MTN polkovnikinin ölümü barədə ilginc iddialar

İlqar Əliyev danışmaq istəyirmiş; bir neçə ölkə Eldar Mahmudovun həbs olunmaması xahişini edib
 
Ləğv olunmuş MTN-in keçmiş şefi Eldar Mahmudovun həbs olunmamasının səbəblərindən biri də bir-neçə ölkədən onunla bağlı ölkə rəhbərliyinə müraciət edilməsidir. Mənbə “Azadlıq”a bildirib ki, Eldar Mahmudovun bir neçə ölkənin siyasi dairələri ilə sıx əlaqələri var. Onun həbs olunmamasını xahiş edən də həmin ölkələrin siyasi rəhbərliyi olub. Lakin Azərbaycan hakimiyyətinin bu xahişləri yerinə yetirəcəyi inandırıcı görünmür. Qeyd edək ki, bundan əvvəl yayılan məlumatlarda Eldar Mahmudovun xaricə ötürdüyü pulları geri qaytardıqdan sonra həbs oluncağı bildirilirdi.
 
Bu arada ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış polkovnik Ilqar Əliyevin ölümü ilə bağlı yeni məlumatlar yayılıb. “Yeni Müsavat”ın məlumatına görə, saxlanıldıqdan sonra barəsindəki həbslə əlaqəli təqdimata baxılarkən Ilqar Əliyev konkret ünvanları silkələyəcək fikirlər səsləndirib. Tezliklə azad edilməyəcəyi təqdirdə bildiklərini geniş ictimaiyyətə çatdıracağı ilə bağlı mesajlar verib. Bir sözlə, kompromatları üzə çıxaracağının anonsunu verib.
 
Səbail Rayon Məhkəməsində barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilərkən bir qədər ümumi danışan Ilqar Əliyev Bakı Apelyasiya Məhkəməsində fikirlərini konkretləşdirib, daha kəskin çıxış edib. Ona “bu gedişlə özünü yandıracaqsan”, – deyilsə də, Ilqar Əliyev susmayacağını dəfələrlə ifadə edib.
 
Qəzet daha sonra yazır: “Ilqar Əliyevin bildikləri siyasi-kriminal janrda çoxsaylı kitabların ana xəttini təşkil edə bilərdi söyləsək, yanılmarıq. Çünki onun adı ictimai-siyasi olaylarda daim qırmızı xətlə keçib, ən qalmaqallı proseslərin yönləndiricisi kimi məhz MTN polkovnikinin silueti görünürdü. Belə bir şəxsin danışmasının hədəf götürdüyü şəxslər üçün elə də yaxşı nəticələr verməyəcəyini izah etməyə də ehtiyac yoxdur.
 
Məsələnin bu tərəfi də var ki, Ilqar Əliyev illərlə MTN rəhbərliyinə daxil olan şəxs kimi ölkənin ictimai-siyasi həyatında xoş olmayan xatirələrlə anılan hərəkətləri öz şəxsi istəyi ilə törətməyib. Onun göstərişlə işlədiyi, ona tapşırılan məsələləri icra etdiyi də bəllidir. Bu baxımdan onun hər iki məhkəməsində hədəf götürdüyü kəslərin  məhz onun keçmiş rəhbərliyi, o cümlədən də hazırda vəzifələrdə sıxılıb, qalmağı bacaran Mahmudovçu qrup olduğu bəllidir.
 
Ilqar Əliyevin müəmmalı ölümündən sonra yayılan rəsmi məlumata ictimaiyyətin böyük əksəriyyəti inanmadı. Sonradan o da üzə çıxdı ki, polkovnikin ailəsi də onun intihar etdiyinə inanmır. Ilqar Əliyevin ailəsinə yaxın mənbə “Yeni Müsavat”a demişdi ki, ailə üzvləri onun həyatla öz xoşu ilə vidalaşdığına inanmadıqlarını istintaqçılara bildiriblər.
 
Həmin vaxt qaynağımız çox maraqlı bir məqamları aydınlaşdırmışdı. Ilqar Əliyevin özünü müdafiə etməsi üçün vəkili ilə birgə müdafiə taktikası hazırladığını müxbirimizə xüsusi olaraq vurğulamışdı.
 
Həmin yazıdan sitat: “Ilqar Əliyev ölümündən az əvvəl həyat yoldaşı ilə telefonla danışıb, hər şeyin normal olduğunu deyib. Onun iki uşağı var, yoldaşından uşaqlarını soruşub. Deyib ki, hər şey yaxşı olacaq. Yəni özü də bilirdi ki, 10-12 il cəza verilə bilər. Həbsə düşməyindən narahat olub, bədbin, fikirləri qarışıq olub. Amma özünü asması heç ağla gələn məsələ deyil”, – deyə, mənbə bildirmişdi. Əlavə etmişdi ki, ailəsi baş vermiş hadisənin şokundadır: “O, niyə belə edib, bilmirlər. Həbsindən sonra həftədə iki dəfə ailəsi ilə danışıb. Onlara da deyib ki, narahat olmasınlar.  Elə bilsinlər ki, bir ötəri hadisədir. Deyib ki, atası, qardaşı çox da qüssələnməsin. Bir işdir başına gəlib. Yəni Ilqar Əliyev həbs olunmasından narazı olub. Amma onun özünü asması üçün əsasları olmayıb. Onun ölümündən sonra vəkili də ailəsinə deyib ki, Ilqarın vəziyyəti pis olmayıb. Onunla məsləhətləşmələr aparıb, müdafiə taktikası qurub, vəsatətlər hazırlayıblar. Vəkili hər gün onunla görüşüb, nə edəcəklərini müzakirə ediblər. Adam özünü asacaqdısa, niyə müdafiə olunmağa hazırlaşıb?”
 
Ümumiyyətlə isə bu gün də polkovnik Ilqar Əliyevin BIT-də özünü asmasını şübhə altına alan çoxsaylı məlumatlar dolaşır. Belə ki, polkovnikin mələfəni haradan alması, özünü haradan və necə asması, BIT nəzarətçilərinin həmin vaxt harada olmaları, həmçinin kamera yoldaşının kimliyi və sonradan intihar etməsi və s. digər suallar cavabsız qalıb. Ilqar Əliyevin intiharı ilə bağlı mövzunun bu qədər aktual olmasına gəlincə, o, MTN-də sıradan bir işçi olmayıb. Adı illərlə ictimai-siyasi fəallara qarşı qanunsuz əməliyyatlarda hallanıb”.
 
Xatırladaq ki, ötən ilin oktyabr ayında Ilqar Əliyevin barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdi. O, Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyi pozma) maddələri ilə təqsirləndirilirdi.
Azadliq.info