​“MTN işi”ndə zərərçəkmiş kimi tanınan sabiq icra nümayəndəsinə ŞƏRTİ CƏZA VERİLDİ

Baxış sayı:
7051

 Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Biləcəri qəsəbəsinin sabiq icra nümayəndəsi Bahəddin Sultanov və keçmiş polis əməkdaşı Təvəkkül Vəliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ilə təqsirləndirilən şəxslərin hər birinə 1 il sınaq müddəti olmaqla şərti cəza verilib.
Xatırladaq ki, dövlət ittihamçısı ittiham çıxışında B.Sultanovun 8 il, T.Vəliyevin isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. O, zamində olan hər iki şəxsin barəsində həbs qətikman tədbirinin seçilməsini və məhkəmə zalında həbs edilməsini tələb etmişdi.
Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham olunub.
İttiham aktına əsasən, onlar torpaq alqı-satqısı zamanı vətəndaşdan külli miqdarda pul alıblar, daha sonra vədlərinə əməl etməyərək dələduzluq cinayəti törədiblər.
B.Sultanovun və T.Vəliyevin barələrində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb.
B.Sultanov 2004-2005-ci illərdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi üzrə İcra nümayəndəsi vəzifəsində işləyib. Sonradan isə o, Sumqayıt yolunda 4 hektar torpaq sahəsi götürərək iribuynuzlu mal-qara saxlayıb, həmçinin Qazaxıstan respublikasında tikinti işləri ilə məşğul olub.
Həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilməyib.
B.Sultanov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin sabiq rəisi Vüsal Ələkbərovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.
Cinayət işində qeyd edilib ki, V.Ələkbərov 2009-cu ilin əvvəllərində "Texnikabank" ASC-nin Bakı filialından 500 min manat kredit götürmək üçün sənədləri saxtalaşdırmış İntiqam Sultanovu tutmamaq müqabilində atası Bahəddin Sultanovdan 500 min dollar rüşvət istəyib. Həmin cinayət işi üzrə İ.Sultanovun barəsində 16 iyun 2009-cu ildə həbs qətimkan tədbiri seçilib. Sonra V.Ələkbərov İ.Sultanovun həbsdən azad edilməsi üçün B.Sultanovdan 370 min manat pul tələb edib, əks təqdirdə, rəhbərliyin göstərişi ilə onun özünü də tutacağı ilə hədələyib.
Növbəti gün V.Ələkbərov xidməti otağında B.Sultanovun qardaşı Mirzə Paşayev və onun dostu Əsgər İbrahimovdan 360 min manat, Yasamal rayonunda isə B.Sultanovun özündən 10 min manat alıb. Daha sonra V.Ələkbərov İ.Sultanovun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə müvəffəq olub.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib.