"Müasir tarixçilərin ən başlıca məqsədi haylar ilə ərməniləri qarışdırmamaq və ayrı-ayrılıqda tədqiq etməkdir"-Şahlar Hacıyev

Baxış sayı:
4024

Haylar Qafqaz Albaniyasını "Şərqi Ermənistan" kimi təqdim edərək təkcə onun deyil, Albaniyanın uzantısı olan, təməli Aranşah Səhl İbn Sumbat tərəfindən qoyulan Qafan Alban Məlikliyinin, eləcə də Xəmsə Alban məlikliklərinin tarixini öz tarixləri kimi təbliğ etməyə başlamış və bu gün də eyni şeyi edirlər.
Erməni saxtakarlarının əsərlərində Qafqaz Alban Məlikliyi "Sünik çarlığı", Qarabağın Xəmsə alban məliklikləri isə "Artsaxın erməni məliklikləri" kimi qələmə verilir. Çox təəssüf ki, bənzər yanaşmaya bir çox savadsız Azərbaycan müəlliflərində də rast gəlinməkdədir.
XXI əsrədək Azərbaycan alimlərinə hələ alban müəlliflərinin dövrümüzədək alban, başqa sözlə qarqar-qıpçaq dilində yetişmiş əsərləri məlum deyildi. Onlar Zəngəzur və Qarabağda yaşayıb-yaratmış alban alimlərinin əsərlərini məhz bu dildə yazdıqları və bu dilin Albaniya hökmdarları Aranşahların ana dili (türk dili) olduğunu bilmirdilər. Albanların hay olmadığını sübut etmək üçün daha çox "udin" konsepsiyasını irəli sürür və albanların qafqazdilli olduğunu iddia edirdilər.
Vəziyyət 2010 cu ildə Bəxtiyar Tuncayın "Qafqaz albanlarının dili və ədəbiyyatı" monoqrafiyasının işıq üzü görməsindən sonra dəyişdi. Daha sonra eyni müəllifin Qırğızıstanın paytaxtı Bişkekdə rus dilində işıq üzü görən "Qafqaz Albanlarının yazılı irsi" kitabı nəşr edildi və elm aləmi, nəhayət ki, XII əsrdə Gəncədə yaşamış Mxitar Qoşun türk dilində yazdığı "Törə Bitiği" (Qanunlar kitabı ) adlı möhtəşəm kitabı, eləcə də Albaniya katalikosu Nersesin, Vanağanın (Mxitar Qoşun şagirdi), Kirakos Gəncəlinin, Yovhannes Sarğavağın və başqa alban müəlliflərinin dövrümüzədək alban türkcəsində yetişmiş əsərləri ilə orjinallarının dilində tanış olmaq imkanı qazandı.

Maraqlıdır ki, bu gün bir çox alban müəlliflərinin alban türkcəsində yazmış olduğu çox sayda əsərin elm aləminə məlum olmasından sonra, erməni müəlliflərindən bəziləri artıq albanlardan "azərbaycanlılar tərəfindən türkləşdirilmiş" "türkdilli ermənilər" kimi söz açmağa başlamışlar. Bu ideyanın əsas müəlliflərindən biri Erməni Memarlıq Fondunun direktoru S.Karapetyandır. 1984-1987-ci illərdə Azərbaycanın Kür çayından solda yerləşən 300 civarında kəndini qarış-qarış gəzən və bu kəndlərdəki alban kilsələri və məzarlıqları haqqında material toplayan, təbii ki, onları "erməni sənət əsərləri " kimi təqdim edən S.Karapetyan Mirzəbəyli, Soltan Nuxa və Corlu kəndlərində üzərində alban türkcəsində yazılar olan qəbir daşlarına rast gəlmişdir. Bu barədə öz əsərlərində məlumat verən Karapetyan alban keşişi M. Barxudarovun "Albaniya və qonşuları" kitabına istinad edərək, həmin ərazidə türkdilli ermənilərin yaşamış olduğunu bildirməkdədir.
Beləliklə, hay tarixçiləri orta əsrlərdə monofizit anlamında işlədilən "erməni" kəlməsilə manipulyasiya edərək, bütün monofizit xristianların, ilk növbədə də albanların tarixini və mədəni irsini mənimsəyərək, özlərinə saxta bir "tarix" və  "mədəniyyət" inşa etmişlər. Bu  "tarix"ə istinad edərək, əski alban ərazilərini erməni-hay əraziləri elan etmiş və özlərinin işğalçılıq siyasətini bununla əsaslandırmaqda davam edirlər.
Buna görə də müasir tarixçilərin ən başlıca məqsədi haylar ilə ərməniləri qarışdırmamaq və ayrı-ayrılıqda tədqiq etməkdir.
 
1828-ci ilə qədər Qarabağda, Zəngəzurda və başqa ərazilərdə yaşayan əhali ancaq xristian və müsəlman türklər olmuşdur. İrandan, Türkiyədən, Suriyadan köçlər gələnə qədər bu ərazilərdə hay izi yox idi. Rus şovinizminin  "erməni xalqı " yaratma siyasəti 1935-1940-cı illərə qədər davam etdi.
Hətta 1940-cı illərdə Zəngəzurda yas yerlərində ermənilərin mərsiyəni türkcə dedikləri haqqında məlumat var.
Pr. Sadiq Şükürovun kitabında anası Ümbülbanunun söylədiyi bayatılar bunun bariz nümunəsidir.
 
Əzizinəm ər məni.
Ər kişisən, vur məni.
Axı bizə nə olub
Haya dedik ərməni.
 
İnamım sənədir yar.
Alma olum, dərməni.
Tülküdən aslan olmaz.
Haya demə erməni

Şahlar Hacıyev