“MÜDRİKLİK MƏBƏDİ”NƏ SÖZARDI...

Baxış sayı:
5188

Əlisa Nicat! Bu ad mənim göz önümə fəlsəfənin dərinliklərindən inciləri külünglə qazıb çıxaran, nəfəs dərmədən düşüncə sistemimizi mənəvi qidalarla təmin edən, hər şeydən yazmağı bacaran və eyni zamanda davamlı yazan bir müəllifi gətirir. Əlisa Nicatın adı ilə daha çox assosasiya olunan ruhların dialoqu və pritçaları ilə ifadə etdiyi heyrətamiz məna yükü çağdaş fəlsəfi üslubumuzda qırmızı xətlə keçir. Pritçaları, tarixi romanları və fəlsəfi tərcümələri ilə böyük bir fəlsəfi zənginlik yaradıb. İnsan böyük bir ürək yanğısı və əzmkarlığı ilə fəlsəfə irsimizə davamlı tövhələr verib. O başqa mövzudur ki, bəs o zaman bizim niyə fəlsəfi məktəbimiz yarana bilməyib? Əgər Elmlər Akademiyasının Fəlsəfə insitutunun direktoru parlamentə “seçilə” bilmədiyi üçün onun könlünü almaq və ona bir iş yeri tapmaq  məqsədilə Elmlər Akademiyasının Fəlsəfə insitutuna paraşutla düşübmüş kimi direktor təyin edilirsə, belə bir vəziyyətdə fəlsəfə məktəbimizin necə yarana bilərdi ki?
Fəlsəfə insitutu güclü bir elmi-akademik mühit yarada bilmədiyinəmi görəmi, yoxsa filosoflar yetişdirəcək təhsil sistemimiz olmadığınamı görə? Dəqiq cavab vermək çətindir. Dərd orasındadır ki, böyük bir fəlsəfə insitutu bir nəfər filosof yetişdirə bilməyib. Amma bəzən isə bir nəfər filosof az qala bir insitutun görə bilmədiyi işi görüb. Əlisa müəllim, çağdaş fəlsəfə tariximizdə məhz belə bir ağır işi bacara bilib.
Fəlsəfə məktəbini siyasi mülahizələrlə yox, elmi potensialı hərəkətə gətirəcək məhz doğru qərarlarla yaratmaq olur. Fikrimcə, Azərbaycanda elmi potensialı buxovlayan təkcə siyasi alətin bu çevrəyə təsir gücünün çox olması ilə bərabər, eyni zamanda elmi ad alanların sonradan bu ada layiq olmayan elmi araşdırmalardan uzaq düşməsi ilə bağlıdır. Bir elm adamı elmi ad, vəzifə əldə etdisə, bunu özü üçün pik nöqtə sayaraq ömrününü sonuna qədər sanki elmlə vidalaşmaq qərarına gəlir. Bunu inkişafın sonu və elmi karyeranın pik həddi hesab edərək, əksər bilim adamları  sanki ömürlük məzuniyyətə gedir. Əslində isə əksi olmalıdır. Bir bilim insanının daha çox çalışması məhz aldığı elmi adın məsuliyyətinə daha çox layiq olmasını dərk etməsindən sonra daha da artmalıdır. Bu mənada Əlisa müəllimin ahıl yaşında belə davamlı və yüksək məhsuldarlıqla çalışması elmi çevrələr üçün fərqli bir keyfiyyət göstəricisi sayıla bilər. Onun davamlı mütailəsi, hər gün yazdığı məqalələri və növbəti kitablar üzərində işləmək planları gənc nəslə əyani nümunədir. Bəli, məhz canlı və gəzən ensklopediya kimi...

