Müğənninin qətldə günahlandırılan oğlunun işində yenilik - vəkil pozuntuları sadaladı, iş geri qaytarıldı

Baxış sayı:
28678

Mərhum müğənninin oğlu qətl törətməkdə ittiham edilərək hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Tuncay Vəliyev və Fərman Ocaqquliyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış edib.
Tuncay Vəliyevin vəkili Rəşad Mirmehdizadə vəsatətində bildirib ki, istintaq zamanı ciddi prosessual pozuntulara yol verilib.
Müdafiəçi qeyd edib ki, Tuncay Vəliyevin bu işdə qətiyyən təqsiri yoxdur və ittiham qərəzlidir.
Rəşad Mirmehdizadə əlavə edib ki, istintaq zamanı müdafiə etdiyi şəxsin həbs qətimkan tədbirinin müddəti başa çatdığı halda prokurorluq işi tələm-tələsik məhkəməyə göndərib. Vəkil deyib ki, təqsirləndirilən şəxsə şikayət vermək hüququ belə yaradılmayıb.
"İttiham sadəcə söz yığınından ibarətdir. Heç bir sübuta, fakta əsaslanmır. Nə zamansa Tuncayla mərhum arasında mübahisə olub. Həmin zaman Tuncay "Rəşad bir də belə eləsə, ona soxacam" ifadəsini işlədib. Bu isə sadəcə olaraq deyilən sözdür. Buna görə adamı həbs edib, cinayətkar çıxarmazlar. Heç bir sübut olmadığı halda müdafiə etdiyim şəxs niyə həbsdə qalmalıdır? Hesab edirəm ki, qeyd edilən pozuntuları aradan qaldırmaq üçün iş yenidən prokurorluğa qaytarılmalı və obyektiv şəkildə araşdırılmalıdır"- deyə vəkil vəsatətində qeyd edib
Digər təqsirləndirilən Fərman Ocaqquliyevin vəkili də oxşar vəsatətlə çıxış edib və işin yenidən prokurorluğa qaytarılmasını istəyib.
Məhkəmə müşavirədən sonra vəsatətlərlə bağlı qərarı elan edib. Qərara əsasən iş yenidən araşdırılması üçün prokurorluğa qaytarılıb.
Xatırladaq ki, qətl hadisəsi ötən il iyunun 7-də Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində baş verib.
Həmin gecə əvvəllər məhkum olunmuş Rəşad Hüseynov bıçaqla qətlə yetirilib.
Qətli törətməkdə şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş T.Vəliyev saxlanılıb. Onun yaşadığı evdən narkotik vasitə olan heroin və ambunika aşkar edilərək götürülüb.
Məlum olub ki, R.Hüseynov taksi kimi fəaliyyət göstərdiyi avtomobilində öldürülüb.
İstintaq orqanı tərəfindən aparılan araşdırma zamanı qətlin daha bir iştirakçısı - F.Ocaqquliyev müəyyən edilərək saxlanılıb.
Bildirək ki, Tuncay Vəliyev mərhum müğənni Vidadi Bərdəlinin oğludur. Tuncay bir müddət müğənni kimi fəaliyyət göstərib./Musavat