Müharibələr KOSMOSA KEÇİR: Pentaqon SSENARİNİ AÇIQLADI

ABŞ-ın Hərbi Hava Qüvvələrinin kosmik komandanlığının rəhbəri, general Con Reymond “kosmik müharibə”nin aparılması üsulundan danışıb.
Muxalifət.az xəbər verir ki, bu haqda “Popular Mechanics” nəşrinə müsahibəsində danışan general Rusiyanın ən azı 1980-ci illərdən antipeyk silahının tədqiqatı ilə məşğul olduğunu deyib.
Bundan başqa, Raymond Çinin bu sahədəki fəaliyyətindən narahatlığını ifadə edib. Çinin hələ 2007-ci ildə antipeyk silahı kimi nəzərdə tutulan ballistik raket sınaqlarını keçirdiyini xatırladan amerikalı general ABŞ-ın əks addımlar olaraq kosmosda hipotetik hücumdan müdafiə vasitələrini hazırladığını söyləyib.
“Trayektoriyanın dəyişdirilməsindən kinetik silahın tətbiqinə qədər bir çox üsul mövcuddur. Mən təfsilatlara girməyəcəyəm”, - Raymond qeyd edib.
O əlavə edib ki, 2030-cu ilə qədər ABŞ Hərbi Hava Qüvvələri potensial təhlükələri aşkar etməyə və saxlamağa, həmçinin zəruri olduqda rəqibin aparatlarını sıradan çıxarmağa imkan verən kosmik donanmanı yaradacaq.
Qeyd edək ki, Çin 2014-cü ildə “Dong Neng 3” (“DN-3”) yeni antipeyk raketinin sınağını keçirib. “Dong Neng 3” yüksək orbitlərdə kosmik aparatların məhv edilməsi üçün nəzərdə tutulmuş Çin antipeyk kompleksinin üçüncü nəslidir. Raketin ilk sınağı 2007-ci ildə olub. Çin ərazisindən buraxılmış raket köhnəlmiş Çin peykini hissələrə bölüb.
Məlumata görə, Çində antipeyk silahının ən azından bir sistemi var: “SC-19”. “SC-19” sistemi “KT-2” ballistik raketlərlə təmin edilib. “KT-2”də partlayıcı maddə olmasa da, toqquşma yolu ilə rəqibin peyklərini məhv edir.
Çin antipeyk silahı Amerika peyklərinin müxtəlif tiplərinə, kəşfiyyat peyklərinə qarşı istifadə oluna bilər. ABŞ-ın bu peykləri itirəcəyi halda Çin üzərində kəşfiyyat tapşırığını yerinə yetirmək çətin olacaq. ABŞ qoşunları peyklərdən əhəmiyyətli dərəcədə asılıdır. Çinin antipeyk silahı ABŞ-ı qorxudan beş silah növündən biri hesab edilir.
“The National Interest” nəşri isə bu vaxtlarda Rusiya konstruktorlarının hərbi texnologiya sahəsində müvəffəqiyyətləri haqqında xəbərlər seriyasını dərc edib. Xəbərlərdə yeni antipeyk silahından da danışılır.
Nəşr qeyd edir ki, Rusiya “Nudol" orbitində peykin ələ keçirilməsi üzrə müvəffəqiyyətli raket sınağını keçirib.
“Bu, yeni silahın ikinci sınağıdır. Raket kosmosda peykləri məhv etməyə qadirdir. Bu raket Rusiyanın şimalında yerləşən Plesetsk kosmodromundan buraxılıb”, - “The National Interest”in xəbərində deyilirdi.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) isə 2016-cı ildə müharibələrin kosmosa keçəcəyi barədə xəbərdarlıq edib.​/publika/