MTN polkovnikinə HÖKM OXUNDU

Baxış sayı:
865

Dələduzluqda təqsirləndirilən Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləli, Anar İsmayılov və Nicat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə Vüqar Güləli 8 il, Nicat Əliyev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Digər təqsirləndirilən Ceyhun İbayev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, istintaq zamanı həbs edilmədiyi üçün məhkəmə zalında qandallanıb.
Vüqar Əsədov və Anar İsmayılova isə şərti cəza verilib, onlar istintaq zamanı həbs edilmədiyi üçün sərbəst qalıb.
Qeyd edək ki, prokuror Vüqar Güləlinin 9 il 6 ay, Nicat Əliyevin 8 il 6 ay, Ceyhun İbayevin 8 il, Vüqar Əsədovun 7 il 6 ay, Anar İsmayılovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
İttihama görə, Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləli, Anar İsmayılov və Nicat Əliyev bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı dələduzluq edib.
Həmin şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəkləri vədi ilə 147 min manat pulunu ələ keçiriblər.
Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunan təqsirləndirilən şəxslər digər vətəndaşlara qarşı da dələduzluq ediblər.
Onlar iranlı məhkumların İrana ekstradisiya edilməsi üçün pul lazım olduğunu, qarşılığında isə 1 milyon dollar pul qazanacaqlarını, əldə edilən puldan onlara da pay verəcəkləri vədi ilə Aybala Namazovdan 35 min manat, Ədalət Əsgərovdan 115 min alaraq qaytarmayıblar.
Cinayət işində çoxsaylı zərərçəkmiş var.
Xatırladaq ki, Vüqar Güləli ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təqaüddə olan polkovnikidir.