Müharibə veteranından Avaqyana görə baş nazirə müraciət

Baxış sayı:
11362

Gürcüstanın azərbaycanlı müharibə veteranı Qəhrəman Musayev ölkənin Baş naziri Mamuka Baxtadzeyə müraciət edib.
Muxalifet.az xəbər verir ki, bu barədə report məlumat verib.
Q.Musayev bu gün Gürcüstanın hökumət Administrasiyasına təqdim etdiyi müraciətində Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində erməni hərbçi Mixail Avaqyana bu ilin yanvarın 20-də büstün ucaldılmasına etirazını ifadə edib: “Büstün qoyulması Gürcüstanda bütün sağlam düşüncəli insanları təşvişə salıb. Mixail Avaqyanın əlləri Azərbaycanın Xocalı şəhərində qətlə yetirilən qoca, qadın və günahsız körpələrin qanına bulaşıb. Xocalı soyqırımı dünyanın bir sıra sivil ölkələri tərəfindən soyqırımı kimi tanınıb. Mixail Avaqyan vaxtilə Abxaziyada polis sistemində çalışıb və onun xüsusi qəddarlıq və vəhşiliyi ilə tanınan ermənilərdən ibarət Baqramyan adına batalyonun tərkibində gürcülərə qarşı hərbi əməliyyatlarda iştirak etdiyi çox ehtimal olunur”.
Q.Musayev müraciətində vurğulayıb ki, bütün dünyanın terrorçuluğa qarşı mübarizədə həmrəy olduğu bir dövrdə Gürcüstanda terrorçuluq rəğbətlənir, ona hətta heykəl qoyulur: “Bunun əyani misalı məhz Mixail Avaqyana büstün qoyulmasıdır. Bunu Avropa ölkələri və bəşəriyyətə necə izah edək? Cəllada büstün qoyulması. Budurmu Gürcüstanın reallığı?”.
Müharibə veteranı müraciətinin sonunda hökumət başçısının M.Avaqyanın büstünün götürülməsi ilə bağlı qərar qəbul edəcəyinə inandığını qeyd edib.
Gürcüstan vətəndaşı olan Q.Musayev 1989-1993-ci illərdə Abxaziya və Tsxinvali bölgəsində müharibədə iştirak edib. Müharibədən sonra ona mayor rütbəsi verilib.