Mübariz Qurbanlı: Azərbaycanda bu sahədə problem yoxdur

Baxış sayı:
8896

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ABŞ-da fəaliyyət göstərən Etnik Anlaşma Fondu və “İqls Vinqs” təşkilatının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.
Muxalifet.az Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, görüşdə Mübariz Qurbanlı qonaqları salamlayıb.
M.Qurbanlı qonaqlara Azərbaycan haqqında, o cümlədən rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib.
Görüşdə komitə sədri Azərbaycanda din sahəsində mövcud vəziyyət, müxtəlif dini konfessiyaların birgə mövcudluğu haqqında danışıb.
O bildirib ki, Azərbaycanda 32 qeyri-müsəlman dini icması qeydiyyatdan keçib və fəaliyyət göstərir. Komitə sədrinin sözlərinə görə, Azərbaycanda dini fəaliyyətə qadağa qoyulmur:
"Azərbaycanda din sahəsində problem yoxdur, dini azadlıq tam şəkildə təmin olunur, tolerantlıq Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir".
M.Qurbanlı həmçinin Dağlıq Qarabağ münaqişəsi haqqında danışıb:
"Ermənilər bu münaqişəni dini konteksdə göstərmək istəyirlər, ancaq bunun dinlə heç bir əlaqəsi yoxdur, Azərbaycanın xristian ölkələri ilə yaxşı əlaqələri mövcuddur".
Görüşdə çıxış edən Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayer qonaqlar adından səmimi qəbula görə təşəkkür edib.
O qeyd edib ki, Azərbaycan dinlərarası dialoq, dinlərin birgə mövcudluğu baxımından böyük rol oynayır və dünyaya bir nümunədir.
Qonaq bildirib ki, Azərbaycanda tolerantlıq əsrlər əvvəl mövcud olub.
Qeyd edək ki, görüşdən əvvəl qonaqlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər.