MTN generalının “Dəmirbank”dakı milyonları - ŞOK FAKTLAR

Baxış sayı:
846

Akif Çovdarovu bankın İdarə Heyətinin sədri Roman Əmircanovla qohumluq əlaqələrindən başqa, daha nə bağlayıb?

Korrupsioner məmurların ölkədən yüz milyonlarla dollar çıxarmasına kimlər yardımçı olub?

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun “Dəmirbank”la qaranlıq əlaqələri haqqında “Hürriyyət”də yazmışdıq. Dəyərli oxucularımızın diqqətinə çatdırmışdıq ki, bu bankın Çovdaovla əlaqələri ilə bağlı “Hürriyyət”ə daxil olan şok məlumatlar əməkdaşlarımız tərəfindən araşdırılır və yaxında MTN generalının qohumu, “Dəmirbank”ın İdarə Heyətinin sədri Roman Əmircanovla qanunsuz işbirliyi haqda geniş məlumat verəcəyik. Odur ki, söz verdiyimiz kimi, əlimizdə olan bir sıra faktları oxucularımızla bölüşməyi qərara aldıq. Qeyd edək ki, apardığımız araşdırma nəticəsində çox yaxında əldə edəcəyimizə inandığımız daha ciddi və sənədlərdə əks olunan məlumatları da oxucularımızla bölüşməyə çalışacağıq.

Öncə onu qeyd edək ki, “Dəmirbank”la MTN generalının qaranlıq əlaqələri haqda informasiyalar hələ Akif Çovdarov öz vəzifəsinin başında olduğu zaman redaksiyamıza daxil olmuşdu. Elə qəzetimizdə mövzunun araşdırılması ilə bağlı ilk anons da Çovdarovun vəzifədən uzaqlaşdırılmasından və həbsində öncə dərc olunmuşdu. MTN generalının qandallanmasından sonra isə, bəzi KİV-lər də bu mövzuya müraciət etdilər. Lakin həmin informasiyalar heç biri fakta söykənmirdi və bu səbəbdən də qarşı tərəf, daha doğrusu “Dəmirbank”ın Marketinq Departamenti iddiaları təkzib edən açıqlamalar verdilər.
Hansı ki, bir sıra saytlar Akif Çovdarovun qudası – Roman Əmircanov vasitəsi ilə külli miqdarda maliyyə vəsaitini leqallaşdıraraq, “Qafqaz İnkişaf Bankı”nın Tiflis fililalına köçürdüyünü yazırdı. Bildirirlirdi ki, buna görə Roman Əmircanov ciddi nəzarət altındadır və tezliklə həbs edilə bilər.
“Dəmirbank”ın Marketinq Departamenti isə deyilənləri təkzib etmişdi: “Bankımız normal qaydada fəaliyyətini davam etdirir, Roman Əmircanov həmişəki kimi işə gəlib-gedir... Yazılanlarda yalnız o doğrudur ki, onlar həqiqətən qohumdurlar. Bankın fəaliyyətinin araşdırılması, Roman müəllimin nəzarət altına alınması qətiyyən doğru deyil”.
Xatırladaq ki, “MTN işi” çərçivəsində işdən azad edilən qurumun şöbə rəisi, polkovnik-leytenant Rəşad Əmircanov Akif Çovdarovun kürəkənidir. Bundan əlavə, Rəşad Əmircanov 1993-1996-cı illərdə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsi sədrinin birinci müavini vəzifəsini tutmuş, ”Əməkdar iqtisadçı” Əmircan Əmircanovun kiçik oğlu, Dəmirbankın İdarə Heyətinin sədri Roman Əmircanovun, Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Aqşin Vəliyevin yaxın qohumudur.
Rəşad Əmircanov əvəllər Xüsusi Dövlət Mühafizə Xidmətində işləyib, sonrdan Akif Çovdarov Milli Təhlükəsilik Nazirliyində idarə rəsisi təyin edildikdən sonra, qayınatasının himayədarlığı ilə MTN-ə şöbə rəisi gətirilib. Hüquq mühafizə orqanları polkovnik-leytenant Rəşad Əmircanovun Akif Çovdarovun təşkil etdiyi gizli həbsxanalar və müxtəlif cinayət əməllərində iştirakının olduğunu təxmin edir.
Mövzudan kənara çıxmadan qeyd edək ki, Roman Əmircanov hələ 1986-cı ildən bank sektorunda, 1991-ci ildən “Dəmirbank”ın İdarə Heyətinin sədr müavini, 1994-cü ildən İdarə Heyətinin sədri olsa da, onun qohumu Akif Çovdarovla “işbirliyi” son illərə təsadüf edib. Bu haqda əməkdaşımızı bilgiləndirən mənbə iddia edir ki, 2005-ci ildən bu yana R.Əmircanov istər A.Çovdarovun, istər də ona yaxın olan məmurların yüz milyonlarla dollar pulunun “yuyulmasında” yaxından iştirak edib. Əlbəttə, bu işdə Roman Əmircanov tək olmayıb. Bu pulların ölkədən çıxarılmasında “Dəmirbank”ın Müşahidə Şurasının əcnəbi üzvləri Andrey Vitak (Andrej Witak), Dik Snayders və Kurt Qeiqerin (Kurt Geiger) ayrı-ayrılıqda və müxtəli zamanlarda xüsusi rolları olub.
“Dəmirbank”ın əcnəbi “pulyuyanları”
Məlumat üçün bildirək ki, “Dəmirbank”ın Müşahidə Şurasının üzvü olan Andrey Vitak 1990-cı ildən bank sektorunda çalışır. 1997-ci ildən 2007-ci ilədək (Avropa Yenidənqurma və İnkişaf Bankı) AYİB-də Baş Bankir vəzifəsində fəaliyyət göstərib. 2007-ci ildən müxtəlif bankların Müşahidə Şurasında məsləhətçi kimi çalışır.
“Dəmirbank”ın Müşahidə Şurasının digər üzvü Dik Snayders əvvəllər Hollandiya İnkişaf Maliyyə Şirkətinin (FMO) Müşahidə Şurasının Sədri vəzifəsində işləyib. Hazırda SFP-nin Təqaüd Fondu Şurasının Sədri kimi fəaliyyət göstərir.
Müşahidə Şurasının üzvü Kurt Qeiqer 1971-ci ildə Avropa Kollecinə daxil olmaqla Beynəlxalq Maliyyə üzrə magistr dərəcəsinə layiq görülüb. O, alman, ingilis, ispan, fransız dillərində sərbəst danışır.
Kurt Qeiqer də “Çeyz Manhetten”, AYİB kimi böyük maliyyə təşkilatlarında yüksək vəzifələrdə çalışıb. 2009-cu ildən “Dəmirbank”ın Müşahidə Şurasının üzvüdür.

