MÜĞƏNNİ QİSMƏT: “HAKİMİYYƏT ÖLKƏNİ UÇURUMA APARIR”

"Rəsulzadə haqda yazdığım statusdan sonra başıma fəlakətlər gəldi..."

“Hakimiyyət onun siyasətini bəyənməyənlərə qarşı çox amansız və acımasızdır”

"Həyat yoldaşım psixoloji sarsıntılar keçirdi"

Onun səsində, ifasında, hətta görünüşündə çox az müğənnidə müşahidə olunan intellekt var. Söhbəti də bu təəssüratı tamamladı. Ölkədə baş verən olaylara etirazı, hakimiyyətə müxalifliyi, cəmiyyətdəki ətalətlə barışmazlığı, xalqına, elə özünə tələbkarlığı da, görünür, elə bu səbəbdəndir Qismət Məmmədzadənin.
Hazırda Almaniyada mühacirətdədir.  Müsahibəmizdə onu mühacirət həyatına tətikləyən səbəblər, yaşantıları, inciklikləri, ittihamlarından danışdıq. Ortaq fikirlərimiz də oldu, dartışmalarımız da...

Burda almanlara nə oxuyacam...

- Qismət bəy, bir ildir Almaniyadasınız. Mühacirət həyatınız necədir, nə işlə məşğulsuz?
- Burda heç bir ciddi işlə məşğul deyiləm. Sənətimi davam etdirmirəm. Çünki burda sənət göstərəcək azərbaycanlı publika yoxdur. Olanlara da mənim musiqim lazım deyil.
Almanlara nə mahnısı oxuyacam ki...
Qısası, sənət məsələsi hələ ki, ortada qalıb... Burda sadəcə, həyatımı yaşayıram. Düşünürəm ki, insan işləmədən də yaşaya bilər. Sadəcə yaşaya, oxuya,  səyahət edə bilər, təbii ki, imkanı dairəsində. Mən də hazırda bunu eləməyə çalışıram.
-Bəs dolanışıq, gündəlik tələbatlar, bunları necə həll edirsiz?
-Çoxlu dostlarım, tanışlarım var, sağ olsunlar, kömək edirlər. Özümün də müəyyən yerlərdən gəlirim olduğu üçün sıxıntı çəkmirəm.
 
Azərbaycandakı basqılardan bezdim...
 
- Bir ildir Azərbaycandan kənardasınız. Orda mənəvi durumunuz necədir?
- Bilirsinizmi Azərbaycanda mənə nə qədər basqılar, repressiyalar vardı?! Hakimiyyət onunla barışmayan, siyasətini bəyənməyən insanlara qarşı çox amansız və acımasızdır.
Bəzi sənət adamları düşünür ki,  toya gedirəmsə, pul qazanıramsa, bu, mənə bəs edir, hakimiyyəti tərifləyəcəm,  ağa qara, qaraya ağ deyəcəm, onlar necə istəyirsə, elə də edəcəm. Amma bəzi insanlar var ki, pula görə bunu edə bilmir. O  kəslər üçün belə ölkədə yaşamaq çox çətindir, mən də o adamlardan biriyəm.

Azərbaycanda başıma silsilə fəlakətlər gəldi...

-Əvvəllər siz də efirlərə çıxırdınız, kifayət qədər də polulyar idiniz. Yəni sizi o vaxt hansısa siyasi prosesin içində görmürük. Bir də xəbər tutduq ki, mühacirət etmisiz. Bu proseslər hardan başladı?
-2010-cu ildə ölkədə vəziyyət nisbətən normal idi, təbii ki, indikiylə müqayisədə deyirəm. Əvvəllər heç vaxt belə şeylərə fikir vermirdim. Bu, yaşımın az olmasından, yaxud da başqa səbəbdən idi, deyə bilmərəm, amma belə məsələlərə o qədər önəm vermirdim. Düşünürdüm ki, bir gün düzələr. Gün gələr, yaxşı olar. Amma sonra ölkədə baş verən siyasi proseslər, iqtisadiyyatın çökməsi və sairəni daha diqqətlə müşahidə elədim. Düşündüm ki, niyə belədir? Biz ki, neft ölkəsiyik, hər şeyimiz var. Normal halda varlı ölkə olmalıyıq. Niyə belə kasıb yaşayırıq. Bunlar getdikcə mənə təsir eləməyə başladı. Baxmayaqar ki, toylara gedib normal pul qazanırdım, amma insanlarla söhbətdə deyilənlər mənə pis təsir edirdi. Adamlar mənə yaxınlaşıb dərd-sərini danışırdılar, deyirdilər, siz incəsənət adamısınız, niyə bunları efirdə demirsiniz. Belə şeylər hamısı yığıldı-yığıldı. Elə o ərəfədə “feysbuk” sosial şəbəkəsi ortaya çıxıdı. Gördüm burda insanlar fikirlərini deyirlər, hətta mitinqlər təşkil olunur. Anladım ki, bu şəbəkənin böyük bir gücü var. Mən də düşüncələrimi paylaşdım. Əvvəlcə dövlət qurumları buna nəzarət eləmirdi. Sonra görüblər ki, müğənnilərdən biri onların əleyhinə yazır. Son damla da Rəsulzadə haqqında yazdığım status oldu. Ondan sonra konkret bütün kanalları üzümə bağladılar. Başıma heç indi də demək istəmədiyim, yəqin ki, bundan sonra da heç yanda da danışmayacağım silsilə fəlakətlər gəldi...
-Başınıza gələnləri niyə danışmaq istəmirsiniz?  Ehtiyat edirsiniz?
-Bu haqda danışsam, deyəcəklər özünü acındırır. Amma gerçəkdən bir yox, bir neçə acınacaqlı vəziyyətlərə düşdüm. Sonra anladım ki, bunun sonu olmayacaq. Ya mən susacam, ya da bu basqılar davam edəcək. Ona görə də Almaniyaya köçməli oldum. Həmin vaxtlar həyat yoldaşım da ağır psixoloji sarsıntılar keçirdi, onun müayinə və müalicəsinə ehtiyac yarandı. Həm də bu səbəbdən gəlməli olduq. Gəldik və geri qayıtmadıq...
-Xanımızın səhhəti indi necədir?
-Alman səhiyyəsinin sayəsində indi yaxşıdır.
 
