MTN-nin həbsdə olan polkovniki intihar etdi - YENİLƏNİB

İlqar Əliyevin saxlanıldığı Bakı İstintaq Təcridxanasında özünü asdığı iddia olunur

MTN polkovnikinin həbsxanada özünü öldürməsi ilə bağlı cinayət işi başlanılıb

MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev saxlanıldığı Ədliyyə Nazirliyinin 1 saylı Bakı İstintaq Təcridxanasında özünü asıb.
Bu haqda ilk olaraq “Qafqazinfo” saytı məlumata yayıb. Saytın əldə etdiyi məlumata görə, həbsdə olan İlqar Əliyev günorta saatlarına intihar edərək özünü öldürüb.
“Polkovnik İlqar Əliyevin intihar etməsi ilə bağlı araşdırmalara başlanıb. Fakt üzrə cinayət işi açılıb. Bu hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumatlar veriləcək”.
Bu barədə dünən günün ikinci yarısında virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mötəbər mənbələrdən məlumat verilib.
Bu informasiya yayılandan az sonra İ.Əliyevin vəkili Rəşad Mirmehdizadə APA-ya açıqlamasında hadisə barədə mətbuatdan xəbər tutduğunu bildirib. Vəkil həmin vaxt hadisənin baş verdiyi BİT-də olduğunu deyib.
Qeyd edək ki, ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış, polkovnik İlqar Əliyevin özünü öldürməsi ilə bağlı cinayət işi başlanılıb.
APA-nın məlumatına görə, faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin  125-ci ( özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları İ. Əliyevin saxlanıldığı Bakı İstintaq Təcridxanasında araşdırmaları davam etdirir.
Günün sonuna yaxın Ədliyyə Nazirliyi Penitensiar Xidməti polkovnik İlqar Əliyevin ölümü ilə bağlı məlumat yayıb.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya daxil olan məlumatda bildirilib ki, dekabrın 20-də saat 15:55 radələrində Cinayət Məcəlləsinin 302.2; 308.2 və 309.1-ci maddələri ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı istintaq təcridxanasının ikinəfərlik kamerasında saxlanılan Əliyev İlqar Mustafa oğlu intihar edib.
Kamera yoldaşı telefon danışığı hüququndan istifadə etmək üçün kameranı tərk etdiyi qısa müddət ərzində orada tək qalmış İ.Əliyev mələfəni ip formasına salaraq pəncərədəki dəmir barmaqlığa bağlayaraq özünü asıb.
Kamera yoldaşı qayıtdıqdan sonra hadisə ilə bağlı dərhal müəssisənin əməkdaşlarına məlumat verib, tibb heyətinin iştirakı ilə təxirəsalınmadan İ.Əliyevin həyatının xilas edilməsinə yönələn tədbirlər görülməsinə baxmayaraq,  həmin anda ölüm halı artıq baş verdiyindən ona göstərilən tibbi yardım nəticəsiz qalıb.
Hadisə barədə dərhal aidiyyəti istintaq orqanlarına, İ.Əliyevin qohumlarına və müdafiəçisinə məlumat verilib.
Hadisə yeri Bakı şəhər prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə müayinə edilib. Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Xatırladaq ki, İ. Əliyev MTN-lə bağlı başlanmış cinayət işi ilə əlaqədar saxlanılaraq, barəsində oktyabrda Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. O, Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilirdi və Bakı İstintaq Təcridxanasına köçürülmüşdü.
Muxalifet.az