Niderlandlı “xəzinədar”

Mənbə bildirir ki, bu isimlər arasında niderlandlı Dik Snaydersin adı avropalı media nümayəndələrinə daha yaxşı tanışdır. Çünki o, özünün də qurulmasında iştirak etdiyi ofşor şirkətlər vasitəsilə Azərbaycan kimi ölkələrdən milyardlarla “çirkli pullar”ın çıxarılmasında “ustadır”. Təsadüfi deyil ki, onun bu fəaliyyəti ilə bağlı Avropanın nüfuzlu media orqanlarında dəfələrlə geniş araşdırma yazıları dərc olunub. Lakin Dik Snayders hər dəfə bu qaranlıq işlərin içərisindən də ustalıqla çıxmağı bacarıb.
Xatırladaq ki, Dik Snayders hələ “Dəmirbank”ın (keçmiş “Azərdəmiryolbank”-red.) Мüşahidə Şurasının üzvü kimi ölkəmizdə fəaliyyətə başlayanda onun qaranlıq əməlləri barədə mətbuat yazmışdı. Həmin vaxt Avropada daha çox məşhur “Liverpul” futbol klubunun xəzinədarı kimi tanınan Snaydersi, sonradan Azərbaycanda da “tanımağa” başladılar. Amma bu dəfə onu nə futbol azarkeşləri, nə də bank işçiləri tanıdı. Onu tanıyanlar daha çox xalqdan oğurladıqları yüz milyonlarla dolların ölkədən çıxarılmasında Dik Snaydersin xidmətindən yararlanan korrupsioner məmurlar oldu, hansı ki, bu zaman Akif Çovdarovla

Roman Əmircanovun qohumluq əlaqələri işə yaradı…

Qeyd edək ki, “Dəmirbank”ın Müşahidə Şurasının digər əcnəbi üzvləri Andrey Vitak və Kurt Qeiqerin fəaliyyəti heç də Dik Snaydersdən şəffaf olmayıb. Mənbə bildirir ki, hər iki əcnəbinin adı da öz ölkələrində, eləcə də Avropanın nüfuzlu mətbu orqanlarında “çirkli pullar”ın yuyulmasında hallanıb…
Bütün bunlar haqda yaxında geniş məlumat verəcəyik. Hələlik isə onu qeyd edək ki, mənbə A.Çovdarov vəzifədən azad ediləndən sonra R.Əmircanovun çox çətin vəziyyətə düşdüyünü deyir. Məlumata əsasən, o, həqiqətən də bir neçə gün işə gəlməyib və həmin müddətdə bağ evindən kənara çıxmayaraq, belə demək olarsa, həbs olunacağı tarixi gözləyib. Lakin sonradan yüksək vəzifəli məmurlardan biri onu qəbul edərək, bütün faktları açıqlamağın qarşılığında həbs olunmayacağına zəmanət verib…

Bəs, həmin məmur kimdir və onun Akif Çovdarovla nə kimi əlaqələri olub? Bu və digər sualların cavabını tezliklə biləcəksiniz. Bizi izləyin.

Püranə Piripudini