Mübariz Mənsimov Suriyaya neft daşınmasında ittiham olunur - ABŞ MALİYYƏ NAZİRLİYİ ARAŞDIRIR

Baxış sayı:
5161

Türkiyənin “Palmali Maritime Shipping” gəmiçilik şirkəti İran neftinin Amerika sanksiyalarını yan keçməklə Suriyaya daşınması sxemində iştirak edib.

Virtualaz.org “Deniz Haber Ajansı”na istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici aktivlərə nəzarət üzrə idarəsi tərəfindən hazırlanmış sənədlərdə deyilir.

Agentliyin məlumatına əsasən, “Palmali”nin idarəçiliyi altında olan tankerlər 2015-2017-ci illərdə Suriyaya xam neft və neft məhsulları daşıyıb. Güman edildiyinə görə, daşınmalar BƏƏ-dəki Fuceyra limanı vasitəsilə həyata keçirilib. ABŞ Maliyyə Nazirliyi son üç il ərzində Suriyaya qarşı tətbiq edilmiş embarqonun pozulması baxımından “Palmali”nin fəaliyyətini araşdırır.

Meydana çıxmış şübhələr fonunda OFAC-da “Palmali” şirkətlər qrupunun təsisçisi və rəhbəri Mübariz Mənsimovla görüş keçirmək niyyətindədirlər.

ABŞ 2018-ci ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. Nüvə proqramının davam etdirilməsi səbəbindən qoyulmuş məhdudiyyətlər neft ixracatına tam qadağanı ehtiva edir. Bəzi idxalatçılar üçün istisnalar edilib – onlara yarım il ərzində İran neftini almağa icazə verilib. Söhbət Çindən, Türkiyədən. Cənubi Koreyadan, Hindistandan, Yunanıstandan, İtaliyadan. Tayvandan və Yaponiyadan gedir. İstisnalar 2 may 2019-cu il tarixinə qədər qüvvədə olub. Bununla bərabər, Yunanıstan, İtaliya və Tayvan hələ 2018-ci ilin noyabr ayında İrandan neft idxalını sıfıra endiriblər.