"MTN İŞİ"ndə İCRA BAŞÇISININ ADI ÇƏKİLİR – ŞOK AÇIQLAMA

“Mənim malımı, pulumu alan adamlara Abidin Fərzəliyev “krışalıq” edir”

Zaur Əzimov: “100 min dollarlıq malımı, 120 min manat da pulumu alıblar”

Sahib Qurbanov: “Elçin Quliyev telefonuma qulaq asıb”
 
Dünən Bakı Hərbi Məhkəməsində MTN-nin Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və polkovnik Azər Mehdiyevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib. İclasda zərərçəkmiş şəxs qismində iştirak edən Zaur Əzimov və Sahib Qurbanov proses sonrası“Hürriyyət”in müxbirinin suallarını cavablandırıblar.

“100 min dollarlıq malımı və 120 min manat pulumu alıblar”

Z.Əzimov deyir ki, MTN-nin Binəqədi rayon şöbəsinin əməkdaşları onun 100 min dollar dəyərində malını və 120 min manat pulunu alıblar: “Bu pulu və malı məndən MTN-nin Binəqədi şöbəsinin əməkdaşları alıb. “Qazel” markalı maşında 100 karobka siqaretim olub, onu saxlayıblar. Bu hadisədən sonra ilk əvvəl malın dalınca onların yanına dostum gedib. Dostuma deyiblər ki, maşındakı narkotikdir, silahdır. Bundan sonra 3 gün gizləndim. MTN əməkdaşları məni axtarışa veriblər, evimə gəliblər, dost-tanışların evində axtarıblar, tapmayıblar. 3 gündən sonra özüm getdim. Çünki “Qazel” şoferini orada saxlamışdılar, döymüşdülər. Ondan sonra “Şır-Şır” restoranının qabağından “Range Rover” markalı maşınımı apardılar. Daha sonra bir həftə məni orada saxladılar. Məndən 120 min manat pul aldılar, malımı da götürub dedilər ki, müsadirə olunur. Pul alandan sonra məni sərbəst buraxdılar”. 
Zaur Əzimov iddia edir ki, ondan pulu MTN-nin Binəqədi rayon şöbəsinin rəis müavini Heydər Hacıyev alıb: “Ancaq MTN-nin Binəqədi rayon idarəsinin rəisi Rafiq Səfərov da orada idi. Təbii ki, Heydər də pulu Rafiqin tapşırığı ilə alıb, rəissiz orada nə iş görə bilərlər?!”

“Mən qaçaqmalçı deyildim”

Həmsöhbətim deyir ki, ondan pulu qanunsuz olaraq alıblar: “Mən qaçaqmalçı deyildim, malı xaricdən gətirəndə sərhəddə tutulmamışdım. Mən malı burada almışdım, burada da satırdım. Burada o malı Amil adlı şəxsdən almışdım”.

“Dedilər ki, özünü yaxşı aparmasan, cibindən tank da çıxardarıq”

Onun sözlərinə görə, ondan pul alan adamlar məhkəmə prosesində iştirakçı qismində deyil, şahid  qismində iştirak edirlər: “Mənim telefonumu Elçin Quliyev qanunsuz olaraq dinləyib. Onun qansuz dinləməsi nəticəsində mənim maşınımın hara getməsi, harada olması, saat neçədə gəlməsi, malın alıcısının gəlməsi öyrənilib. Mən qaçaqmalçılıqla məşğul olmurdum, bu, şəhərin mərkəzində “Elit” ticarət mərkəzinin qabağında gördüyüm iş idi. Məni maksimum Vergilər Nazirliyi gəlib tuta bilərdi ki, sən aksizsiz mal satırsan. Onda da cərimə edə bilərdi. Malın aksiz markası yox idi. Amma fakt o idi ki, aksiz marka söhbəti etmirdilər. Malı tutub, mənə deyirdilər ki, bunun içində narkotik, silah var. Elə narkotik, silahı da bəhanə edib, məndən pul aldılar. Mənə dedilər ki, özünü yaxşı aparmasan sənin cibindən tank da çıxardarıq. Elçin Quliyevin qanusuz dinləməsinə görə mən zərər çəkmişəm, 100 min dollarlıq malımı, 120 min manat da pulumu alıblar”.

