MTN-nin ləğvi müxalifəti gizli nəzarətdən xilas edəcəkmi?

Mirmahmud Mirəlioğlu: “MTN-nin ləğv edilməsi siyasi partiya və ya medianın gizli nəzarətdən sığortalanması demək deyil”
 
Əli Əliyev: “Şəxsi həyatdan kənar bütün sahələrə nəzarət dövlətin mühüm vəzifələrindəndir”
 
Vidadi Mirkamal: “Nə qədər ki, anti-demokratik rejim var, partiya və cəmiyyətlərə güc orqanlarının nəzarəti davam edəcək”
 
Əli Orucov: “Partiya və vətəndaş cəmiyyətləri ilə bağlı dinləmə və nəzarət güclənəcək”
 
Elçin Şıxlı: “Bu günə qədər necə dinləyiblərsə, bundan sonra da dinləməkdə davam edəcəklər”
 
Məlumdur ki, ölkədəki müxalif siyasi partiyaların, vətəndaş cəmiyyətlərinin, medianın bu günə qədər ən çox ehtiyat etdiyi məsələlərdən biri MTN-nin bu qurumlar üzərində mümkün nəzarəti, ofis və redaksiyalarda gizli kamera və dinləmə cihazları yerləşdirə biləcəyi ilə bağlı olub. Maraqlıdır, MTN-nin ləğvi müxalif partiya və medianı gizli dinləmə və nəzarətdən xilas edəcəkmi? Yoxsa bu nəzarət digər güc orqanlarının timsalında başqa formada davam edəcək?
Məsələ ilə bağlı “Hürriyyət”ə açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu hesab edir ki, siyasi partiya və mediaya nəzarət nəinki azalacaq, əksinə daha da artacaq: “Forma dəyişilib, məzmun qalıb. Xüsusi xidmət orqanlarının dövlət üçün əhəmiyyəti şübhəsizdir. Bir dövlət kimi Azərbaycanın xüsusi xidmət orqanlarına, güc orqanlarına ehtiyacı var. Amma ölkə daxilində, cəmiyyət arasında əcinnə ovuna çıxmaq, hər yerə bir böcək qoymaq, ordan qaynaqlanmaq və daha sonra bunu təhlükəsizlik ximətinə məxsus bir iş hesab etmək doğru deyil. Lakin MTN-nin ləğv edilməsi o demək deyil ki, siyasi partiyalar və ya media bundan sığortalandı. Əksinə, hesab edirəm ki, bundan sonra bu istiqamətdə daha artıq iş aparacaqlar. Əlaqədar qurumlar ali siyasi hakimiyyətin, Təhlükəsizlik Şurasının gözündə özləri haqqında müsbət təəssürat yaratmaq üçün bu istiqamətdə daha çox addım atacaq. Bundan sonra bu nəzarət özünü daha kəskin hiss etdirəcək. Ancaq bütün bunların bir nəticəsi olmayacaq. Qəribə budur ki, güc orqanları daxildə terrorçu axtarışına çıxır. Halbuki, terrorçu lazım gələndə sərhədi də pozur, başqa addımlar da atır. Nardaranda anti-terror əməliyyatı keçirdilər. Halbuki, anti-terror əməliyyatını Nardaranda deyil, Qarabağda həyata keçirmək lazımdır. Dünyaya da sübut etmək lazımdır ki, Azərbaycan terrorçulara qarşı bu cür qətiyyətli addımlar atır və öz torpaqlarını azad etmək qüdrətinə malikdir”.
