Müharibədə 3 dəfə yaralanan xanım döyüşçüdən PREZİDENTƏ SENSASİON MÜRACİƏT – “Nazirlikdən dedilər ki, sənə daxma tikməyə maddi imkanımız yoxdur”

Baxış sayı:
3034

Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, korpus 18, Mədən -1, ev 215-də kirayədə yaşayan 1-ci qrup Qarabağ Müharibəsi əlili Rəsulova Sevgili Almurad qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə, müdafiə naziri Zakir Həsənova, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə və digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edən Qarabağ əlili Maştağa qəsəbəsində aldığı 0.03 ha torpaq sahəsində 2 otaqlı balaca fərdi yaşayış evinin tikilməsi üçün lazım olan inşaat materialları ilə təmin edilməsinə köməklik göstərilməsini xahiş edir:
“Çox hörmətli Ali Baş Komandan!
Mən 1990-ci ildən Ağdam rayonunda “20 Yanvar” könüllü özünümüdafiə batalyonunun yaradılmasında iştirak edərək Xocalı, Ağdərə, Laçın rayonlarının müdafiəsində döyüşmüşəm. Döyüşlərdə 3 dəfə ağır yaralanmışam. Sağlamlıq vəziyyətim çox ağır olduğundan Ulu Öndərin tapşırığı əsasında Türkiyə Cumhuriyyətində “Gülhanə” Əsgəri Hospitalında 1 il 6 ay müalicə olunmuşam. 1994-cü ildə isə Ulu Öndərin yardımı sayəsində müalicəmi davam etdirmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York ştatına aparılmış və 2 aydan çox müalicə olunmuşam.
8 il əlil arabasında gəzmişəm, 2013-cü ildə Almaniyada müalicə olunduqdan sonra əlil arabasından nəhayət ki, ayağa qalxmağı bacarmışam. Hal-hazırda da sağlamlığımın tam bərpası üçün müalicə reabilitasiya tədbirlərini davam etdirirəm. Bu gün həyatda qalmağıma və yaşamağıma görə Ulu Öndər Heydər Əliyevə və şəxsən Sizə borcluyam.
Cənab Ali Baş Komandan!
Siz hər zaman Azərbaycanın ərazi bütövlüyü uğrunda əlil olmuş biz vətəndaşların yanında olmusunuz, bizim mənzil-məişət və digər problemlərimizin həll olunmasına köməklik etmisiniz.
2013-cü ildə sağlamlığımda yenidən ağır problemlər yarandığından (onkoloji xəstəliyə qarşı) müalicəm üçün Mingəçevirdə yaşadığım  mənzilimi, qiymətli əşyalarımın hamısını satıb müalicə və əməliyyata sərf etmişəm.
Sağlamlıq vəziyyətimdə yaxşılaşma olsa da, hal-hazırda davamlı müalicəyə və reabilitasiyaya ehtiyacım var. Ona görə də müalicələrimi davam etdirmək və daimi həkim nəzarətində olmaq üçün Bakı şəhərində yaşamaq məcburiyyətində qalmışam. Qohumlarımın maddi yardımı ilə Maştağa qəsəbəsində 3 sot torpaq sahəsi almışam ki, babat bir daxma inşa etdirib, içində tək yaşayıb ömrümü başa vurum. Lakin hazırda maddi imkanım olmadığına görə, bu arzumu həyata keçirə bilmirəm. Mənə əlilliyə görə 220 manat və Prezident təqaüdü olaraq 182 manat verilir ki, bununla da yalnız kirayə haqqını və minimum qidalanmağımı təmin edirəm. Müalicəmi davam etdirmək üçün lazım olan dərmanları əldə etməyim imkan xaricindədir. Məsələ ilə bağlı 3 ay əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevin qəbulunda oldum. Sağ olsun, birinci məni qəbul etdi, dinlədi və söz verdi ki, əlimdən gələni edəcəyəm ki, bu probleminiz həll olsun. Çox təəssüflər olsun ki, Nazirlikdən aldığım cavabda qeyd edilir ki, probleminizi həll etməyə imkanımız yoxdur. Eyni cavabı Fövqəladə Hallar Nazirliyi də vermişdir. Ona görə də məcbur olub Sizə müraciət edirəm.
Cənab Ali Baş Komandan!
Dəfələrlə bu barədə yuxarı direktiv orqanlara teleqram və ərizə ilə etdiyim müraciətlərə çox təəssüflər olsun ki, formal və başdansovudu cavablar verilir. Mən inanıram ki, müraciətim Sizə şəxsən çatarsa, məmuniyyətlə mənə köməklik göstərilməsi barədə göstəriş verərdiniz. Odur ki, son dəfə ümidlə Sizə KİV vasitəsilə müraciət edərək, xahiş edirəm. Balaca bir mənzil tikintisinə lazım olan inşaat materiallarının alınıb mənə verilməsi üçün köməklik göstərəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm”.
 


Muxalifet.az
Redaksiyadan: Mövzunu davam etdirəcəyik.