Mənə deyirlər, "sənə nə var, oturmusan orda, kefdəsən"...

- Sizin mühacirətdə yox, rahatlıqda yaşadığınızı düşünənlər də var...
- Doğrudur, bəziləri elə zənn edir ki, Almaniyada yaşayırsansa, demək heç nə vecinə deyil. Mənə çox vaxt yazırlar, "sənə nə var, oturmusan orda, kefdəsən". Amma belə düşünənlərə və yazanlara bir söz demək istəyirəm. Bir şeyi yadda saxlasınlar,  öz ölkəsində yetərincə tanınan bir müğənni  dostlarını, ətrafını, mənəvi zövq aldığı işini, illərlə zəhmətlə qazandığı təminatını buraxıb başqa ölkəyə gedirsə, bunun çox önəmli səbəbi var. İnanın ki, o, bu addımı kefindən atmayıb. Mən heç də Azərbaycanda pis dolanmırdım. Bazarda işləmirdim, fəhləlik eləmirdim ki,  (mən bu sözü həmin şəxslərin işini aşağılamaq anlamında demirəm,  sadəcə qazanclarının az olmasını nəzərdə tuturam) Almaniyaya gəlib daha çox pul qazanım. Mən  qurduğum düzəni orda qoyub bura gəlmişəmsə, demək, bunun çox önəmli səbəbləri var. Yenə də deyirəm, bunu kefimdən eləməmişəm. Bu sözlərin altını xüsusi cızıram.

Guya məni Mədəniyyət Nazirliyinə çağırıb "ölkədən çıx get" deyiblər...

-Sizin gedişinizdən sonra haqqınızda müxtəlif söz-söhbətlər yayıldı. Dedilər, guya siyasi liderlərdən biriylə qohumsunuz...
 
-Hə. Belə şayiələr çox yayılıb. Bu yaxında eşitdim deyirlər, guya məni Mədəniyyət Nazirliyinə çağırıb orda təhdid ediblər, deyiblər çıx, ölkədən get. Bunlar əsassız söhbətlərdir. Heç kimlə qohumluğum, filan yoxdur.  Sadəcə, vətəndaş kimi görürəm ki, hakimiyyət ölkəni uçuruma aprırır və bunu da deyirəm. İnsan bilir ki, dediklərinə görə sonu pis olacaq, amma yenə də deyir. Belə doğulan insanlar var. Sadəcə, səbəb budur.
Mən bu səbəblərdən sənətimdən, ölkəmdən uzaq düşdüm. Yəqin ki, sənətimə bir daha qayıtmayacam. Zatən bizim xalq gerçək sənətə qiymət vermir...

Xalqımız əsl musiqinin dəyərini bilsəydi, bayağı ifaçılar at oynatmazdı...

- Yaşadıqlarınızda, daha dogrusu, yaşadıqlarımızda  xalq günahkar deyil ki...
-Mən bu fikri elə-belə demirəm. Bizim xalq yaxşı musiqinin dəyərini bilmir. Əgər bilsəydi, tutaq ki, mən yaxşı oxuyuram, mənim "Youtub"da baxış sayım 100-dir, amma o pis oxuyur, onun baxış sayı 2 milyondur. Demək ki, bu xalq musiqi bilmir. O stereotip ki, var, Azərbaycan musiqi bilən xalqdır, filan... Bu, yalandır.
 