VİP sədri Əli Əliyev isə hesab edir ki, dövlət maraqları tələb edirsə, hər kəsi izləmək olar, lakin bir şərtlə ki, həmin şəxsin özəl həyatına müdaxilə edilməsin: “MTN ləğv edilməyib, transformasiya edilib-strukturu dəyişdirilib. Funksiyalar və mahiyyət yerindədir. Xəfiyyə fəaliyyəti də yeni strukturun vəzifələri sırasındadır. Mənim sualda qoyulan məsələyə münsibətim dövlətçilik prizmasındadır. Dövlətin maraqları fərdi maraqlardan yuxarıdır. Şəxsi həyatdan kənar bütün sahələrə nəzarət dövlətin mühüm vəzifələrindəndir. Şəxsi həyata müdaxilə bu görəvin qırmızı xəttidir. Dövlət özünü qorumağı bacarmalıdır. Bu vəzifəni yerinə yetirən orqan, məhz təhlükəsizlik xidməti olmalıdır. Diqqət yetirin, bir qədər əvvəl dünya demokratiyası və insan azadlıqları mövzusunda hamıya örnək olan ABŞ-ın xüsusi xidmət orqanlarının nəinki ölkə daxilindəki insanları, hətta dünya liderlərini dinləməsi faktı aşkarlandı.
Merkellə Obama arasında bu mövzuda bir ara ciddi gərginlik yaşandı. Dövlət maraqları hər işdən yüksəkdədir. Peşə fəaliyyəti ilə bağlı insanın güvənliyi varsa, onun güdülməsi narahatlıq yaratmamalıdır. Əgər mən milli maraqlara xəyanət etmirəmsə, istənilən qədər izləsinlər. Mənim şəxsi həyatıma girə bilməzlər. Dövlətimin təhlükəsizliyi üçün mənim peşə fəaliyyətimin şəffaflığı lazımdırsa, mən bu yoxlanmaya etiraz edə bilmərəm. Əksinə. Lakin son MTN qalmaqalı sübut etdi ki, bəzi natəmiz şəxslər belə vacib orqanı belə, öz alətlərinə çevirə bilir, dövlətin imkanlarını öz məqsədləri üçün kullana bilirlər. Bax bu yolverilməzdir. Dövlət yetkilisinin, dövlət məmurunun fəaliyyət yalnız dövləti maraqlara xidmət edə bilər, biznes maraqlarına deyil”.
Sabiq ədliyyə generalı, Milli Şuranın hüquq komissiyasının sədri Vidadi Mirkamal da hesab edir ki, müxalif partiya və digər qurumlara nəzarət bundan sonra da davam edəcək: “MTN-nin ləğv edilməsini birbaşa bu məsələ ilə əlaqələndirmək doğru olmazdı. Öncə bu nazirliyin ləğv edilməsinin səbəblərini araşdırmaq lazımdır. MTN ona görə ləğv edildi ki, bu nazirlik artıq ölkə üçün milli təhlükəyə çevrilmişdi. Azad sahibkarlıq mühitini pozurdu. Ölkədə banditizmin, adam oğurluğunun, rüşvət və korrupsiyanın daşıyıcısına çevrilmişdi. Bu orqan özünü cəmiyyətin gözündə tamamilə nüfuzdan salmışdı. Bu mənada düşünürəm ki, bu islahatlar 10-15 il bundn öncə həyata keçirilməli idi.
Bu nazirliyin işi yenidən qurulmalı idi. Sivil ölkələrdə olduğu kimi, bu qurum bilavasitə dövlətin təhlükəsizliyi ilə bağlı funksiyaları icra etməli idi. Bu nazirliyin ləğvi, yenidən qurulması heç də MTN-ə məxsus funksiyaların əlindən alınması demək deyil. Düşünmürəm ki, Dövlət Təhlükəsizlik Xidməti MTN-nin malik olduğu funksiyaları əlindən verəcək. Sadəcə olaraq, burada söhbət bu funksiyalardan düzgün, dövlətin maraqları naminə istifadə edilməsindən gedir.
