə həmin adam deyir: “Mən burada yaşamışam, mənzil mənimdir, ev sahibi, buradan rədd ol”. Bu gün Azərbaycan ordusu Ali baş komandanın qarşıya qoyduğu vəzifəni yerinə yetirməyə hazırdır. Ali baş komandan isə belə komanda vermir, çünki qan axıdılmasını istəmir. Azərbaycan dünən növbəti itkilərini verib. Biz onları gizlətmirik. Məsələni həll etmək lazımdır. Biz onu sülh yolu ilə həll etməyə hazırıq. Lakin danışıqlar xatirinə danışıqlar deyil, konkret, substansiv danışıqlar lazımdır ki, məsələni ölü nöqtədən tərpətsin. Nə qədər ki, məsələ həll edilməyib, belə hadisələr ola bilər. Və bir daha qeyd edirəm ki, bütün neqativ nəticələrlə irimiqyaslı toqquşmalara keçər”,-Bülbüloğlu deyib./virtualaz.org