-Gileyinizi, incikliyinizi anlayırıq. Amma ittihamlarınız çox sərt oldu...

- Yüz nəfərin içində iki nəfərin olması musiqi bilən anlamına gəlmir... Demirəm yoxdur, bu sözləri ümumi olaraq hamıya şamil eləmirəm. Amma əgər belə olmasaydı, söz sahibi olan sənət adamları o yerlərdə olmazdı. Bayağı oxuyanlar efirlərdə at oynatmazdı. Göstərici budur. Xalqın sevgisi “Youtube” baxışıyla müəyyənləşir. İnternetdə baxış sayı, instaqramda takibçi sayıyla bilinir. Başqa necə ölçə bilərsiz?
- Bu, mütləq göstərici, gerçək dəyər  deyil, siz də bilirsiz. Bu, sadəcə kütləvi baxışdır... Həmin şəxsləri tənqid etmək üçün də dinləyə bilərlər.
"Sovet" istəyirdi deyə peşəkar musiqi vardı...
 
-Mən heç vaxt tənqid eləmək üçün sevmədiyim müğənniyə qulaq asmaram. Musiqi bilən xalq belə olmamalıdır. Kim nə deyir desin, bu, mənim subyektiv fikrimdir. İstəsəz, sovet dövründən də sitat gətirə bilərəm. O vaxt da Akif İslamzadə, Şövkət Ələkbərova, Gülağa Məmmədovlar ancaq Bakıda populyar idi. Bölgələrdə həmin o efirə buraxılmasına icazə verilməyən ifaçılara qulaq asırdılar. Onlar toylara aparılmırdı... Sovet hökuməti dağılandan sonra Azərbaycan xalqının nə istədiyi ortaya çıxdı. Demək, o da "sovet"in diqtəsiydi. Sadəcə, "sovet" vardı deyə peşəkar musiqi vardı, o istəyirdi deyə səsi olanlar efirə çıxırdı, Azərbaycan xalqı musiqi bilirdi deyə yox...
 
Telekanallar cahil, zövqsüz, robot kimi insanlar yaratmaqda maraqlıdır...

-Müəyyən məqamlarda haqlısız. Amma həm onda, həm də indi zövqlərin korlanması məqsədlidir... Burda təbliğat, mədəniyyət siyasəti çox böyük rol oynayır, axı...
-Məncə, bu, bir bəhanədir. Zövq doğuşdan olur. Hər hansı müğənnini sevmirəmsə, sevmirəm.
Amma telekanallar yüz faiz bu işdə maraqlıdırlar ki, cahil, zövqsüz, robot kimi insanlar yaratsınlar. Bu fikirlə yüz faiz razıyam. Amma zövq insanın qanında və canında olmalıdır. Biz də elə bir dövrdə böyümüşük ki, ortada normal sənət əsərləri yox idi. Sovet hökuməti dağılmışdı. İncəsənət tənəzzülə gedirdi. Amma biz zövqlü adamlar olduq.
 
Cəmiyyətimiz ətalətdədir
 
Kim məni bu mövqeyimə görə qınayırsa, qınasın. Məncə, bütün bunlarda yenə günahkar elə bu xalqdır, suçlu yalnız özümüzük. Vaxtında dəyərlərimizə sahib çıxmadıq. Xalq öz ölkəsinə, dəyərlərinə sahib çıxa bilməyəndə o ölkədə başqaları at oynadar. Suç bu xalqın hər şeyə laqeyd yanaşmasında, cəmiyyətin ətalətdə olmasındadır...
 
Səyavuş Aslan xəstə yatanda kim ona əl tutdu?...
 
Səyavuş Aslan bir müddət əvvəl rəhmətə getdi. O, xəstə yatanda kim onun qapısını açdı? Kim ona əl uzatdı?  Heç kim. Harda qaldı bəs xalqın sevgisi? Yaxud, Yaşar Nuri, yaxud da digərləri... Görürdük də... Bu xalqın belə insanlarına sevgisi yoxdur. Biz yalandan pafosla danışmağa öyrəşmişik. Ay belə musiqi bilən, belə zövq, belə sənət...
-Rəhmətlik Vaqif İbrahimoğlu deyirdi, əgər bu xalq özü “Hamlet” faciəsi yaşayırsa, o necə gəlib “Hamlet”ə baxa bilər? Xalq özü Səyavuş Aslandan pis vəziyyətdə olduğu halda ona necə əl uzadacaqdı?
-Amma inanın, indi Üzeyir kimi biri stadionda konsert versə, onun bileti neçəyə olursa-olsun, bu xalq ora bilet alıb gedəcək, stadion dolacaq.
-Amma bayaq dediyim kimi, bütün bunların səbəbkarı və sizi mühacirət etmək zorunda qoyan xalq deyil...
 
(Davamı var...)
Nilufər, Hurriyyet.org