Müharibə hazırlığı, yoxsa...?

Azərbaycan və Ermənistan Müdafiə Nazirliklərində eyni vaxtda oxşar toplantı keçirilib
 
Martın 26-da Azərbaycan və Ermənistan Müdafiə nazirliklərində mahiyyətcə, mövzuca, hətta iştirakçılarına görə oxşar olan toplantı keçirilib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə nazirin müavinləri, Silahlı Qüvvələr və qoşun növü komandanları, eləcə də birlik komandirlərinin iştirakı ilə xidməti müşavirə keçirilib.
“Müşavirədə cari vəziyyət təhlil edilərək konkret tapşırıqlar qoyulub. Müdafiə naziri qoşunların döyüşə hazırolma səviyyəsinin təftiş edilməsi və hərtərəfli yoxlanılmasına dair Baş Qərargaha müvafiq tapşırıq verib”, – deyə məlumatda bildiriir.
Maraqlıdır ki, anoloji tədbir Ermənistan Müdafiə Nazirliyində də keçirilib. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, müdafiə naziri Seyran Ohanyanın rəhbərliyi altında Ermənistan Müdafiə Nazirliyinin kollegiyası döyüş növbətçiliyinin gedişini, mövcud problemləri və təkmilləşdirmə yollarını müzakirə edib.

“Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat bölməsinin rəisi general-mayor Artak Davtyan məruzə ilə çıxış edərək cəbhə xəttində xidmət, mühəndis istehkam qurğularının durumu barəsində danışıb və bildirib ki, düşmənin təxribatçı fəaliyyətlərinin artması əsgərlərin sayıqlığının səviyyəsinin yüksəldilməsini zəruri edir. Onun sözlərinə görə, döyüş növbətçiliyinin səmərəli təşkil edilməsi düşmən strukturların irəliləməsini çətinləşdirir. Sonda Ermənistan müdafiə naziri bir sıra məsələlərə toxunub və müvafiq göstərişlər verib”, – deyə məlumatda bildirilir.
Xəzər Hərbi Tədqiqatlar İnstitutu