Müharibə başlayır: 25 MİN DÖYÜŞÇÜYƏ ƏMR VERİLDİ

Livanın baş naziri Haririnin istefa verdiyi və İsrailin hücuma hazırlaşdığı  Livanda gərginlik artmaqdadır.
 
İranın dəstəklədiyi Hizbullahın müharibəyə hazırlıq üçün Suriya və İraqdakı 25 min döyüşçüsünü Livana çağırdığı bildirilir. Bunların içərisində Şiə milisləri də yer alır.
Livanın baş naziri Saad Haririnin 3 noyabrda sui-qəsd təhlükəsi adı altında ər-Riyada getməsi və bir daha ölkəsinə qayıtmamasından sonra bölgədə təzyiq hər keçən saat artır.
İstefasını Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda televiziyada açıqlayan Haririnin hələ də aqibəti tam olaraq aydınlaşmayıb. Sözügedən istefanın qəbul edilməz olduğunu bəyan edən Livan prezidenti Misella Ovun, Haririni ölkəsinə geri qayıtmağa dəvət edib. Haririnin öz istəyi, yaxud zorla ər-Riyadda tutulması ilə yanaşı,Yaxın Şərqi sarsıdan hadisələr də  ard-arda baş verir. Belə ki, vətəndaş müharibəsinin davam etdiyi Yəməndən ər-Riyada raket atılıb, sonra Səud sülaləsindən 11 şahzadə və bir çox nazir korrupsiya iddiası ilə saxlanılıb. Bir şahzadənin olduğu helikopter  isə qeyri müəyyən şəraitdə Yəmən yaxınlığında qəzaya uğrayıb.
 
SƏUDİYYƏ TƏYYARƏLƏRİ ÜÇÜN HAVA DƏHLİZİ
 
Səudiyyə Ərəbistanının İsraillə əlaqəyə keçərək Livana hücum etməsini istədiyini iddia edən Hizbullah lideri Nasrallah, siyasətdə fərqli olsalar da, Haririnin zorla hakimiyyətdən uzaqlaşdırılmasının bütün Livanlılara təhqir olduğunu söyləyib. Nasrallah Səudiyyə Ərəbistanının, Livan və Hizbullaha müharibə elan etdiyini də deyib. Nasrallahın bunları dediyi saatlarda İsrailin döyüş təyyarələrinin Livan sərhədində patrul uçuşları həyata keçirdiyi və tez-tez sərhədi pozduğu deyilir. Livana qarşı geniş miqyaslı hücuma hazırlanan İsrailə Səudiyyə döyüş təyyarələrinin da dəstək verəcəyi, bunun üçün İordaniyadan Suriyanın cənubuna, oradan da Livana gedən hava dəhlizini istifadə edəcəyi iddia edilib.
 
 25 MİN HƏRBÇİ LİVANA QAYIDIR
 
Gərginliyin daha da artması ilə Hizbullah İraq və Suriyada döyüşən hərbçilərini sürətlə Livana sövq etməyə başlayıb. Artıq Humus-Kusayr və Şam-Arsal sərhəd xəttindən Beyruta keçidlərin başladığı deyilir. Məlumata görə, 25 mindən artıq Hizbullah və Şiə milisləri Suriya sərhəd xəttindən keçmək üçün hərəkətə gəliblər. Bundan başqa, 9 noyabr gecəsi Beyrutdan Dəməşqə təxminən 60 ailə gətirilib və müxalif Suriyalıların azad etdiyi məhəllələrə yerləşdirilib. Dəməşqə gətirilənlərin Hizbullah rəhbərlərinin ailələri olduğu bildirilir.
 
SƏRHƏDDƏ HƏYƏCAN SİQNALI VERİLİB
 
Dəməşqin Livan sərhəddinə yaxın yerlərdəki hərbi obyektlərdə də hazırlıqlara başlanılıb. Mezze Hərbi Hava Limanına çoxsaylı İranlı zabit və İnqilabı Mühafizə Qvardiyasının döyüşçülərinin köçdüyü bildirilir. Bəşşar Əsədin qardaşı Mahir Əsədin başçılıq etdiyi sərhəd birliklərində də qırmızı həyəcan siqnalı verilib. Livan sərhəddindəki diviziyadan başqa, Liva əl-bədr, Hərəkəti Nüceba, Asaeb Ehlül Haqq, Əbul Fadl Abbas və Liva Zülfüqar bazasında yerləşən Şiə milislərinin də İsrail hücum etdiyi təqdirdə sərhəddən Livana keçəcəyi deyilir.

Müxalifət.az