“Elçin Quliyevə dedim ki, mən terrorist, bandit idim ki, sən məni dinləmisən?”

“Bu gün (dünən – red.) Elçin Quliyevə dedim ki, mən terrorist, bandit idim ki, sən məni dinləmisən?! O dedi ki, siz qrup şəklində qaçaqmalçılıq etmisiniz, şəkillər çəkilib. Halbuki nə malın saxlandığı yerin şəkli olub, nə də o malı biz gətirməmişik. Biz o malı Azərbaycanda almışıq. Qarşı tərəf bu gün mənim boynuma qoymaq istəyirdi ki, guya, mən qaçaqmalçılıq etmişəm. Amma mən o malı gətirməmişəm”, - deyə şikayətçi vurğuladı.

“Mənim malımı, pulumu alan adamlara Abidin Fərzəliyev “krışalıq” edir”

Z.Əzimov onu da dedi ki, onun malını, pulunu alan adamlara Nərimanov rayon icra başçısı Abidin Fərzəliyev “krışalıq” edir: “Çünki MTN-nin Binqədi rayon idarəsinin rəisi Rafiq Səfərov onun yeznəsidir. Heydər Hacıyevə “daydaylıq” edən isə Prezident Apatında işləyən Səttar Hacıyevdir, onun əmisi, həm də qaynatasıdır”.

“Yazmadığım orqan yoxdur, amma...”

Şikayətçi deyir ki, məsələ ilə bağlı Prezident Administrasiyasına, Baş Prokurorluğa, Birinci vitse-prezidentə müraciət edib: “Yazmadığım orqan yoxdur. Bəlkə hərəsinə 15 dəfə yazmışam, heç birinə də baxılmayıb”.

“Heydər İslamov dedi ki, səni Çovdarovun yanına apararam, başa salar”

Zərərçəkmiş şəxs qismində çıxış edən Sahib Qurbanov isə bildirdi ki, 2014-cü ildə dostu İlkini Maştağa yolunun üstündə “Qazel” maşınında siqaretlə tutublar: “Həmin vaxt şöbəyə gətiriblər. Orada dindiriləndə deyiblər ki, 60 min manat verəcəksən. İlkin şöbədən mənə zəng edib dedi vəziyyət budur, 60 min istəyirlər. Mən də MTN-nin Xəzər rayon idarəsinə getdim, orada Heydər İslamov şöbə rəisi işləyirdi. O mənə dedi ki, 60 min verəcəksən. Dedim, verə bilmərəm. Dedi otur yaz, səni də bu işə cəlb edirəm. Dedim ki, məni nəyə görə tutmusan? Dedi, səni Çovdarovun yanına apararam, başa salar”.
S.Qurbanov iddia edir ki, nəticədə Heydər İslamov ondan 40 min dollar alıb: “Pulu alandan sonra malı da özünə götürdü. Üstündən 3 ay keçəndən sonra, Zaur tutulanda söhbət etməyə ora getdim. Dedilər ki, Zaur tutulacaq. Dedim, bəs tutulmaması üçün nə etmək olar? Dedi ki, pul gətirməlisən. Onlarla danışdım ki, 50 min pul verə bilərik, amma Zauru tutmayın. Dedilər, yox, özümüz Zaurla söhbət edəcəyik. Sonra mən qırağa çəkildim, onlar Zaurla söhbət etdilər. Zaur pulu verəndən sonra dostum İlkin mənə zəng etdi ki, səndə olan 60 karobka siqareti bunlar bilirlər, gətir qaytar. Mən də dedim qaytarmıram. Dedi, qaytarmasan hamımıza problem olacaq. Mən də yolda gələndə 5 karobka götürdüm. 55 karobkanı aparıb Binəqədi rayonunda şöbə rəisi olan Heydər Hacıyevə verdim. Rövşən də onun yanında idi. O, Rafiq  Səfərovun bibisi oğludur, MTN-də qeyri-qanuni işləyirdi. 55 karobka siqaretimi aldılar”.

