MTN TQDK-ya da ciddi təsir edə bilib

Nazir müavininin oğlu necə tələbə oldu?
Artıq bir aydır ki, ölkə gündəmini Milli Təhlükəsizlik Nazirliyində (MTN) baş vermiş ağılasığmaz cinayətlərin qurbanlarının şikayətləri, müraciətləri, müsahibələri və məlumatları zəbt edib. Hər gün MTN-dəki bandanın iş adamlarının, sadə vətəndaşların, vəzifəli şəxslərin, hətta öz paqon yoldaşlarının başlarına acdığı oyunlara dair heyrət doğuracaq faktlar ortaya çıxır. Eldar Mahmudovun “GENERAL” bandasının əməllərinə dair yazılan məqalələr kəskin süjetli triller filmlərini xatırladır. Bu bandanın qan donduran cinayətləri var.
Bu baxımdan indi verəcəyimiz məlumat çoxları üçün sıradan bir hadisə kimi görünə bilər. Ancaq hər halda söhbət qanunsuzluqdan, cinayətdən gedir.
Milli təhlükəsizlik nazirinin birinci müavini (artıq sabiq), Mahmudovun yaxın adamlarından biri olan general-mayor Elçin Əliyev oğlunu qeyri-qanuni yolla ali məktəb tələbəsi edib. Daha dəqiqi, E.Əliyev oğlu Seymur Əliyevin MTN-nin Akademiyasına saxta yolla daxil olmasına nail olub.
Bizə verilən məlumata görə, Elçin Əliyevin oğlu test imtahanlarında yetərli bal yığa bilməyib. Ancaq general imtahandan bir ay sonra TQDK-da oğluna yüksək bal yazdıra bilib. Hazırda Elçin Əliyevin oğlu akademiyanın birinci kurs tələbəsidir.
Bu saxtakarlıqdan TKDK sədri Mələykə Abbaszadənin xəbəri olub-olmadığını söyləmək çətindir. Ancaq şübhə yoxdur ki, Elçin Əliyevin oğlu test imtahanlarındakı balını artırmaq üçün MTN-çi bandanın gücündən istifadə edib. Bu güc o qədər böyük idi ki, nəinki kimisə saxta yolla hansısa ali məktəbə yerləşdirməyə, hətta nazirlərdən aylıq milyonlarla dollar “haqq” almağa qadir idi. Bu baxımdan MTN-nin Akademiyasında çoxlu sayda belə saxta yolla tələbə olanların oxuduğu istisna deyil. Onları da təmizləmək lazımdır.
Qeyd edək ki, bir həftə əvvəl Prezidentin sərəncamı ilə Elçin Əliyev vəzifəsindən azad edilib. Oğlu necə, saxta yolla daxil olduğu Akademiyadan qovulacaqmı? (AzPolitika.info)