​MTN generallarının sifarişi ilə hökm çıxaran hakimlər...

Günahsız insanlar haqqında qanunsuz həbs qərarı çıxaran hakimlər nə üçün məsuliyyətə cəlb edilmir?
 
Müzəffər Baxışov: “Qanunsuz hökmlər çıxardan hakimlər barəsində cinayət işi açılmalıdır”
 
“Xüsusilə vətəndaşların qanunsuz olaraq azadlıqdan məhrum edilmə cəzasına məhkum edilməsi ilə bağlı hökm çıxardan hakimlərin məsuliyyətə cəlb edilməsi təmin edilməlidir”
 
“MTN işi” ilə bağlı məsələ ictimaiyyiləşəndən sonra sabiq nazir Eldar Mahmudov komandasının sifarişi ilə hərəkət edən, bir çox vətəndaşlarla bağlı qanunsuz qərarlar çıxardaraq onları azadlıqdan məhrum edən məhkəmə hakimlərinin de-şifrə ediləcəyi, həmin hakimlərin məhkəmə məsuliyyətinə cəlb ediləcəyi ilə bağlı fikirlər səsləndirilmişdi. Lakin təəssüflər olsun ki, artıq “MTN işi” ilə bağlı proseslərin birinci mərhələsi geridə qalsa da, hələ ki, hər hansı hakimin sabiq MTN generalları ilə əlaqəsi aşkar edilməmiş, bu şəxslərdən biri belə məsuliyyətə cəlb olunmamışdır.
Maraqlıdır, MTN çətiri altında bir çox insan haqqında əsassız məhkəmə qərarları çıxardan, onlarla, yüzlərlə ailənin taleyi ilə oynayan şəxslərin hələ də məsuliyyətə cəlb edilməməsi nə ilə bağlıdır? Niyə həmin hakimlərin kimiyinin araşdırılması, onların ifşası istiqamətində heç bir addım atılmır?
Məsələ ilə bağlı “Hürriyyət”ə açıqlama verən tanınmış hüquqşünas Müzəffər Baxışov Azərbaycanın məhkəmə sistemindəki vəziyyətin hədsiz dərəcədə acınacaqlı olduğuna, bunun yalnız “MTN işi” ilə bağlı olmadığına diqqət çəkdi:
“Məsələ bundadır ki, Azərbaycanda məhkəmə hakimiyyəti sahəsində çox ciddi problemlər mövcuddur və bu preoblemlər sadəcə “MTN işi” ilə bağlı deyil. Bəzən biz bu problemləri gündəmə daşıyanda bəzi adamlar elə fikirləşir ki, bizim bunu deməkdə məqsədimiz kimlərəsə olan qərəzimizdir. Bəziləri hesab edir ki, bizim hazırda vəzifədə işləyən kimlərdənsə xoşumuz gəlmir və buna görə də bu cür fikirlər söyləyirik. Onlar bilməlidirlər ki, bizim söylədiyimiz tənqidlərin arxasında heç bir qərəz yoxdur. Sadəcə olaraq, bir Azərbaycan Respublikasının vətəndaşı kimi, dünyada bərqərar olan müstəqil məhkəmə hakimiyyətinin Azərbaycanda da bərqərar olması üçün çalışırıq. Məhkəmə hakimiyyəti sahəsindəki vəziyyətdə müşahidə edilən problemlər sadəcə “MTN işi” ilə əlaqədar deyil. Digər işlərlə bağlı da bu sahədə ciddi problemlər mövcuddur. Insanların əsassız və qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, onlar haqqında ittiham hökmünün çıxarılması, şəxsi göstərişlərin yerinə yetirilməsi, rüşvət əsnasında qanunsuz qərarların çıxarılması və s. təcrübə olaraq Azərbaycanda tətbiq olunmaqdadır. Bütün bu problemlərin həllinə nail olmaq üçün çox ciddi addımlar atılmalıdır”.
M.Baxışovun qənaətincə, bütün şübhəli məhkəmə qərarları ilə bağlı Ali Məhkəmənin pleniumuna müraciət edilməli, həmin işlərin yenidən, qanun və ədalət çərçivəsində təkrar araşdırılması təmin edilməlidir: “Şübhəli işlərlə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsinin pleniumuna ərizələrlə müraciət olunmalıdır. Ali Məkəmənin pleniumu bu işləri icraata qəbul etməli və həmin işlər üzrə yenidən məhkəmə araşdırması aparmalıdır. Araşdırmalar əsasında əvəllər qanunsuz hökmlər çıxardan hakimlər barəsində Cinayət Məcəlləsinin 295.2-ci maddəsi ilə cinayət işi açılmalıdır. Xüsusilə vətəndaşların qanunsuz olaraq azadlıqdan məhrum edilmə cəzasına məhkum edilməsi ilə bağlı hökm çıxardan hakimlərin məsuliyyətə cəlb edilməsi təmin edilməlidir. Nə qədər ki, bu işləri həyata keçirmək üçün ölkədə bir təşəbbüs yoxdur, eyni problemlər davam edəcək. Necə ki, bu gün də həmin problemlər müşahidə edilməkdədir. Bu gün də Azərbaycan Respublikasının vətəndaşları ölkə məhkəmələri tərəfindən əsassız və qanunsuz olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilir. Mülki mübahisələr üzrə də qanunsuz qərarlar çıxarılır. Bu, olduqca ciddi bir məsələdir. Təəssüflər olsun ki, mən hələ Azərbaycanda məhkəmə sahəsindəki qanunsuzluqların aradan qaldırılmasına hesablanan prosesin başladılmasının işartısını belə görmürəm”.
 
“Hürriyyət”