​“MTN işi”ndəki vəkilin evi yandırıldı - SİFARİŞÇİ BƏLLİDİRİ

Tanınmış vəkil İlham Əsədova məxsus 2 mərtəbəli ev qəsdən yandırılıb. Vəkilin sözlərinə görə, fevralın 16-dan 17-nə keçən gecə Sabunçu rayonu, Nardaran qəsəbəsindəki Bağlar massivində yerləşən 2 mərtəbəli villasında başlanan yanğın yaşayış yerini tamamilə məhv edib.
Vəkil ”Yeni Müsavat” a deyib ki, villanın qəsdən yandırılmasına dəlalət edən tutarlı sübutlar var: “Bu gün səhər zəng edib dedilər ki, bağ evin yanıb. Təcili Nardarana getdim. Orada mənim bağımda elektrik cərəyanı, qaz yoxdur. Mənim heç kimlə şəxsi düşmənçiliyim yoxdur. Yanğın qəsdən törədilib. Yandıran şəxslər hasardan aşmaq üçün divara dəmir dirək söykəyiblər. Şübhələndiyim şəxslər var. Həyətimdə ayaq izləri də var. Bu izlər icraçıların ayaq izləridir”.
İ.Əsədov olayın vəkillik fəaliyyəti ilə əlaqəli olduğunu istisna etməyib: “Villam mənim vəkillik fəaliyyətimlə əlaqdar yandırılıb. Sifarişçilərin kimliyi haqda məlumatlıyam. Sifarişi verən vəzifəli şəxslərdir. Vəkillik fəaliyyətimlə əlaqədar onların mənafelərinə toxunduğumu bilirəm. Mənə 100 min manata yaxın ziyan dəyib. Bəzi dəqiqləşdirmələr aparıram. Bundan sonra villamın yandırılması sifarişini verənlərin kimliyini açıqlayacağam”.
İ.Əsədov deyir ki, vaxtilə ağır cinayətlərin araşdılması ilə məşğul olub. 2005-ci ildən sonra isə vəkillik fəaliyyəti ilə məşğul olmağa başlayıb: “Mənim çıxdığım işlər haqda vaxtilə mətbuatda çox yazılıb. Hesab edirəm ki, sifarişi verən illərdir ki, məqam gözləyib. İndi isə belə bir addım atdılar. Məlumatları tam şəkildə dəqiqləşdirəndən bu haqda mətbuata əlavə açıqlama verəcəyəm“.
İ. Əsədov qeyd edib ki, villadakı yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə xidməti əməkdaşları tərəfindən söndürülüb. Villada olan bütün əşyalar tamamilə yanaraq kül olub.
“AzPolitika” İlham Əsədovun vəkil kimi iştirak etdiyi işlərlə bağlı kiçik araşdırma aparıb və çox maraqlı məlumatlar əldə edib. Məlum olub ki, İlham Əsədov, Nizami Qocayev DİN-in İstintaq İdarəsinin rəisi olduğu dövrlər orda mühüm işlər üzrə baş müstəntiq vəzifəsində çalışıb. Sonradan DİN sistemindən ayrılaraq, vəkillik fəaliyyətinə başlayıb.
İ.Əsədov bir sıra qalmaqallı işlərdə vəkil olub. Məsələn, Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovla məhkəmə çəkişməsi zamanı iş adamı Maqsud Mahmudovun hüquqlarını müdafiə edib. İki ilə yaxın davam edən məhkəmə prosesi zamanı Bakı merinin oğlu prosesi uduzub.
Ən diqqətçəkən məlumat isə budur ki, İlham Əsədov hazırda keçmiş Milli Təhlükəsizlik Nazirliyində yüksək vəzifəli şəxslərin cinayət işində zərərçəkənlərin vəkili qismində fəaliyyət göstərir.
Bundan başqa, İlham Əsədov eyni zamanda Daxili İşlər Nazirliyinin istintaq etdiyi bir sıra cinayət işlərində vəkil kimi iştirak edir, zərərçəkənlərin hüquqlarını qoruyur.
Ən son məlumatlara görə, vəkilin bağ evinı benzin tökərək yandırıblar. Bu ehtimal ilkin ekspertiza rəyində də öz əksini tapıb. Bu rəydə də, evin benzin tökülərək yandırıldığı qeyd edilir.
Qeyd edək ki, vəkil İlham Əsədov bağının yandırılmasını kimin sifariş etdiyi haqda məlumatlı olduğunu, ancaq hələlik ad çəkmək istəmədiyini söyləyib. İlham Əsədovun sözlərindən belə çıxıb ki, ona məxsus olan ev yüksək çinli məmurlardan birinin sifarişi ilə yandırılıb və vəkilə bu yolla “dərs” verilib. Mövzuya qayıdacağıq.