Müxaliət partiyaları, vətəndaş cəmiyyətləri, mediaya gəlincə, vaxtilə bu qurumların fəaliyyətinə MTN nəzarət edirdi. Hesab edirəm ki, nə qədər ki, ölkədə anti-demokratik rejim var, nə qədər ki, bu hakimiyyət demokratik islahatlar aparmayıb, MTN-nin bu funksiyasının DTX-ya veriləcəyi şübhəsizdir. Yeni yaranmış DTX bu məsələdə öz mövqeyini ortaya qoyacaq və vətəndaş cəmiyyətlərinə nəzarət yenə də həyata keçiriləcək. Nə zaman ki, Azərbaycanda azad, demokratik cəmiyyət formalaşacaq, siyasi-hüquqi islahatlar həyata keçiriləcək, bundan sonra hər bir orqan öz yerində olacaq.
Məsələləri yalnız MTN-DTX ilə əlaqələndirmək düzgün deyil. Siz bilirsiniz ki, müxalifətlə bağlı, hakimiyyət üçün təhlükə törədən qurumla bağlı fəaliyyət təkcə MTN deyil, həm də paralel olaraq digər güc orqanları tərəfindən həyata keçirilib. Islalahtlar başa çatmayana qədər bu funksiyaların güc orqanlarının əlindən alınacağı ağlabatan görünmür”.
AMİP Siyasi Şurasının üzvü Əli Orucov siyasi partiya, vətəndaş cəmiyəti və meddia ilə bağlı gizli nəzarətin bundan sonra da davam edəcəyini bildirib:
“Azərbaycan kimi yarımqapalı ölkələrdə qanunsuz dinləmələri təkcə bir dövlət qurumu həyata keçirmir. Belə qanunsuz dinləmələr, təqiblər, xüsusi nəzarətə götürmə totalitar və avtoritar rejimlərin mahiyyətindən irəli gəlir. Həmin rejimlərdə idarəçilik zorakılığa, qorxuya, təzyiqə, fitnə-fəsada, korrupsiya və rüşvətə əsaslandığından cəmiyyətin bütün təbəqələri, dövlət idarəetmə strukturları, siyasi institutlar, vətəndaş cəmiyyəti və media öz funksiyalarını doğru-dürüsüt həyata keçirə bilmir.
Eyni zamanda hamı bir-birinə şübhə və ehtiyatla, xofla yanaşır. Yuxarda sadaladığın fəaliyyət MTN-nin simasında hansısa dövlət orqanının özfəliyyəti və özbaşınalığı ilə bağlı deyil. İkincisi də, dinləmə qurğuları digər hüquq-mühafizə və təhlükəsizlik qurumlarının da sərancamındadır. Ona görə də hesab edirəm ki, vəziyyətin getdikcə kritik hal aldığı, böhranın dərinləşdiyi indiki halda,  cəmiyyətin ayrı-ayrı təbəqələrinin, yaxud iqtidar üçün lazımlı və maraq doğuran ayrı-ayrı şəxslərin telefon danışıqları, yazışmaları bundan sonra daha artıq dinləniləcək, hətta onların üzərındə açıq-gizli nəzarət gücləndiriləcək”.
Fəaliyyətini dayandıran “Ayna”-“Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı da media və siyasi partiyalara nəzarət sisteminin davam edəcəyini vurğuladı: “Düşünürəm ki, nəzarət necə olubsa, eləcə də qalıbdır. Sadəcə olaraq, bu nəzarətin icraçısı başqası olacaq. Bunun aradan qaldırılmasından yalnız o zaman qəti şəkildə əmin olmaq olar ki, MTN-nin bazasında yaradılan iki xidmətin işində, vətəndaşlara münasibətində, funksiyalarının yerinə yetirilməsi istiqamətində hər hansı bir yenilik olduğunu hiss edək. Bunu isə çətin ki, hiss edək. Mənim fikrimcə, bu vaxta qədər necə dinləyirdilərsə, bundan sonra da elə o cür dinləməkdə davam edəcəklər”.
 
“Hürriyyət”