Ömrünün 20 ilini həsr etdiyi bir kitabın çapını çoxdan gözləyirdim. Son 5 ildə isə onun son redaktəsi işinə çox böyük güc qoyduğunu bilirdim. Azərbaycanda bu qədər ağır məna yükü, fiziki çəkisi də ona adekvat olan belə bir kitab xatırlamıram. “Müdriklik məbədi”ni satış şəbəkələrindən alıb onu oxumaqla mənəvi təsəlli tapmağı özüm üçün müəllifə diqqətsizlik sayardım.
Əlisa müəllimlə olan şəxsi münasibətlərimizi bir kənaraq qoysaq, elə təkcə bir oxucu borcumu vicdanla yerinə yetirməyim tələb edirdi ki, bu qədər ağır zəhmət sahibinə təşəkkürümü bildirim. Minnətdarlıq borcumu ifadə etməklə yanaşı, həm də fikir mübadiləsi aparmağın zövqünü yaşamağı yadırğamamız da lazım idi. Bu arada tariximizə də minnətdarlığımı unutmadım: Belə bir yaradıcı insanla eyni zəmanədə yaşadığımıza görə, özümü çox şanslı sayıram!
Fikir mübadiləsi demişkən... Bəzən klassik ədəbiyyatımıza, din tariximizə və tarixi şəxsiyyətlərə münasibətdə fikirlərimiz haçalanır. Bütün pozisiyalar üzrə birmənalı nöqtədə durmaq monotonluğumuz yoxdur. Bunu öhdəlik kimi də qəbul etmirik. Bütün bunlar bizim biri-birimizə münasibətimizi də zədələmir və dəyişmir. Çoxrəngli spekt də rənglərin oxşarlığı də yaşlı və gənc nəsli eyniləşdirə bilməz. Biz bizik, onlar onlardırlar. Amma bir Vətənimiz var! Vətəni sevməklə, onu idarə etmənin fərqli şeylər olduğunu da bilirik. Ona görədir ki, bəzən idarəetməyə, rəhbər şəxslərin kimliklərinə və etdiklərinə də baxışlarımız fərqlənir. Əlisa müəllim özünün “Qızıl fəlsəfə”(2003) əsərində vaxtı ilə fəlsəfi düşüncələrinə yer ayıraraq yazmışdı: “Xoşbəxtlik çatışmayanda deyil, malik olduğundadır. Əgər insan özünü buna inandıra bilsə, dərd-qəmi nə qədər azalar...” Deməli müəllifin də fikrincə, fərqli baxışlarımız bu mənada çatışmazlıq yox, həm də mövcud olmağımızın göstəricisi sayılmalıdır.
Əlisa Nicata mənim borcum ölçüyəgəlməzdir. Onlarla kitabını iş qrafikimin ən sıx vaxtlarında oxumuşam. Çatdıra bilməyəndə, ictimai nəqliyyatda davam etdirmişəm. Amma hələ də özümü onun digər əsərlərini oxuya bilmədiyimə görə bağışlaya bilmirəm. Necə deyərlər, Əlisa müəllimin əsərlərin oxumadan 6-8 saat yatmağıma görə az qala özümü günahkar bilirəm...
Azərbaycanda bir sevgisizlik xəstəliyi var. Dəyəri, şəxsiyyəti və xarakeri olan insanlara sevgisizlik patalogiyası... Şəxsiyyət tipi olan və oxuduğumuz əsərlərdən müsbət personaları sanki bu cəmiyyətdə görə bilmirik. Təsəvvürümüzdə formalaşdırdığımız obrazları nəinki axtarıb tapmırıq, əksinə onlara bəzən etinasız yanaşırıq. Heç bir ehtirama layiq olmayanları isə görəndə elə bil ən əzizimizi görürük. Deməli ki, bəzən münafiqliyin içində qıvrılırıq. Cəmiyyətimizdəki bu münasibətdən mən şəxsən çox narahatam.

Bizim insanlara elə gəlir ki, uğuru çox yaxında tapacaqsan. Onu məsəfələrlə əlaqələndirmək bəzən yalnışlığa yol açır. Məsafənın qısa və ya uzun olmasından daha çox, həmin yükün özünün çəkisi önəm daşıyır. Maraqlı bir mükalimədə böyük bir həqiqət payı var. Dəvədən soruşurlar ki, sənin üçün yoxuşa qalxmaq asandır, yoxsa enişə enmək? Cavabı məsafə ilə əlaqələndirmədən deyir: “Məndən ötrü yoxuşun üzüaşağı və ya üzüyuxarı olması deyil, daşıdığım yükün ağırlığıdır.” İnsan da belədir. Daha çox məlumatlı olanda tərəddüdləri artır. İnsanın dərk etdikləri və müəyyənləşdirdiyi missiya çətin olanda daşıdığı yükü ağır olar. Məsuliyyəti də ona adekvat böyüyür. Əlisa müəllim doğrudan da özündə ağır bir məlumat yükü daşıyır. Ona görədir ki, onun həm də mənəvi yükü çox ağırdır. İnsan isə nə qədər əzab çəkirsə, onun yükünü daşımağa daha çox hazırlıqlı hala gəlir. Hansı rəqabətə hazırlaşırsa, özündə bir o qədər yarış ruhu formalaşdırmasına nail olur. Nə qədər kasıblıq görürsə, bir o qədər varlı olmağı dərk etməyə başlayır. Nə qədər qaranlıq görürsə, işığı daha tez görməyə can atır.
Əlisa müəllimin yazacağı digər əsərlərinin hələ olacağına heç bir şübhəm yoxdur. Lakin əlimdəki 1500 səhifəlik “Müdriklik məbədi”nin pik həddinə heç bir əsərin çata bilməyəci qənaətindəyəm. Qartalın qonduğu elə bir uca zirvədə bu əsər qərar tutub ki, oradan baxanda aşağı çox vahiməli görünür. İnana bilmirsən ki, bura daha hansı “qartal” qona bilər ki?! Məşhur Bub qanunu var. Həmin qanuna görə, axtardığın vacib şey həmişə niyə görəsə ən son baxdığının içindən çıxır. Əlisa Nicat da görünür ki, yaradıcılığının ən pik zirvəsini məhz “Müdriklik məbədi”ilə fəth etməyə qərar verib. Zirvən mübarək, Əlisa müəllim!
 
Məhəmməd Talıblı