“40 min dolların əvəzinə 65 min mənə pul verdi”

Sahib Qurbanov deyir ki, istintaq vaxtı 40 min dolların əvəzinə ona 65 min manat pul verilib:“İstinataq gedən vaxtda Rafiq Səfərov Rövşənin vasitəsilə 40 min dolların əvəzinə 65 min mənə pul verdi. Ancaq qalan 55 qutu siqaretin pulunu ala bilmirəm.
Elçin Quliyev mənim də telefonuma qulaq asıb. Biz ikimiz də eyni adamdan - Amildən mal götürürdük”.

“Ya özümü öldürməliyəm, ya da ölkəni tərk edib, çıxıb gedəcəyəm”

“Hələ də Rafiqlər, Heydərlər çöldədirlər, tutmurlar, məsuliyyətə cəlb etmirlər. Mənim pulumu qaytarmsalar prezidentə, vitse-prezidentə, Baş Prokurorluğa təzədən şikayət edəcəm. Mən dövlətdən tələb edirəm ki, Heydər Hacıyev, Rafiq Səfərov və Heydər İslamovdan pulumu alıb qaytarsınlar. Bü gün vəziyyətim ağırdır, borcum var, ölüm həddinə çatmışıq. Məhkəmənin qərarını gözləyirəm, ya özümü öldürməliyəm, ya da ölkəni tərk edib gedəcəyəm”, - dedi şikayətçi.

“Qasım Şirəliyev və Rüfət Əliyevin hərəsinə 300 min manat pul vermişəm”

Yenidən söhbətə müdaxilə edən Zaur Əzimov dedi ki, ona qarşı vergidən yayınma ittihamı ilə cinayət işi də açılıb: “Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi vergidən yayındığıma görə, mənə 4 il şərti həbs cəzası kəsib. Buna görə üzərimə 1 milyon 600 min manat cərimə də kəsilib. O pulu bu günə kimi  ödəyirəm. Yetərincə sübutum, dəlilim olmasına baxmayaraq, bu adamların heç biri bu gün tutulmayıb”.
Əzimovun sözlərinə görə, 630 min manatdan əlavə, Qasım Şirəliyev və Rüfət Əliyevə də hərəsinə 300 min olmaqla 600 min manat pul verib: “Qasım pulu məni vergi əməkdaşları ilə birləşdirdiyinə görə, belə deyək, “krışalıq” etdiyinə görə alıb. Rüfət isə həmin malların satışına, yəni bu işi düzüb-qoşduqlarına görə alıb. Qasım Şirəliyevin əmisi oğlu MTN əməkdaşı Bəhruz Şirəliyev isə iş gedən ərəfədə “daydaylıq” etdiyinə hər ay 3 min alıb. Onu da deyim ki, o, Eldar Mahmudovun da qohumudur. Məndən cəmi 1 miyon 200 mindən artıq pul alıblar.
1 miyon 600 min manat vergi borcu mənə qanunsuz gəlməyib, onu qanuni hesablayblar. Onlar məndən 1 milyon 200 min manatı aldılar ki, 400 min sənə qalsın, 1milyon 200 mini ört-basdır edək. Amma 1 milyon 200 min manatı aldılar, yalandan 2 sənəd verdilər. Amma işi həll edə bilmədilər.
Artıq borcun 800 minə yaxınını ödəmişəm. Geridə qalan hissəsini ödəmək iqtidarında deyiləm”.
Hurriyyet.org
Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.